Super-liqanın təqvimində dəyişikliklər olub
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 3-5-ci turlarının oyunlarının keçirilmə günləri və başlanma saatları açıqlanıb. Həmişə bir gün ərzində baş tutan tur bu dəfə fərqli tarixlərdə keçiriləcək.
Həmçinin, həmin 3 turun hərəsində 1 qarşılaşma təxirə salınıb və başlanma günü haqda dəqiq məlumat yoxdur. Çempionatın II turu noyabrın 23-də keçiriləcək. Voleybol Mərkəzində keçiriləcək oyunda ilk olaraq meydana "Telekom”la "Lokomotiv” komandaları çıxacaq. Ardınca "Azərreyl” və "İqtisadçı” münasibətlərinə aydınlıq gətirəcək. Tura isə Azərbaycan derbisi - "Rabitə” - "Azəryol” matçı ilə yekun vurulacaq. Bu oyunda hansı komandanın qalib gələcəyi voleybolsevərlər tərəfindən maraqla gözlənilir. Çünki, hər iki komanda güclü voleybolçuların keçidini təşkil edərək heyətlərini gücləndiriblər. Bundan əlavə bu oyuna çoxlu sayda azarkeşin gəldiyini də nəzərə alsaq qarşılaşmanın maraqlı keçəcəyi gözlənilir.
Noyabrın 25-də isə III turun oyunları keçiriləcək. Əvvəlcə meydana "Azəryol” - "Telekom” komandaları çıxacaq. Bu görüşdən sonra "Lokomotiv” komandası "Azərreyl” klubunu qəbul edəcək. Günün son oyununda isə "Telekom” "Azərreyl” klubunu sınağa çəkəcək. Dekabrın 7-də isə IV tur çərçivəsində bir oyun keçirələcək. Telekom” "Azərreyl” klubu ilə qarşılaşacaq. Bir gün sonra isə çempionatın lideri "Rabitə” isə "Lokomotiv” klubunun gücünü yoxlayacaq. Dekabrın 14-də "İqtisadçı” klubu "Telekom”la üz-üzə gələcək. Bu görüşdən bir gün sonra "Lokomotiv” "Azəryol”la münasibətlərinə aydınlıq gətirəcək.
Məlumat üçün bildirək ki, buna qədər bir tur keçirilib. Belə ki, birinci turda 3 görüş oynanılıb. 2013/2014-cü illər mövsümünün açılış matçında son illərin dəyişməz çempionu "Rabitə” "Telekom”la üz-üzə gəlib. Angiolino Frigoninin başçılıq etdiyi komandanın asan qələbə qazanacağını qabaqcadan düşünmək olardı. Çünki, "rabitəçilər” rəqibinə nisbətən güclü təsir bağışlayır. Deyilən proqnozlar özünü doğruldub. Oyun "Rabitə”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu oyundan sonra "Azəryol” "Azərreyl”i qəbul edib. Meydan sahiblərinin də asanlıqla ilk qələbəsini qazanacağını əvvəlcədən proqnozlaşdırmaq olardı. Lakin bu belə olmayıb. Belə ki, "dəmiryolçular” "Azərreyl”in müqaviməti ilə üzləşib. Bunun məntiqi nəticəsi kimi, rəqib meydan sahiblərini birinci hissədə məğlubiyyətə uğradıb. İkinci hissədə isə "Azəryol” qələbə qazanıb. Üçüncü hissə isə daha maraqlı keçib. Belə ki, xala-xal prinsipi ilə gedən oyunda sevinən tərəf yenə "Azəryol” olub. Dördüncü hissədə isə "Azərreyl” hissələrin sayını bərabərləşdirib. Qalib müəyyən etmək üçün komandalar tay-brekdə qüvvələrini sınamalı olublar. Burada isə meydan sahibləri inamlı mübarizə apararaq qələbə qazanıb. Turun son görüşü isə ilk 2 matçla müqayisədə daha maraqlı olub. Çünki, həmin qarşılaşmada "İqtisadçı” "Lokomotiv”lə gücünü yoxlayıb. Düzdür, universitet komandası rəqibi ilə müqayisədə güclüdür, lakin "dəmiryolçuların” da ciddi müqavimət göstərəcəyini gözləmək olardı. Gərgin keçən oyunun sonunda sevinən tərəf universitet komandası olub.
I dövrə
25 noyabr
III tur
16:00. "Azəryol” - "Telekom”
30 noyabr
18:00. "Lokomotiv” - "Azərreyl”
7 dekabr
IV tur
17:00. "Telekom” - "Azərreyl”
8 dekabr
17:00. "Rabitə” - "Lokomotiv”
14 dekabr
V tur
17:00. "İqtisadçı” - "Telekom”
15 dekabr
17:00. "Lokomotiv” - "Azəryol”