Super-liqanın üzvləri gümüş medal qazanıblar
Qadın voleybolçular arasında Yaponiyada keçirilən "Grand Champions Cup” yarışına yekun vurulub. Qitə çempionlarının iştirakı ilə təşkil olunan yarışın qalibi adına Braziliya millisi layiq görülüb. "Sambaçılar” ABŞ millisini 5 xal qabaqlamaqla çempion tituluna yiyələniblər - 15 xal. Məlumat üçün bildirək ki, ABŞ yığmasında Azərbaycan Super-liqasında mübarizə aparan voleybolçular yer alıb. Belə ki, "Lokomotiv”in oyunçusu Lauren Gibbemeyer, "Rabitə”də qüvvəsini sınayan Kayla Banvart və Kersti Cekson komandasının qalib gəlməsi üçün əlindən gələni əsirgəməyib. Bürünc medallara isə Yaponiya millisi sahib çıxıb. Növbəti pillələrdə isə, müvafiq olaraq, Rusiya, Tailand (hər ikisi 4 xal) və Dominikan Respublikası (3) qərarlaşıb. Turnirin simvolik yığmasına ölkə çempionatımızda çıxış edən voleybolçular da daxil olub. Bunlar "İqtisadçı”nın tailandlı oyunçuları Onuma Sittirak və Pleumjit Zinkaovdur.
Qeyd edək ki, Sittirak həm də "Grand Champions Cup”ın ən çox fərqlənən voleybolçusu adını qazanıb. Super Liqanın gümüş medalçısı 5 matçda 100 xal toplayıb.