Xankəndi şəhərinin mərkəzi stadionu 1956-cı ildə Azərbaycanın büdcəsi hesabına inşa edilib. Hələ kompleksin inşası ərəfəsində bir sıra mübahisəli suallar ortaya çıxıb ki, onlardan biri də stadiona kimin adının verilməsi olub. Həmin dövrdə Dağlıq Qarabağ Muxtar vilayəti Partiya Komitəsinin birinci katibi Yeğişe Qriqoryan bütün subardinasiyaları pozaraq, birbaşa Moskvaya müraciət edib, stadiona Şaumyanın adıının verilməsi təşəbbüsünü irəli sürüb. Ancaq çox keçməmiş bu məsələyə birdəfəlik son qoyulub. Hələ SSRİ-də Stalinin nüfuzunun yüksək olduğu həmin günlərdə qərar qəbul olunub ki, Xankəndi stadionu İosif Stalinin adını daşıyacaq. Ancaq bu adın ömrü də uzun sürməyib. Nikita Xruşov tərəfindən Stalinlə bağlı şəxsiyyətə pərəstiş məsələsi qaldırılanda ermənilər bu fürsətdən səmərəli istifadə edərək, Xankəndinin mərkəzi stadionuna Şaumyanın adının verilməsinə nail olublar.
Azərbaycanın vəsaiti hesabına tikilsə də, Xankəndi stadionuna azərbaycanlı futbolçuların buraxılmasına maksimum dərəcədə maneçilik törədilib. Qeyd edək ki, Xankəndi şəhərində 1927-ci ildən “Dinamo Stepanakert” futbol klubu fəaliyyət göstərib. 1960-1989-cu illərdə komanda “Qarabağ” adını daşıyıb. Bütün bu illər ərzində komandanın heyətində cəmisi iki-üç nəfər azərbaycanlı oynayıb. Həmin oyunçular isə ittifaq və beynəlxalq turnirlərində əvəzedici qismində oyuna buraxılıblar.
Jurnalist İlham Cəmiloğlunun qələmə aldığı yazıda bir sıra məqamları “Olimpnews” saytı oxucularına təqdim edir. Yazıda qeyd olunur ki, keçmiş Dağlıq Qarabağ Muxtar vilayətində erməni əhalisinin sayını süni şəkildə artırmaq üçün vilayətin erməni rəhbərləri bütün vasitələrə əl atıblar. Xüsusilə Xankəndi şəhərində bu proses daha sürətlə gedib. SSRİ-nin ayrı-ayrı şəhərlərində ali təhsil alan, əslən Dağlıq Qarabağdan olmayan erməni məzunların təyinatları məqsədli şəkildə bu bölgəyə verilib. Zaman-zaman vilayətin fabrik və zavodlarında, elm, təhsil, mədəniyyət ocaqlarında və digər müəssisələrdə ermənilərin sayı kəskin şəkildə artıb. Millətçi ermənilər bu məsələni daim diqqətdə saxlayaraq, bütün sahələrin erməniləşdirilməsi üçün Ermənistandan xüsusi dəstək alıblar.
Bu fəaliyyətdə ermənilər vilayətin idman sahəsini də unutmayıblar. Xüsusilə idman növləri arasında daha populyar olan futbolda ciddi addımlar atmağa daha çox cəhd ediblər.
Bu məsələdə özünü “beynəlmiləlçi” göstərən, 1973-1988-ci illərdə vilayətin birinci katibi vəzifəsini daşıyan Boris Gevorkov daha böyük canfəşanlıq göstərib.
Erməni futbolçuların Xankəndiyə gəlişini məqsədi nə idi?
Belə ki, Boris Gevorkov gizli sövdələşmələr və böyük vədlər nəticəsində 1978-ci ildə isə “Qarabağ” komandasının heyətində ciddi dəyişikliklərə nail olub. Ermənistandan dəvət edilən bir neçə futbolçu komandanın əsas heyətinə daxil edilib. Onların arasında İrəvanın “Ararat” komandasının oyunçuları, SSRİ futbol məkanında tanınan beynəlxalq dərəcəli idman ustası Ovanes Zanazanyanın (o həm də komandanın məşqçisi təyin edilib) və idman ustası Suren Martirosyanın olması Xankəndinin erməni sakinləri üçün əlamətdar hadisəyə çevrilib. Bəli, Xankəndi şəhərinin Şaumyanın adını daşıyan mərkəzi stadionunda iki idman ustasının görünməsi Xankəndi tarixində yadda qalan hadisələrdən biri sayılıb.
Əslində, Ovanes Zanazanyanın və Suren Martirosyanın “Qarabağ” futbol komandasına gətirilməsinin əsas məqsədi heç də bu komandanın turnirlərdə liderlər sırasına çıxması ilə bağlı olmayıb. Bu tanınmış ermənilərin Xankəndi klubunda olması ilə millətçi ermənilər beynəlxalq və ittifaq miqyaslı turnirlərdə “Qarabağ” klubunun ermənilərə məxsus olduğunu sübut və nümayiş etdirmək istəyiblər.
Gevorkov erməni futbolçuları “Qarabağ”ın heyətinə gətirə bilsə də, istədiyi nəticələri əldə edə bilməyib.
Azərbaycanlıları şəhər qeydiyyatına salmayıblar
Əvvəlcə onu vurğulayaq ki, hər iki futbolçu Xankəndi şəhərinə gəldikdən sonra ailə üzvləri ilə birlikdə şəhər qeydiyyatına salınıb. (Qeyd etmək yerinə düşər ki, ətraf rayonlardan Xankəndinə şəhərinə gələn və bu şəhərdəki müəssisələrdə işləyən azərbaycanlıları şəhər qeydiyyatına salmayıblar) Gevorkovun tapşırığı ilə futbolçulara bütün şərait yaradılıb. Onlara şəhərin mərkəzində mənzil verilib. Həmçinin hər iki futbolçuya avtomobil də hədiyyə olunub. Yaradılmış bu şəraitə baxmayaraq, xüsusilə Zanazanyan birinci katibin etimadını doğrulda bilməyib.
Çox qısa müddətdə Zanazanyan Xankəndi şəhərində qatı millətçi kimi tanınıb. Bu, Xankəndi şəhərinə səfər edən Azərbaycanın digər futbol klubları ilə görüşlərdə özünü daha qabarıq büruzə verib. Zanazanyanın azərbaycanlı futbolçulara qarşı kobudluğu, kobud oyunu daha aydın hiss olunub. İdman etikasından uzaq olan Zanazanyan yaşıl meydançada futbolçudan daha çox küçə davaları yaradan şəxsi xatırladıb. Bu cür davranışa görə bir neçə dəfə Xankəndi stadionunda azərbaycanlı və erməni azarkeşlər arasında ciddi qarşıdurmalar yaranıb, hakimlər oyuna fasilə vermək qərarına məcbur olublar.
Bir xankəndili kimi onu da qeyd edim ki, Gevorkov bütün oyunları birbaşa stadiondan seyr edib və Zanazanyanın bütün kobudluqlarının canlı şahidi olub. Sözsüz ki, stadion insidentləri onsuz da xislətcə qorxaq olan Gevorkovu daha da qorxudub. Belə hadisələrə görə birinci katib Azərbaycan rəhbərliyi tərəfindən bir neçə dəfə xəbərdarlıq da alıb.
Digər bir tərəfdən özünü “əfsanəvi” futbolçu sayan Zanazanyan “Qarabağ”dakı erməni həmkarlarına da yuxarıdan aşağı baxmaqla vəziyyəti gərginləşdirib. Bu cür mənfi münasibətə əsas səbəb yerli erməni futbolçularının peşəkarlıq səviyyəsinin aşağı olması yox, millətçilikdə zəif olmaları olub. Ümumiyyətlə, sovet dövründə Ermənistanda yaşayan ermənilərin Qarabağ ermənilərinə qarşı olan münasibəti çox da müsbət olmayıb. Onlar bir çox Qarabağ ermənilərini “çönmüş ermənilər” adlandırıblar. Elə Zanazanyan da erməni həmkarlarına məhz belə bir münasibət bəsləyib.
Zanazanyanın “Qarabağ”da peyda olması futbol klubuna heç bir ciddi uğur gətirməyib. Əksinə, komandanın heyəti arasında konfliktlər yaranıb. İrəvan futbolçularına xüsusi güzəşt və imtiyazların verilməsi digər futbolçuların qıcıqlanmasına səbəb olub. Bu konfliktlərin daha dərin köklər salmaması üçün Gevorkov erməni “əfsanə”lərinə Dağlıq Qarabağı tərk etmək üçün lazımi “şərait” yaradıb və bir ildən sonra hər iki futbolçu “Qarabağ”ı və Dağlıq Qarabağı tərk etmək məcburiyyətində qalıblar.
Beləliklə, Boris Gevorkov Xankəndidəki yaşıl meydançada arzularını reallaşdıra bilməyib.