Rəngli kağıza həkk olmuş ağ-qara sətirlər

Rəngli kağıza həkk olmuş ağ-qara sətirlər

Küləklər şəhərindən başlayıb, bəyaz gecələrdə bitən ömür

 

Böyük arzular üçün insan ömrü çox qısadır. İnsanın arzuları onun daxili aləminin təcəssümüdür. İnsan Tanrı tərəfindən ona verilən ömür payını elə xərcləməlidir ki, həyatdan köçəndə yoxluğunu hamı hiss etsin, yeri görünsün. Gördüyü işlər və həyatda tutduğu yer daim xatırlansın. Fiziki cəhətdən həyatla vidalaşsa belə, xatirələr tanışların və yaxınların yaddaşından, təsəvvürlərindən silinməsin. Hərdən bir nəfər haqqında xoş söz ünvanlayanda deyirik: “Adınla yaşa!”. Bu oçerki həsr etdiyimiz qəhrəmanımız “adı ilə yaşayan” idmançılarımızdan biri olub. O, bu dünyanı fiziki cəhətdən tərk etsə də, adı və idmanda əldə etdiyi uğurları ilə daim xatirələrdə yaşayır.

Şöhrətli Azərbaycan idmanından təsəvvürü olan çox az adam tapılar ki, Vera Lantratovanı tanımasın. Bu xanım Azərbaycan idmanını dünya miqyasında tanıtdıran və idmanımızın tarixinə adını əbədi olaraq qızıl hərflərlə yazdıran voleybolçularımızdan biri olub. Onun tərcümeyi-halına, daha doğrusu idmançı karyerasına nəzər salanda görürük ki, o, doğrudan da böyük nailiyyətlərə yiyələnib. Tanımayanlar üçün bildirək ki, Vera Lantratova Stefanovna 1947-ci il may ayının 11-də Bakı şəhərində anadan olub. Voleybolda ilk addımlarını “Lokomotiv” İdman Cəmiyyətində atıb. Ona bu dəstəyi verən tanınmış mütəxəssislərdən biri, SSRİ-nin Əməkdar məşqçisi Şamil Şamxalov olub. O, “Lokomotiv”dən sonra “Neftçi” komandasının uğurları üçün çalışıb. Yüksək bacarığı və istedadı yığma komandanın məşqçilər heyətinin də diqqətindən yayınmayıb. Elə buna görə də onu yığma komandanın tərkibinə dəvət ediblər. Həmin dövrün tanınmış baş məşqçilərindən biri olan SSRİ-nin Əməkdar məşqçisi Qivi Axvelidianinin rəhbərliyi ilə milli komandada çıxış edib. Həmin dövrdə, güclü voleybolçularla rəqabətdə üstün olan Vera üçün bu komandada oynamaq böyük nəticə idi. O, dəvət aldığı SSRİ yığma komandasında Azərbaycanı təmsil edən yeganə voleybolçu deyildi. Millinin heyətində həmin vaxta qədər Tokio Olimpiadasının gümüş mükafatçısı, dünya və Avropa çempionu, bakılı “Xəzər fırtınası” adlandırılan İnna Rıskal da var idi. Rıskalın çıxış etdiyi komandanın 1964-cü ildə Tokioda əldə etdiyi gümüş mükafat imkan verdi ki, onlar dörd il sonra okeanın o tayında - Meksikada Olimpiya həyəcanı yaşasınlar. Həmin Olimpiadaya SSRİ millisi ilə yanaşı, doğma vətənində çempionluq sevinci yaşayan Yaponiya yığması da birbaşa vəsiqə əldə etmişdi. Deməli asiyalılardan əvəz çıxmaq üçün SSRİ millisinə Mexikoda güclü heyət lazım idi. Bu məqsədlə Olimpiya oyunlarının qadınlar arasında voleybol yarışları üçün heyətə 12 güclü oyunçu cəlb edildi. Olimpiadaya onlardan ikisi məhz Xəzər sahilindən yollanmışdı. Biri İnna Rıskal, digəri isə Vera Lantratova idi. XIX Yay Olimpiya Oyunlarında final görüşündə həmyerlilərimizin çıxış etdiyi yığma komanda Yaponiyanı məğlub edə bildi. Tokiodakı finalın revanşı - 0:3 (15:11, 15:8, 15:13) “Asteklərin vətəni”ndə 3:1 (15:10, 16:14, 3:15, 15:9) hesabı ilə alındı. Bu, Vera üçün ilk və son olimpiada oldu. “Xəzər fırtınası” Rıskalı isə qarşıda Münhen-1972 Yay Olimpiadası gözləyirdi ki, həmin vaxt o ikiqat Olimpiya çempionu tituluna yiyələnəcəkdi. Mexiko Olimpiadasından sonra Veranın uğurlarının ardı-arası kəsilmədi. Olimpiadadan əvvəl o Türkiyədə keçirilən Avropa çempionatının qalibi olmuşdu. Onun medal kolleksiyasında təkcə dünya çempionatının qızıl mükafatının yeri boş qalmışdı. Bunun üçün Bolqarıstanda gözəl bir imkan yaranmışdı. Qivi Axvelidianinin rəhbərliyi altında çıxış edən heyət bu dəfə də Yaponiya millisini qabaqlayaraq, qızıl medala yiyələndi. Onun medal kolleksiyasından söz düşmüşkən, Vera Lantratova Avropa çempionluğundan əvvəl 1966-cı ildə gənclər arasında Avropa birinciliyinin qalibi, 1967-ci ildə SSRİ Xalqları arasında IV Spartakiadanın vitse-çempionu, 1972-ci ildə isə bürünc mükafatçısı adını qazanıb. Voleybolçu karyerası ərzində (1965, 1967 və 1970-ci illər) mövsümün ən yaxşı oyunçusu seçilib. Vera Lantratovanın tərcümeyi halında qeyd olunur ki, o, Bakı Politexnik İnstitutunun məzunu olub. İxtisası üzrə bir müddət Mikroelektronika zavodunda mühəndis-texnoloq kimi çalışıb. Bundan əlavə Politologiya və Sosial İdarəetmə kafedrası müdirinin müavini vəzifəsində işləyib.

SSRİ-nin süquta uğramasına bir müddət qalmış bir sıra idmançılar və mütəxəssislər Bakını tərk etməyə başladı. Onların əksəriyyəti doğulduğu şəhərlə həmişəlik vidalaşdılar. Lakin onlar təsəvvür etmirdilər ki, sovetlərin buxovundan qurtulan Azərbaycan yaxın illərdə müstəqillik əldə edəcək. Tarixdə ikinci dəfə, lakin əbədi olaraq müstəqillik qazanan Azərbaycan üçün yaxın gələcəkdə işıqlı və gözəl bir sabah açılacaq. Bir vaxtlar SSRİ yığmasının uğurları üçün yarışan idmançılar gənc və müstəqil Vətəni üçün öz qüvvə və bacarığını nümayiş etdirəcək. 1992-ci ildə Milli Olimpiya Komitəsi yaradılacaq, beş il sonra həmin quruma cənab İlham Əliyev rəhbərlik edəcək, bununla da Azərbaycan idmanında və Olimpiya Hərəkatında yeni bir parlaq səhifə açılacaq.

Vera da doğulub, boya başa çatdığı Xəzər sahillərini tərk edib, bəyaz gecəli, soyuq Sankt-Peterburqa köçən, ömrünün sonuna qədər orada yaşayanlardan biri oldu. 1991-ci ildən etibarən Piterdə yaşayan Olimpiya çempionumuz idman sahəsində fəaliyyətini davam etdirib. Vera Lantratova həmin il idman sahəsində göstərilən xidmətlərə görə SSRİ-nin əməkdar idman ustası fəxri adına layiq görülüb. Bu fəxri adın sahibi Petroqradda 82 saylı Bədən Tərbiyəsi məktəbində müəllim işləyib. Eyni zamanda 2006-2009-cu illərdə voleybol üzrə Həmkarların ölkə çempionatında baş hakim olub. Veranın tərcümeyi-halında qeyd olunur ki, ona sonradan “Bədən Tərbiyəsi və İdman Əlaçısı” nişanı da təqdim olunub. Dövrün qəzet və jurnallarında onun haqqında xeyli məqalələr dərc edilib. Sovet idmanı, Azərbaycan idmanı və Olimpiya tarixi haqqında dərc olunan kitablarda onun adına rast gəlmək mümkündür. Bakıda doğulan və Olimpiya oyunlarında çempion adını qazanan həmyerlimiz haqqında bu məlumatlar axtarış saytlarında elə də zəngin deyil. Biz bu faktları SSRİ Jurnalistlər birliyinin üzvü, Sankt-Peterburq İdman Jurnalistləri Federasiyasının üzvü, keçmiş futbolçu Anatoli Roqatkinin müəllifi olduğu “Qırx yeddinci illərdə doğulanlar” kitabından əldə etmişik. O kitabı isə bizə SSRİ dövründə Azərbaycanı təmsil edən, Monreal-1976 Yay Olimpiya Oyunlarının qalibi olmuş həndbolçumuz Lyudmila Şubina təqdim etdi. Lyudmila xanım bildirdi ki, kitabı ona Vera Lantratova göndərmişdi. Həmin kitab 2019-cu ildən bəri onun şəxsi əşyaları arasında qorunub saxlanır. Kazanda doğulmasına baxmayaraq, Bakıya legioner kimi gəlib, sonradan həyatını bu şəhərə bağlayan Şubina kitabın üz qabığındakı məktub xarakterli sözlərdən danışdı. O, bildirdi ki, hər dəfə gözü kitaba sataşanda, həmin sözləri oxuyur və göz yaşlarını saxlaya bilmir. Qələmlə yazılmış yazının müəllifi isə Vera Lantratovanın özüdür. Qəmli notlarla, həsrətli gözlərin titrək əllərə nəzarəti ilə yazılan məktubdan:

 

“Səni Sankt-Peterburqdan salamlayıram. Mənim üçün böyük əhəmiyyət kəsb edən bu kitabı sənə təqdim edirəm. Hesab edirəm ki, bu, sənin üçün də dəyərli bir hədiyyə olacaq. Müəllifi tanımıram. Lakin burada mənim barəmdə də məlumatlar yer alıb.

Bizi bir-birimizə təkcə idman birləşdirmir. Səninlə xoş hissləri, dürüstlüyü, sıx münasibəti illərdən bəri qoruyub saxlamışıq. İndi görürəm ki, yaş özünü göstərir. Sənə məsləhət görürəm ki, sağlamlığının qeydinə qalasan. Demək olar ki, daim həkim nəzarəti altında yaşayıram. Xəstəliklə sona qədər mübarizə aparacağam. Axı mən idmançıyam, mübarizənin nə olduğunu yaxşı bilirəm. Səni bağrıma basıb öpürəm. Özünü qoru, tez-tez zəng edəcəyəm”

 

Ən xoş arzularla L.V.S.

23.10.2019

 

Bu sözlər ilk baxışdan sadə görünə bilər. Amma hər cümlədə bir məna, kədər və həsrət gizlənib. Görünür Vera Lantratova müstəqil Azərbaycanın necə çiçəkləndiyini, hər bir sahədə inkişafını Vətəndən kənarda izləyirdi. Ona buradakı dostları hər şeyi telefonla əlaqə saxlayanda deyirdi. Televiziya və internetdən aldığı məlumatlar kifayət edirdi ki, o Azərbaycanın uğurlarından xəbərdar olsun. Doğulub boya başa çatdığı vətənindən kənarda keçirdiyi hisslər də onun sağlamlığına təsirsiz ötüşmürdü. Son nəfəsinə qədər dostları ilə əlaqə saxlayan Vera 2021-ci il aprel ayının 19-da Xəzər sahilindən uzaqda, bəyaz gecəli, soyuq Sankt-Peterburqda gözlərini əbədi olaraq yumdu. Ondan bizə idman uğurları və dostlarına isə xoş xatirələr qaldı. Həmyerlimiz Vera Lantratovanın Azərbaycanın idman tarixində yer alan idman nailiyyətləri gələcək nəsillər üçün də bir örnəkdir. O, bizim Vera, o bizim Olimpiya çempionumuzdur!

 

Anar Əhmədov

Rəngli kağıza həkk olmuş ağ-qara sətirlər Rəngli kağıza həkk olmuş ağ-qara sətirlər Rəngli kağıza həkk olmuş ağ-qara sətirlər Rəngli kağıza həkk olmuş ağ-qara sətirlər