Qadın voleybolçulardan ibarət Estoniya millisinin baş məşqçisi Peeter Vantra dünya çempionatının seçmə mərhələsindən əvvəl fikirlərini açıqlayıb. 2009-cu ildən milliyə baş məşqçilik edən mütəxəssis Bakıda keçiriləcək oyunlara öyrənmək üçün gəldiklərini etiraf edib. Belə ki, J qrupunda Azərbaycan, Serbiya və İsrailə rəqib olan Vantra yığmamızı ciddi rəqib sayır: "Qrupumuz kifayət qədər güclüdür. Azərbaycan yığması çox yüksək səviyyəli komandadır. Düzdür, onlar son Avropa çempionatında uğursuz çıxış edərək, qruplarında sonuncu yeri tutublar. İsrail seçmə mərhələdən qrupumuza düşüb. Serbiya millisinə gəlincə, onları dünyanın 7-ci komandasıdır. Avropada Rusiyanı izləyirlər. Bakıda məqsədimiz qrup görüşlərində mümkün qədər yaxşı oynamağa çalışmaq və gələcək üçün rəqibdən nəsə öyrənməkdir”.
Qeyd edək ki, yığmamız Estoniya voleybolçuları ilə gələn il yanvarın 4-də oynayacaqlar.