Azərbaycanlı jurnalist Rasim Mövsümzadə FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatı üçün Argentina millisinin üzvü Lionel Messiyə səs verməsinə aydınlıq gətirib.
O, bu barədə açıqlamasında Qətərdəki dünya çempionatının nəticələrə təsir etdiyini bildirib: "Çoxları bilmir, ona görə məlumat verim ki, mükafatlandırma mərasimi 2024-cü ilin yanvarında keçirilsə də, sorğu 2022-ci ilin dekabrından 2023-cü ilin oktyabrına qədər olan dövrü əhatə edib. Yəni bir növ 2022/23 mövsümünün ən yaxşısı müəyyənləşmiş kimi olub. Ona görə də Lionel Messinin Qətər mundialındakı çempionluğu da ümumi nəticələrə təsir göstərib. Ondan sonra ABŞ-də ardıcıl 7 oyunda fərqlənməklə o qədər də güclü olmayan “İnter Mayami” klubuna Liqa kubokunu qazandırması da yaddan çıxmayıb. Argentinanın DÇ-2026-nın seçmə mərhələsində liderliyi də məhz onun sayəsindədir".
Media nümayəndəsi Messinin çıxdığı hər matçda “ən yaxşı” seçilməyi bacardığını sözlərinə əlavə edib: "2023-cü ildə həmçinin “Qızıl top” və “Dünyanın Ən Yaxşı İdmançısı” (Laureus) mükafatlarını da qazanıb. Norveçli Erlinq Holanna gəlincə, düzdür, məhsuldar mövsüm keçirib, həm “Mançester Siti” ilə, həm də fərdi bir çox titullar qazanıb. Amma fikrimcə, onun ötən Çempionlar Liqasının yarımfinal və final qarşılaşmalarında sönük oyun göstərib qol vura bilməməsi, üstəlik, Norveç millisinin AVRO-2024-dən kənarda qalması seçimə təsir göstərib".