Azərbaycan Kubokunun 1/8 final mərhələsi Xankəndi şəhər stadionunda “Qarabağ” – MOİK komandaları arasında keçirilib.
Belə ki, işğaldan azad olunmuş Xankəndi şəhərində 30 ildən sonra ilk dəfə olaraq 21 dekabr 2023-cü ildə tarixi futbol matçının start fiti səslənib.
Tarixi hadisə olan rəsmi oyunu paytaxt Bakıdan və digər bölgələrdən də xeyli sayda insan, o cümlədən idman ictimaiyyətinin nümayəndələri izləməyə gəlib.
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tarixi futbol oyununun açılış mərasimində çıxış edib və sonra arenaya daxil olaraq meydanın mərkəzindən ilk zərbə ilə topu oyuna daxil edib.
Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftaxetdinova, MOK-un baş katibi Azər Əliyev də tarixi futbol matçını izləyənlər arasında olublar.
Arenaya toplaşan azarkeşlər komandaların oyununu əllərində Azərbaycan bayrağını dalğalandıraraq izləyiblər. Stadionun tribunalarından birinə isə “Qarabağ Azərbaycandır!” sözləri həkk olunub.
Futbol matçı "Qarabağ" komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xankəndi şəhər stadionunda 30 illik fasilədən sonra tarixi futbol oyunu keçirilib