Aprelin 8-də Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının qaliblərinin rəsmi mükafatlandırma mərasimi keçirilib.
Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Festivalın münsiflər heyətinin sədri Zemfira Meftaxetdinova, “Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının qalibi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərov, MOK-un İcraiyyə Komitəsinin və festivalın münsiflər heyətinin üzvləri, Olimpiya çempionları, idman federasiyalarının və televiziya kanallarının rəhbərləri, tanınmış idmançılar və ictimai xadimlər iştirak ediblər.
Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları salamlayaraq, festivalın əhəmiyyətindən danışıb. O, ilk dəfə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının 2022-ci ildə təsis olunduğunu diqqətə çatdırıb.
“Festivalı ilk dəfə təşkil edəndə hələ bilmirdik ki, bu festival gələcəkdə də davam edəcək ya yox. Əgər birinci festivalda 40 material təqdim olunmuşdursa, budəfəki festivala 54 material təqdim olunub. Bu o deməkdir ki, festival yaşayır və biz onun yekunlarına toplaşmışıq. Azərbaycanda idmanın təbliği üçün bu festivalın böyük əhəmiyyəti var. Mənim bir arzum var ki, biz bu festivalı bir müddətdən sonra beynəlxalq səviyyəyə çatdıraq. Əminəm ki, biz buna da nail olacağıq. Festivalın qaliblərini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”, - deyə Çingiz Hüseynzadə bildirib.
Sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib.
“Reklam və Promo çarxlar” nominasiyasının qalibi adını Azərbaycan Gimnastika Federasiyası tərəfindən təqdim olunan “Ulduz kimi parla” reklam çarxı qazanıb.
Azərbaycan Cüdo Federasiyasının (ACF) “Cüdomuzun gələcəyi” tanıtım çarxı “Gələcək qaliblər” nominasiyasında qalib olub. ACF festivalda daha bir uğuru “Zərif qəhrəman” nominasiyasında - “Qızlara ağ yaraşır” tanıtım çarxı ilə əldə edib.
“Həyat naminə - İdman” nominasiyasında “İdman TV”nin “Bilinməyən Mən Züleyxa Hacıyeva” televiziya filmi birinci yerə layiq görülüb.
“90plus” media təşkilatının ekranlaşdırdığı “Qələbə sadəcə inamdır” sənədli filmi Münsiflər Heyəti tərəfindən “Güclü iradəli” nominasiyasının qalibi olub.
Mərasimdə həmçinin festivalın Təşkilat Komitəsinin xüsusi mükafatları da təqdim olunub. “Gələcəyin qalibləri” nominasiyasında “Kikboks”sənədli filmi (“İdman TV) və "Kids Athletics" tanıtım çarxı (Azərbaycan Atletika Federasiyası) fərqlənib.
“12 saniyə” (Azərbaycan Atıcılıq Federasiyası) və “8 Mart - Beynəlxalq Qadınlar Günü” (Azərbaycan Cüdo Federasiyası) tanıtım çarxları reklam və promo çarx nominasiyasında xüsusi mükafata layiq görülüb. “Znay naşix” televiziya filmi (“MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi) güclü iradəli nominasiyasında, Mirağa Əliyevin “Qızıl əlcək - Ağacan Abıyev” qısametrajlı filmi “Həyat naminə - İdman” nominasiyasında, “Zərif missiya” televiziya filmi (“İdman TV») “Zərif qəhrəman” nominasiyasında münsiflər heyətinin rəğbətini qazanıb.
Tədbirdə “Cüdo Klub 2012” İctimai Birliyinin xüsusi mükafatları da təqdim olunub. “Güclü iradəli” nominasiyasında “Fateh” televiziya filmi (İdman TV), “Heydər Əliyev, Vklad Velikovo Lidera v Azerbayjanskiy sport” televiziya filmi (CBC İnternational), “Zərif qəhrəman” nominasiyasında “Xoşbəxt sabahlar - Şuşa Uşaq Gənclər İdman Məktəbi” televiziya layihəsi (Xəzər Media Mərkəzi), “Reklam və promo çarx” nominasiyasında “Birlikdə güclüyük” reklam çarxı (“DMS Azerbaijan MMC), “Həyat naminə - İdman” nominasiyasında “Veteran cüdoçu - Fərhad Rəcəbli”, tanıtım çarxı (“MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi) xüsusi mükafata layiq görülüb.
Tədbir zamanı Milli Olimpiya Komitəsinin xüsusi mükafatlarına layiq görülən iştirakçılar da təltif olunub. Belə ki, “Güclü iradəli” nominasiyasında “Olimpə doğru” - Nikita Simonov qısa metrajlı filmi (ARB 24) və “İdman ustaları” televiziya filmi (Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti), “Gələcəyin qalibləri” nominasiyasında “Lənkəranda ağır atletika dərsləri” tanıtım çarxı (Azərbaycan Ağırlıqqaldırma Federasiyası), “Reklam və Promo çarx” nominasiyasında “Avarçəkmə Qarabağdan paytaxta” tanıtım çarxı (Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası), “Həyat naminə - İdman” nominasiyasında “Kamillik Yolu” sənədli filmi (Azərbaycan Cüdo Federasiyası), “Zərif qəhrəman” nominasiyasında "Təkan ver - Elnarə Abbasova" tanıtım çarxı (Azərbaycan Ağırlıqqaldırma Federasiyası) xüsusi mükafata layiq görülüb.
Tədbir zamanı qaliblərin elan edilməsi və mükafatlandırılması ilə yanaşı, həm də festivalın qonaqları və partnyorlarının çıxışları, musiqili proqram təqdim olunub.
MOK-un təsis etdiyi ikinci "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın tərəfdaşı "Cüdo Klub 2012” İctimai Birliyi, informasiya tərəfdaşları isə AZTV, MİR, İdman TV, CBC Sport, ARB, İTV və Space televiziya kanalları, "olympic.az”, "olimpnews.az”, "Trend”, "milli.az”, "day.az”, "azernews.az”, "idmanvəbiz”, "turkicworld” portalları, "Olimpiya dünyası” qəzeti və "Sportsman” jurnalıdır.
İlk dəfə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” 2022-ci ildə təsis olunub. Festival müxtəlif idman və ekstrimal idman növlərinin populyarlaşdırılması, sağlam həyat tərzinin təbliği, uşaq, yeniyetmə və gənclərin idman bölmələrinə cəlb edilməsi, Olimpiya Hərəkatı prinsiplərinin təbliğ edilməsi, mədəni maarifləndirmə və yaradıcı insanlar arasında tam təcrübə mübadiləsi imkanlarının yaradılması, idmanla bağlı filmlərin və proqramların nümayişini təşkil etməklə bütün sosial təbəqələrin yerli televiziya və kinematoqrafiya mədəniyyəti dəyərlərinə geniş çıxışının təmin edilməsi və s. məqsədi daşıyıb.