Qadın voleybolçular arasında Çempionlar Liqasının III turunun oyunları keçirilib. Azərbaycan çempionu "Rabitə” "Dresdner” klubu ilə üz-üzə gəlib. Belə ki, ilk hissənin əvvəlində qarşılaşma xala xal prinsipi ilə davam etsə də, "Rabitə” tezliklə təşəbbüsə yiyələnib. İlk hissədə baş məşqçi Eldar Yusubovun tapşırıqlarını lazımınca yerinə yetirən təmsilçimiz 25:19 hesabı ilə qələbə qazanıb. İkinci hissə də komandamızın üstünlüyü ilə keçib - 25:23. Üçüncü hissədə isə almanlar qələbə qazanmaq istəsələr də buna nail ola bilməyiblər.
Əksinə, "Rabitə” rəqibinə daha çətin anlar yaşadıb. Bu dəfə 25:20 hesabı ilə qalib gələn Azərbaycan çempionu matçın yekun nəticəsini müəyyənləşdirib - 3:0. Beləliklə, komandanın yeni baş məşqçisi Eldar Yusubov debüt oyununu Super Liqada olduğu kimi Çempionlar Liqasında da qələbə ilə yekunlaşdırıb. Bu qələbə sayəsində "Rabitə” həm də qrup liderliyini də qoruyub.
Oyundan sonra ən çox fərqlənən voleybolçuların da adı məlum olub. Beləki, "Rabitə” klubunun üzvü Katarjina Skovronska bütün həmkarlarını qabaqlayıb. Polşalı legionerimiz komandasına 24 xal qazandırıb. Eldar Yusubovun digər yetirmələrindən Sanya Staroviç 10, Nataşa Krsmanoviçlə Aurea Kruz hərəyə 6, Kersti Cekson 5, Katarjina Skorupa 3 və Nutsara Tomkom 1 xal toplayıb. Rəqibin heyətində isə Rebekka Perri fərqlənib. Onun 17 zərbəsinin qarşısı alınmaz olub.
Məlumat üçün bildirək ki, "Rabitə” birinci turda Rusiyanın "Omiçka” klubunu qəbul edib. "Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən qarşılaşmada "rabitəçilər” onlara bəslənilən ümidləri doğrulda biliblər. Belə ki, komandamız birinci hissədə yaxşı oyun nümayiş etdirərək qələbəyə sevinib. İkinci hissədə isə qonaq komanda qələbə qazanıb. Üçüncü hissədə isə "Rabitə” yenidən Omsk təmsilçisini məğlubiyyətə uğradıb. Dördüncü hissədə yenidən "Omiçka” klubu qalib gəlib. Qalib gələn komandanın adına aydınlıq gətirmək üçün klublar tay-brekdə qüvvələrini sınamalı olublar. Xala-xal prinsipi ilə gedən qarşılaşmanın sonunda sevinən tərəf "Rabitə” klubu olub. Bu qələbəyə sayəsində komandamız aktvinə 2 xal yazdırıb. Təmsilçimiz II turu çərçivəsində isə Fransanın "Beziers” klubu ilə qarşılaşıb. Azərbaycan çempionu Avropanın ən nüfuzlu klub turnirində rəqibinə heç bir şans verməyərək, layiqli qələbə qazanıb. Belə ki, A qrupunda yer alan Bakı təmsilçisi səfərdə gözlənilən 3 xalı aktivinə yazıb. Oyuna gəldikdə isə, matç meydan sahiblərinin hücumları şəraitində başlayıb. Lakin "Rabitə” top fərqinin artmasına imkan verməyib. "Beziers” birinci texniki fasiləyə 2 top öndə yollansa da, voleybolçularımız tezliklə üstünlüyə yiyələniblər - 9:8. Bu 1 top fərqi hissənin sonuna kimi davam edib - 23:22. Yekunda isə Bakı təmsilçisi inamlı çıxış sayəsində qalib gəlib - 25:23. İkinci hissə isə tamam fərqli keçib. Məğlubiyyətlə barışmaq istəməyən fransızlar hücumlarını kəsərini artıraraq, önə keçiblər - 4:3. Onlar hətta ilk texniki fasiləyə 3 top irəlidə çıxıblar. Meydana döndükdən sonra baş məşqçimizin göstərişləri komandamıza öz oyununu nümayiş etdirməyə kömək edib. Nəticədə "Rabitə” ikinci texniki fasiləyə üstün yollanıb (16:15) və sonda hissəni 5 top fərqi ilə xeyrinə bitirib. Üçüncü hissə isə komandamız üçün daha asan keçib. İlk texniki fasiləyə 3, ikinci texniki fasiləyə 8 top irəlidə çıxan Super-liqanın qalibi bu dəfə 9 top fərqi ilə qalib gəlib - 25:16. Beləliklə, komandamız 3:0 hesabı ilə qələbə qazanıb.
Çempionlar Liqası
III tur
A qrupu
27 noyabr
"Dresdner” (Almaniya) - "Rabitə” (Azərbaycan) - 0:3 (19:25, 23:25, 20:25)
Hakimlər: Karin Zaharçova (Çexiya), Alin Mateyzer (Rumıniya)
Drezden, Marqon Arena