Bu gün səhər saat 06:30 radələrində Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşüb. Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.
Qəzada 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan nümayəndə heyətində PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, icraçı direktor Zaur Hacıməhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev olub.
Qəzadan sonra yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir. Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.
Qeyd edək ki, PFL rəhbərliyi Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndi şəhərində baş tutacaq "Qarabağ" - MOİK matçı ilə bağlı stadionunun son durumuyla tanış olmaq üçün sözügedən şəhərə səfər edirdi.