Dekabrın 21-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) akt zalında Azərbaycan Autizm Assosiasiyasının 10 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
Dövlət və hökumət nümayəndələri, parlament üzvləri, idman ictimaiyyətinin nümayəndələrinin və autizmli uşaqların ailə üzvlərinin iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Autizm Assosiasiyasının 10 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunduqdan sonra assosiasiyanın prezidenti, millət vəkili Jalə Əhmədova çıxış edib. Tədbir iştirakçılarını salamlayan Jalə xanım iki ildir ki, üzvü olduğu assosiasiyanın bu günə qədər böyük işlər gördüyünü diqqətə çatdırıb. Bildirib ki, dövlətimiz, xüsusən də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan Autizm Assosiasiyasına böyük dəstək olur. Autizm xəstəlik deyil, fərqlilikdir deyən Jalə Əhmədova, cəmiyyətin bu şəxslərə yanaşamasında xüsusi həssaslıq göstərməli olduğunu da xüsusi vurğulayıb. “Bu gün onların yanında olmağımız bu insanlara çox böyük mənəvi dəstəkdir. Hesab edirəm ki, bu, maddi dəstəkdən də üstündür. Əsas məqsədimiz ondan ibarətdir ki, həssas kateqoriyada olan bu insanlara və ailələrə dəstək olaq, onların cəmiyyətə inteqrasiyasına nail olaq”, - deyə Jalə Əhmədova bildirib.
Millət vəkili Vüqar İskəndərov isəautizmli uşaqların və ailələrin həssas qrup olduğunu və cəmiyyətin xüsusi diqqətini tələb etdiyini bildirib. O, Autizm Assosasiyasının 10 yaşı tamam olması münasibəti ilə təbrik edərək bu illər ərzində böyük işlər görüldüyünü diqqətə çatdırıb. V.İskəndərov Jalə Əhmədovanın rəhbərliyi altında assosiasiyanın daha da inkişaf edəcəyinə inandığını bildirib.
ADBTİA-nın rektoru Fuad Hacıyev çıxışında akademiyanın həyata keçirdiyi layihələrdən danışaraq, bədən tərbiyəsi və idmanla məşğul olmağın autizmli uşaqlar üçün çox vacib olduğunu qeyd edib. Rektor autizmli uşaqların idman vasitəsi ilə qismən də olsa sağlamlığa doğru addım atdığını vurğulayıb.
Millət vəkili Nigar Arpadarai də çıxış edərək inkluziv cəmiyyətin quruculuğunun tək dövlətə bağlı olmadığını, bu sahədə cəmiyyətin hər bir üzvünün, xüsusilə də özəl sektorun fəaliyyətinin çox önəmli olduğunu qeyd edib. Millət vəkili bu sahədə dövlət tərəfindən işlər görüldüyünü qeyd edərək, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərilməsinin dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu bildirib.
Sonra çıxış edən millət vəkili Sevinc Fətəliyeva isə Avropa Şurasının Sosial Komitəsi çərçivəsində autizmlə bağlı məruzə hazırladığını, bununla bağlı kifayət qədər araşdırmalar apardığını qeyd edib. O, bu sahədə cəmiyyətin maarifləndirilməsinə də böyük ehtiyac olduğunu bildirib.
Tədbirdə çıxış edən digər millət vəkilləri Sevil Mikayılova, Arzu Nağıyev, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Raqif Abbasov, xeyriyyəçi Hacı Nuran Hüseynov, Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova və digər qonaqlar autizm sindromlu şəxslərə diqqət və qayğını artırmaq üçün belə tədbirlərin ardıcıl və getdikcə daha əhatəli xarakter almasının əhəmiyyətini vurğulayıblar.
Sonda çıxış edən Azərbaycan Autizm Assosiasiyasının baş katibi Elnur Məmmədli tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirib. O, çıxışında 10 il ərzində çətin yol keçdiklərini, bundan sonra da əsas məqsədlərinin autizm sindromundan əziyyət çəkən şəxslərə diqqət və qayğı göstərərək onların cəmiyyətə inteqrasiya olunmasına nail olmaqdan ibarət olduğunu qeyd edib.
Tədbir zamanı 2023-cü ildə fərqlənən autizm mərkəzlərinə, idman klublarına, təlimçilərə diplomlar təqdim olunub. Həmçinin yarışlarda mükafat qazanan autizmli idmançılara da hədiyyələr verilib. Rəsmi hissənin ardınca tədbir bəddi hissə ilə davam edib. İncəsənət nümayəndələrinin iştirakı autizmli uşaqların böyük sevincinə səbəb olub.