"Yuventus" "Bavariya"nın hücumçusu Tomas Mülleri transfer etməkdə maraqlıdır. “Sport Bild xəbər verir ki, “Qoca Sinyora” rəhbərliyi alman futbolçunun müqaviləsinin uzadılması ilə bağlı vəziyyəti diqqətlə izləyir. Əgər "Bavariya" fikrini dəyişsə, "Yuventus" hücumçunu azad agent kimi tez bir zamanda heyətinə cəlb edəcək.
Qeyd edək ki, 34 yaşlı futbolçu ilə "Mançester Yunayted", "İnter" və "Milan" da yaxından maraqlanır. Müller 16 ildir (2007-ci ildən) “Bavariya”da oynayır. Bu mövsüm forvard Münhenlilərin heyətində bütün turnirlərdə 15 oyun keçirib, iki qol vurub və beş məhsuldar ötürmə edib. Futbolçunun alman klubu ilə müqaviləsi 2024-cü ilin iyunun sonuna kimi qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 12 milyon avrodur.