1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi Azərbaycan xalqının öz azadlığı və suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Odur ki, xalqımız 34 il əvvəl baş verən hadisələri təkcə ağrı-acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlayır.
1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşmişdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz “yenidənqurma” siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu.
Respublikada son həddə qədər gərginləşmiş vəziyyəti SSRİ Ali Soveti Rəyasət heyətinin «Dağlıq Qarabağ və bəzi digər rayonlarda fövqəladə vəziyyət elan olunması» haqqında 15 yanvar 1990-cı il tarixli fərmanı, xüsusilə həmin fərmanın Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinə Bakı və Gəncədə komendant saatı tətbiq edilməsini tövsiyə edən VII bəndi daha da kəskinləşdirdi. Respublika əhalisi hamılıqla həmin fərmanı ədalətsiz, ermənipərəst bir akt kimi qiymətləndirirdi.
Yanvarın 17-də Azərbaycan KP MK-nın binası qarşısında Ali Sovetin fövqəladə sessiyasını çağırmaq və respublika rəhbərliyinin istefası tələbi ilə fasiləsiz mitinq başladı.
Yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisini əmin edirdilər ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməyəcək və belə tədbir nəzərdə tutulmayıb. Ancaq xalqımız aldadılırdı. Çünki bu vaxt əlavə sovet hərbi birləşmələrinin Bakıya yeridilməsi başa çatmaqda idi.
Moskva xalqın gözündə özünü tamamilə rüsvay etmiş yerli oyuncaq rejimi xilas etmək üçün son tədbirə - silahlı qüvvə tətbiqinə əl atdı. SSRİ Ali Sovetinin Rəyasət heyəti Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında M.S.Qorbaçov tərəfindən imzalanmış fərmanı qəbul etdi. Məlum olduğu kimi həmin fərman çoxdan hazırlanmış cinayətin ən vəhşi şəkildə həyata keçirilməsinə formal əsasdan başqa bir şey deyildi.
Yanvarın 19-dan 20-nə keçən gecə rus qoşunları əhalini xəbərdar etmədən Bakı üzərinə hücuma keçdilər. Xalqımızı aldatdılar, qanına qəltan elədilər. Əvvəlcədən düşünülmüş ssenari üzrə igid cavanlarımızı, ana-bacılarımızı, hətta körpələrimizi də qırdılar. Televiziya qurğuları dağıdıldı, radionun səsi kəsildi. Şəhərin “əməliyyat” aparılacaq masssivlərində elektrik xətlərini iflic etdilər ki, xəbərdarlıq etmədən əliyalın, dinc əhaliyə divan tutsunlar, bəd əməllərini görən olmasın, istədiklərini edə bilsinlər.
Bakıda fövqəladə vəziyyət barədə fərman “Zaman” proqramında elan olunmalı idi. Amma televiziyanın enerji blokunun partladılması buna imkan vermədi. Bakı əhalisi şəhərdə fövqəladə vəziyyət elan olunduğunu ancaq səhər saat 6-ya qədər yüzlərlə adamın qanı axandan sonra bildi. Qanlı yanvar günlərində xalqımız öz yolunu müəyyənləşdirdi, qanı axa-axa, hər cür məhrumiyyətlərə sinə gərərək azadlığa doğru addımladı. Bu yolda 744 nəfər yaralandı, 131 nəfər şəhid oldu. 400 nəfər həbs olunub, 4 nəfər itkin düşüb. Onlar doğma vətənimizin azadlığına və müstəqilliyinə qənim kəsilən sovet rəhbərliyinə etiraz etmək üçün küçələrə çıxmışdılar. Bu insanların heç biri silahlı deyildi. Xalqımız əliyalın halda öz etirazını bildirirdi.
O zaman Moskvada yaşayan ümummilli lider Heydər Əliyev heç bir təhlükəyə baxmayaraq, heç nədən çəkinməyərək yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi. Burada mətbuat konfransı keçirən Heydər Əliyev, başda Qorbaçov olmaqla, Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Xalqımızın böyük oğlu bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi.
Dahi şəxsiyyət xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi və 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Ümummilli lider 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirdi. Təkcə onu demək kifayətdir ki, Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin Sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu.
Bakıda Vətən şəhidlərinə böyük ehtiramla xatirə kompleksi ucaldıldı. Şəhidlər Xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi.
Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli Fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib. 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə verilən aylıq müavinətin artırılması bir daha sübut edir ki, vətənimizin müstəqilliyi uğrunda canından keçənlər heç vaxt unudulmur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi səviyyəsinin yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha aydın göstərir.
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.
Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı Sərəncamı vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsidir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurulub, abadlaşdırılıb.
20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının yaxınlığında xatirə kompleksinin yaradılması oldu.
Prezident İlham Əliyevin tapşırığı ilə 2009-cu ilin oktyabrında inşasına başlanılan memorial abidə kompleksinin açılış mərasimi 2010-cu il yanvarın 20-də həyata keçirildi.
Xalqımızın tarixində faciəli günlər yetərincədir. Əsrlər boyu yadelli düşmənlərin göz dikdiyi Vətənimiz işğallara və təcavüzlərə məruz qalıb. Lakin qəhrəman Azərbaycan xalqı buna baxmayaraq qürur və mətinliyini əldən verməyib.
İllər keçəcək, nəsillər dəyişəcək, amma tarix unudulmayacaq. Heç bir azərbaycanlı başımıza gətirilən faciələri unutmayacaq.
Artıq bu gün şanlı tariximizdə yeni bir səhifə, yeni bir tarix yazılıb.
28 ildən sonra Azərbaycan öz tarixi torpaqlarını geri aldı. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusu dünyaya sübut etdi ki, bu torpaqların əsl sahibi elə bu torpaqlarda da yaşamalıdır.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş tarixi zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı.
Cənab prezident mötəbər kürsülərdə çıxış edərək, Qarabağın Azərbaycan torpağı olduğunu dünya dövlətlərinin və cəmiyyətlərinin diqqətinə çatdırdı. Düşmən təkcə hərb meydanında deyil, siyasi arenada da məğlubiyyətə uğradı.
Bu, cənab Prezidentin XXI əsr dünya siyasətində möhtəşəm bir qələbəsidir. Ölkə başçısının yürütdüyü uzaqgörən siyasət, xalqımızın rifahının yüksəldilməsinə göstərdiyi diqqət və qayğı sayəsində biz böyük zəfər qazandıq. Hər birimiz Azərbaycana bütövlük, xalqımıza xoşbəxtlik bəxş etdiyinizə görə Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.
Artıq Qarabağ azaddır. İllərdən bəri əsarətdə qalan torpaqlarımız, Qarabağın tacı olan Şuşa, Xankəndi bizimdir. Qarabağ Azərbaycandır!
Biz inanırıq ki, tezliklə həmin torpaqlar ən inkişaf etmiş bölgəyə çevriləcək. Xalqımız cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya inanır, bu işdə daim onları dəstəkləyir.
Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru, professor