Dünyanın hər bir yerində, ictimai inkişafın hər bir mərhələsində cəmiyyətin təhsillə üzvi bağlılığı olub. Gənc nəsillərin tədrisi, öyrədilməsi, maarifləndirilməsi ən qədim fəaliyyətlərdən biri sayılır. Təhsilin əhəmiyyəti bir çox amillərlə bağlıdır. Məsələn, aydındır ki, uşaqlar həyata ilk addımlarını atanda oxumağı, yazmağı və hesabı bilmirlər. Peşəkar müəllimlərin səyləri və ailədəki təlim-tərbiyənin, həmçinin müasir dövrdə kütləvi media vasitələrindən və internetdən irəli gələn imkanların sayəsində gənc nəsil cəmi bir neçə il ərzində oxumağı, yazmağı, hesablamağı, öz ətraf mühitini, əxlaq-davranış normalarını öyrənir. Bəziləri bu bacarıqları digərlərinə nisbətən daha dərindən qavraya bilir və beləliklə təhsil sistemi əslində ictimai çeşidləmə funksiyasını da yerinə yetirərək fərdlərin gələcək iqtisadi taleyinə böyük təsir göstərir.
Erkən yaşda təlimin gələcək uğurları
Ölkəmizdə təhsil sahəsində həyata keçirilən layihələr uşaqların cəmiyyətə savadlı şəkildə inteqrasiya olunmasına xidmət edir. Bu sahədə ən uğurlu layihələr arasında İcma əsaslı məktəbəqədər təhsil layihəsi qısa zaman ərzində böyük nüfuza malik olub. Layihə erkən yaşda təlimin uşağın sosial-emosional, kiçik və böyük motor və intellektual bacarıqların yaxşılaşmasına müsbət təsir etməsini, onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaratmasını nəzərə alaraq həyata keçirilir. Belə ki, 2017-ci ildə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və UNICEF Azərbaycanın maliyyəsi ilə ölkənin 10 şəhər və rayonunda 50 ümumtəhsil məktəblərinin nəzdində fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupu olaraq fəaliyyətə başlayıb. Uğurlu nəticələr göstərən layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində daha da genişlənib. Hazırda ölkənin 55 şəhər və rayonunda fəaliyyət göstərən 850 icma əsaslı məktəbəqədər təhsil qrupunda 16500 uşaq təhsilə yiyələnir. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ tərəfindən icra olunan layihənin fəaliyyətində başlıca olaraq bir neçə məqsəd dayanır. Ölkə üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılması, məktəbəqədər təhsilin inkişafı və təhsildə valideynin birgə iştirakını təmin etməklə Azərbaycanda, xüsusilə ucqar və ya əlverişsiz dağ kəndlərində keyfiyyətli təhsil xidmətlərinin həyata keçirilməsi əsas götürülür. Bundan başqa layihədə valideyn-icma-məktəb əməkdaşlığının yaradılır. Məktəbəqədər təhsil qrupları vasitəsilə 3-4 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqları artırılır. Bununla da məktəbəqədər təhsilin inkişafı nəticəsində bilavasitə ibtidai təhsilin də keyfiyyətində artım və yüksəliş əldə edilir.
Sinif otaqları lazımi resurslarla təmin olunur
İcma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyətə başlamazdan əvvəl sinif otağı layihənin öncədən təyin etdiyi standartlara uyğun hazırlanır və bütün lazımi resurslarla təmin olunur. Hər bir tədris ilinin sonunda qrup inventarı nəzərdən keçirilir və ehtiyac olduğu təqdirdə resurslar yeniləri ilə əvəz olunur. Tərbiyəçi-müəllimlərə yeni tədris ilinə dair tədris proqramı və əlavə vəsait təqdim olunur. Uşaqlara isə həm qruplarda, həm də evdə istifadə edəcəkləri iş dəftəri təqdim olunur. Ümumilikdə, hər bir icma əsaslı məktəbəqədər təhsil qrupu 70-dən çox müxtəlif resurs ilə təmin olunur. Buraya mebel (stol, stul, şkaf), 25-ə yaxın müxtəlif uşaq ədəbiyyatı, 20-ə yaxın müxtəlif öyrədici vəsaitlər (kartlar, pazllar, fiqurlar və s.), oyuncaqlar, tədris vəsaitləri (karandaş, plastilin, rəngli kağız və s.) daxildir.
Bundan başqa uşaqların fiziki inkişafı üçün əlavə olaraq qruplar isveç divarı, böyük motor inkişafı üçün digər idman ləvazimatları ilə təmin olunurlar. Təqdim olunan resursların hər biri uşaqlar üçün faydalılıq və təhlükəsizlik faktorları nəzərə alınaraq, layihə komandası tərəfindən təyin olunur.
“Uşaqlar da bu qruplara böyük həvəslə yanaşırlar”
İcma əsaslı məktəbəqədər təhsil qrupununu fəaliyyət göstərdiyi ucqarlardan biri də İsmayıllı rayonunun Diyallı kəndidir. Kənddə bu layihənin icrası üçün mövcud imkanlar yaradılıb. Diyallı kənd məktəbinin nəznində yaradılan təhsil qrupuna yerli müəllimlər cəlb edilib. Onlardan biri də Pərvanə Abdullayevadır. Qrupda uşaqların təhsili üzrə məsuliyyəti öz üzərinə götürən Pərvanə Abdullayeva bunları dedi: “Bildirmək istəyirəm ki, üç ildən artıqdır ki, kəndimizdə İcma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Təhsil qruplarında 3-4 yaşlı uşaqları layihəhə uyğun olaraq yetişdirməyə çalışırıq. Hesab edirik ki, qısa zaman ərzində lazımi nəticələrə yiyələnmişik. Uşaqlar da bu qruplara böyük həvəslə yanaşırlar. Bu isə bizim işimizi xeyli rahatlaşdırır. Valideynlər də bildirirlər ki, bu qruplar onların işini xeyli asanlaşdırır. Bir sözlə çalışırıq ki, təhsil qruplarından başlayaraq sağlam və savadlı bir nəsilin yetişməsində vasitəçi olaq.”
Qeyd edək ki, erkən yaşda təhsilə əlçatanlığı artırmaq və bütün uşaqlara bərabər imkanlar yaratmaq üçün icma əsaslı məktəbəqədər təhsil qrupları çox fərqli və yeni yanaşmadır. Bu qruplar uşaqların sosiallaşması, əylənməsi, öyrənməsi üçün imkanların olmadığı ərazilərdə, xüsusilə ucqar dağ kəndləri və regionlarda 3-4 yaşlıların müsbət mühitdə inkişaf etməsi və öyrənməsi üçün faydalı bir məkana çevrilib.
Anar Əhmədov