Voleybol üzrə Rusiya çempionatında növbəti turun oyunları keçirilib. Azərbaycan milli komandasının üzvü Nataliya Məmmədovanın şərəfini qoruduğu "Omiçka" klubu bu turda Moskva "Dinamo"sunın qonağı olub.
Ardıcıl olaraq birinci və ikinci hissələrdə meydan sahibləri qalib gəliblər. Arxayınçılığın "qurbanı olan” Moskva təmsilçisi növbəti hissələrdə məğlub olub. Belə ki, Məmmədovanın komandası növbəti hissələri qələbə ilə bitirərək tay-brekdə mübarizə aparmaq imkanı qazanıb. Lakin meydan sahibləri, qonaqların bütün cəhdlərinə baxmayaraq, qələbəni əldən verməyiblər. Qalib gələn "Dinamo" klubu aktivinə növbəti xalları əlavə edib. Həmyerlimiz isə, komandasının məğlub olmasına baxmayaraq, oyunun ən yaxşı voleybolçusu seçilib. O, bu görüşdə 32 dəfə fərqlənib. Oyundan sonra meydan sahiblərinin baş məşqçisi qarşılaşma ilə bağlı fikirlərini bildirib: "Yetirmələrimə daha çox rəqibin heyətində Nelli Alişeva ilə Natalya Məmmədovaya daha çox nəzarət etmələrini tapşırmışdım. Çünki bu iki voleybolçu istənilən halda komandamızın qələbə qazanmasına təhlükə yarada bilərdi. "Dinamo” inamlı çıxış edib qələbə qazandı”.
Qeyd edək ki, 16-cı turdan sonra aktivində 27 xalı olan "Omiçka" klubu 6-cı pillədəki yerini qoruyub.
"Dinamo" (Moskva) - "Omiçka" - 3:2 (26:24, 25:23, 17:25, 18:25, 15:12)
"Dinamo" (Krasnodar) - "Zareçe-Odinovo" - 3:0 (25:19, 25:15, 25:18)
"Severstal" - Uraloçka-NTMK - 2:3 (25:27, 27:25, 25:20, 24:26, 15:17)
"Dinamo" (Kazan) - "Yenisey" - 3:0 (25:10, 25:15, 25:23)
"Tümen" - "Proton" - 3:0 (25:18, 25:23, 25:16)
16-cı turdan sonra turnir cədvəli
1. Dinamo (Kazan) - 42 xal
2. Dinamo (Moskva) - 36 xal
3. Zareçye-Odinovo - 33 xal
4. Dinamo (Krasnodar) - 32 xal
5. Uraloçka (Yekaterinburq) - 32 xal
6. Omiçka (Omsk) - 27 xal