Dünya və Avropa çempionatlarında fərqlənən şahmatçılarımız mükafatlandırılıblar

Dünya və Avropa çempionatlarında fərqlənən şahmatçılarımız mükafatlandırılıblar

Dünya və Avropa çempionatlarında yer tutan şahmatçıların mükafatlandırma mərasimi keçirilib. Tədbirdə əvvəlcə şahmatçıların cari ildə qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov dəstəyə görə Gənclər və İdman Nazirliyinə təşəkkür edib. O, 2023-cü ilin federasiya üçün olduqca məhsuldar keçdiyini vurğulayıb. O, Azərbaycanda baş tutan Dünya Kubokunda Nicat Abasovun qazandığı nailiyyətin hələ də əks-səda doğurmasından bəhs edib. AŞF prezidenti Monteneqroda keçirilmiş Avropa çempionatında ikinci yerə layiq görülən qadın şahmatçıları təbrik edib.

Gənclər və idman naziri Fərid Qayıbov ölkədə keçirilən şahmat tədbirlərinin Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı ilə əlaqəli olduğunu vurğulayıb. Nazir uğurlarla zəngin bir ili geridə qoyan şahmatın Azərbaycanda bu dərəcədə populyar olması və sevilməsinin qürurverici hal olduğunu söyləyib. F. Qayıbov qarşıdan gələn Yeni il və Həmrəylik Günü münasibətilə Azərbaycan xalqına təbrikini çatdırıb.

Daha sonra Azərbaycan şahmatçıları Günay Məmmədzadə ilə Nicat Abasov ölkə və federasiya rəhbərliyinə idmançılara yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov ölkədə şahmat sahəsində canlanmanın müşahidə olunduğunu deyib və 2023-cü ildə nailiyyət qazanan bütün şahmatçılara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Daha sonra Azərbaycan şahmatçıları Səadət Bəşirli, Xəzər Babazadə, Read Səmədov, Mehriban Əhmədli, Məhəmməd Kazımzadə, Xaqan Əhməd, Rüstəm Rüstəmov, Ayan Allahverdiyeva, Məhəmməd Muradlı və onların məşqçiləri səhnəyə dəvət olunaraq mükafatlandırılıblar.

Mükafatları Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, AŞF prezident Mahir Məmmədov və AŞF-nin vitse-prezidenti Faiq Həsənov təqdim ediblər.

Ardınca gənclər və idman naziri Fərid Qayıbov Avropa çempionatında gümüş medal qazanan Gövhər Beydullayeva, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Gülnar Məmmədovaya diplom və medallar verib.