İdman dırmanması üzrə açıq respublika çempionatı başa çatıb
"ClimBaku” idman dırmanması mərkəzində idman dırmanması üzrə açıq respublika çempionatı keçirilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) birgə təşkilatçılığı ilə keçirilən yarışda FAİREX-in "Salavat”, "Ekstralife”, "Şahdağ”, "Zirvə”, "Qaya Qartalları”, "Ekosport”, "Climber”, "Gənclik”, "AMEAST”, "Qərb Universiteti”, "Tanrıdağ”, "Gəncə”, "İrəli”, "Rockstone”, "Blackstone”, "Şəki”, "Kəpəz”, "Kyanit”, "Qafqaz” "FHN Ekstremal”, "Bakcell” və digər idman klubları ilə yanaşı, İran İslam Respublikasından olan idmançılar da iştirak ediblər.
Yerli və xarici idmançıların qatıldığı çempionat kişilər və qadınlar arasında boulderinq, çətinlik və sürət növləri üzrə üç mərhələdə (təsnifat, yarımfinal, final) keçirilib. Sürət mərhələsi üzrə kişilər arasında yarışlarda Çingiz Tağızadə ("Ekosport”) birinci, Ramel Rəhimxanov ("Salavat”) ikinci, Yamil Siraclı (Şəki) üçüncü olub. Qadınlar arasında Reyhan Məmmədova ("Ekosport”) qızıl, Aysel Sultanova ("Ekosport”) gümüş, Sima Səfərova (Qərb Universiteti) bürünc medala layiq görülüb. Çətinlik mərhələsi üzrə yarışlarda kişilər arasında Hossein Famil Rohani (İran İslam Respublikası) və Hossein Sadeqhimahani (İran İslam Respublikası), müvafiq olaraq, birinci və ikinci yerləri bölüşdürüblər. Vahid Bayramov (Qərb Universiteti) üçüncülüklə kifayətlənib. Bu növ üzrə qadınların yarışında Könül Hüseynova ("Kyanit”) qalib adını qazanıb. Elmira Ghorbanzade (İran İslam Respublikası) ikinci pillədə qərarlaşıb. Diana Hanina ("Black Stone”) üçüncülüklə kifayətlənib.
Boulderinq mərhələsi üzrə kişilər arasında Çingiz Tağızadə ("Ekosport”) güclü olduğunu bir daha sübuta yetirib. Vahid Bayramov (Qərb Universiteti) bu mərhələdə ikinci, Babək İbadov ("Ekosport”) üçüncü olub. Bu növ üzrə qadınlar arasında yarışda Aysel Sultanova ("Ekosport”) bütün rəqiblərindən üstün olub. Könül Hüseynova ("Kyanit”) və Reyhan Məmmədova ("Ekosport”) müvafiq olaraq, ikinci və üçüncü pillələrdə qərarlaşıblar.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomu, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən isə medal və sertifikatlar təqdim olunub.