"İqtisadçı” klubu Çempionlar Liqasında növbəti oyununu keçirib. Bakı təmsilçisi ilk dövrənin sonuncu turunda İtaliyanın "Pyaçentsa” klubu ilə qarşılaşıb. Görüş komandamız üçün uğurlu alınmayıb. İtaliya çempionu 3:1 hesabı ilə qalib gələrək "İqtisadçı”nın turnirdə ilk məğlubiyyətini rəsmiləşdirib. Oyuna gəlincə isə, ilk dəqiqələrdən hücumlar təşkil edən "Pyaçentsa” birinci texniki fasiləyə 1 top fərqi ilə irəlidə çıxıb. İkinci texniki fasilədə isə fərq 4 topa çatıb. Üstünlüyü əldən verməyən rəqib yekunda 25:16 hesabı ilə qalib gəlib.
İkinci hissədə də qonaqlar güclü tərəf olublar. Onlar bu dəfə də daha az səhvə yol verərək, ikinci texniki fasiləyə 7 top fərqi ilə üstün yollanıblar. Bundan sonra "İqtisadçı” fərqi 5 topa endirsə də, "Pyaçentsa” sonda yenə 7 xal fərqi ilə qalib gəlib. Üçüncü hissəyə isə "İqtisadçı” üstün başlayıb. Hissənin gedişində liberomuz Vanna Buakeva zədələnərək, meydanı tərk edib. Buna baxmayaraq, Lenka Dürrün oyuna girişi "tələbələr”in qalib gəlməsinə mane olmayıb. Düzdür, ikinci texniki fasiləyə komandamız 2 top irəlidə çıxdıqdan sonra apenninlilər hesabı bərabərləşdiriblər. Amma Bülənt Karslıoğlunun yetirmələri bu hesabla barışmayaraq, ardıcıl 5 xal qazanıblar. Daha yaxşı oynayan "İqtisadçı” "Pyaçentsa”nı 25:21 hesabı ilə məğlub edərək, hissələr arasındakı fərqi azaldıb.
Lakin onların bundan artığına gücləri çatmayıb. Komandamız 4-cü hissədə 20:25 hesabı ilə məğlub olub. Bununla da, bu tura kimi turnir cədvəlinə başçılıq edən "İqtisadçı” 3-cü matçında ilk məğlubiyyətindən sonra 3-cü yerə enib.
Məlumat üçün bildirək ki, "İqtisadçı” debüt matçında "Srvena Zvezda” klubunun qonağı olub. "Tələbələr” görüşü asan qələbə ilə yekunlaşdırıblar. Belə ki, "İqtisadçı” görüşün əvvəlindən üstünlüyü ələ alaraq oyunda top fərqini artırıb. Ardınca "Srvena Zvezda” top fərqini 3-ə endirib. İlk texniki fasilədə üstünlüyü 6 topa çatdıran Bakı təmsilçisi ikinci texniki fasilədə fərqi daha da artırıb - 16:7. İnamlı çıxışını davam etdirən komandamız birinci hissədə 25:15 hesabı ilə qalib gəlib. İkinci hissə isə serblərin hücumları ilə başlayıb. Əgər ilk hissədə "İqtisadçı” 4 top fərqi ilə öndə idisə, bu dəfə rəqib eyni hesabla irəli çıxıb - 5:1. Bundan sonra Karslıoğlu taym-aut götürmək məcburiyyətində qalıb. Lakin bu da bir nəticə verməyib. "Srvena Zvezda” texniki fasiləyə öndə yollanıb - 8:2. Fasilədən sonra komandamız əzmkarlıq nümayiş etdirib. Əvvəlcə hesabı bərabərləşdirən (12:12) "tələbələr” sonda 25:16 hesabı ilə qalib gəliblər. Üçüncü hissəyə də rəqib fəal başlayıb - 8:5. Amma "İqtisadçı” yenə rəqibin sevinməsinə imkan verməyib və bu dəfə seti 2 top öndə bitirərək, rəqibindən çox güclü olduğunu sübut edib. Beləliklə, Belqradda əla oyun nümayiş etdirən "İqtisadçı” Çempionlar Liqasında debütünü 3 xalla bitirib. "İqtisadçı” ikinci turda Moskva "Dinamo”sunu qəbul edib. Voleybol Mərkəzində keçirilən qarşılaşmada B qrupundakı şərikli liderliyə son qoyulub. Görüş gözlənildiyindən gərgin keçib. İlk hissədə məğlub olan bakılılar ardınca hesabda tarazlıq yaradıblar. 3-cü hissədə məğlub olan təmsilçimiz yenidən hissələrin sayını bərabərləşdirib -2:2. Qalibi müəyyənləşdirmək üçün komandalar tay-breykdə qüvvələrini sınayıblar. Həlledici hissədə isə "İqtisadçı” çətin qələbə qazanıb - 15:13.
Çempionlar Liqası
III tur
B qrupu
27 noyabr
"İqtisadçı” (Azərbaycan) - "Pyaçentsa” (İtaliya) - 1:3 (16:25; 18:25; 25:21, 20:25)
Hakimlər: Yuri Bakunoviç (Belarus), Pavel Burkiyeviç (Polşa)
Bakı, Voleybol Mərkəzi