“Azəryol” 3-cü pillədəki mövqeyini qorudu

“Azəryol” 3-cü pillədəki  mövqeyini qorudu



Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin II dövrəsi başlayıb. IV turun ilk oyun günündə Azərbaycan klublarından "Azəryol” qüvvəsini sınayıb. Ancelo Vercesinin yetirmələri doğma meydanda ötən həftə 3:2 hesabı ilə məğlub olduqları "Konegliano”nu qəbul edərək, vacib qələbə qazanıblar. Qarşılaşmaya gəlincə, birinci hissədə hesabı "Azəryol” açıb. Lakin ardınca üstünlük qonaqların tərəfinə keçib. Bunun nəticəsi olaraq, "Konegliano” hər 2 texniki fasiləyə öndə çıxıb - 8:5, 16:14. Uğursuz startla barışmaq istəməyən Ancelo Vercesi götürdüyü taym-autlarla komandasının oyununda dönüş yarada bilib və Bakı təmsilçisi bu hissəni xeyrinə bitirib - 25:23. İkinci hissədə isə Super-liqanın mükafatçısı inamlı oyunu ilə diqqət çəkib - 8:5, 16:14. Amma onlar da apenninlilər kimi üstünlüklərini qoruya bilməyiblər. Rəqibin hesabı bərabərləşdirməsindən sonra (20:20, 24:24) voleybolçularımız üstünlüyü əldən veriblər - 1:1. Üçüncü hissədə məğlubiyyətin bağışlanılmaz olduğunu yaxşı dərk edən komandamız inamlı təsir bağışlayıb. "Azəryol” ikinci texniki fasiləyə 2 top geridə çıxmasına baxmayaraq, oyununda dönüş yaradıb və yenidən qələbə qazanıb - 2:1. Dördüncü hissədə isə oyunun taleyinə aydınlıq gəlib. 
Bu hissənin əvvəlində Bakı təmsilçisi azarkeşlərin gözlədiyi oyunu nümayiş etdirib. Hissənin əvvəlində 4 top irəlidə olan komandamız hissənin gedişində fərqi 6 topa çatdırıb - 10:4. Lakin onlar sonradan yenə üstünlüyü əldən veriblər. Buna baxmayaraq, "Azəryol” yekunda, çətinliklə də olsa, lazımı qələbəni qazanıb - 3:1. Beləliklə, bu qələbə sayəsində "Azəryol” turnir cədvəlində 3-cü pillədəki mövqeyini qoruyub. 

Çempionlar Liqası
IV tur
3 dekabr 
E qrupu

"Azəryol” (Azərbaycan) - "Konegliano” (İtaliya) - 3:1 (25:23; 30:32, 25:22, 25:23)
Hakimlər: Yevgeni Makşanov (Rusiya), Borislav Pobornikov (Bolqarıstan)
Bəkı. Voleybol Mərkəzi