Azərbaycanda Beynəlxalq Alpinizm və Qayayadırmanma Federasiyasının (UIAA) Gənclər komissiyasının toplantısı keçirilib. Federasiyadan olimpnews.az-a daxil olan məlumata görə, görüş Azərbaycanın gözəl guşələrindən biri olan Qusar rayonunda - Şahdağ kompleksində təşkil edilib.Azərbaycan, İsveçrə, Böyük Britaniya, İtaliya, Almaniya, Ukrayna, Rusiya, Makedoniya və Monqolustanın alpinizm federasiyalarının nümayəndələri 2013-cü ilə yekun vurublar. Toplantı 2012-ci ilin oktyabrında Gənclər komissiyasının rəhbəri vəzifəsinə seçilən Azərbaycan Alpinizm Federasiyasının(AAF) prezidenti İsrafil Aşurlının rəhbərliyi altında baş tutub.Yola saldığımız 2013-cü ildə Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Idman Federasiyalarının Assosiasiyası (ARISF), müxtəlif ölkələrin milli federasiya və klubları ilə əməkdaşlıq çərçivəsində Fransa və İtaliyada 4 beynəlxalq düşərgə, İsveçrədə gənclər arasında buzadırmanma üzrə ilk dünya çempionatı, Rusiya, Makedoniya və Monqolustanda qayayadırmanma üzrə festivallar, Ağrıdağ (Türkiyə), Kazbek (Gürcüstan) və Olimp (Yunanıstan) kimi dağlara beynəlxalq ekskursiya, və həmçinin İbn Sina (keçmiş Lenin) zirvəsinə ilk beynəlxalq gənclər ekspedisiyası təşkil olunub. Maraqlıdır ki, 2013-cü il ərzində təşkil edilən tədbirlərdə 24 ölkədən gələn 240-dan artıq idmançı iştirak edib.Qusardakı toplantı zamanı həm də komissiyanın kadr dəyişiklikləri və 2014-cü il üçün məqsədləri təsdiq olunub. Komissiya cari ilin sonunadək 2014-cü il üçün tədbir təqvimini hazırlayıb təsdiq etməlidir.Toplantının səhərisi günü qonaqların bölgə ilə yaxından tanışlığı olub. Qonaqlar regionda analoqu olmayan müasir istirahət zonası ilə tanış olduqdan sonra Laza kəndinə gedərək bu dağ kəndinin təbiəti və gözəlliyi ilə yaxından tanış olublar.