Azərbaycanda Olimpiya təhsilinə aid dərsliyi hazırlamaq məqsədilə “Olimpiya dünyası” qəzetinin bizə verdiyi imkandan istifadə edərək apardığımız araşdırma və tədqiqatları özündə əks etdirən məqalələrlə qəzetin oxucularını, idmançıları və bu sahə ilə məşğul olanları Olimpiya təhsilinin müxtəlif məsələləri ilə tanış etmək, fikrimizcə, əhəmiyyətli olacaqdır.
1887-ci ildə Fransa qaçış cəmiyyətləri ittifaqı yaradıldı. Bu ittifaqın təsis edilməsinin təşəbbüskarlarından biri də Pyer de Kuberten olmuşdu. 1888-ci ildə de Kubertenin Parisdə fiziki tərbiyənin təbliği üzrə komitə yaratması, nəhayət, 1889-cu ildə Fransa idman cəmiyyətləri ittifaqının da təsis edilməsi ədəbiyyatda qeyd olunur. Bu cür məlumatlar çoxdur və cəmiyyət, klub və ittifaq adlarında, eləcə də yaradılma tarixlərində fərqlilik müşahidə olunur. Bəzən iki təşkilatın eyni və ya fərqli olmasını aydınlaşdırmaq çətindir. Diqqəti cəlb edən başqa bir cəhət isə Fransada yaradılmış belə cəmiyyətlərin rəhbəri, təşəbbüskar, baş katibi kimi tez-tez Pyer de Kubertenin adı keçir. Kubertenin müasir Olimpiya Oyunlarının bərpaçısı kimi tarixə düşməsi idman və Olimpiya tarixini, həmçinin Pyer de Kubertenin həyatını öyrənən tədqiqatçıların tez-tez bu şəxsin adına istinad etməsinə meyilli olmasını danmaq mümkün deyil. Məhz bu baxımdan Kuberten haqqında mümkün məlumatların dəqiqləşdirilməsinə elmi tələb vardır. Məsələn, 1887-ci ildə Fransa qaçış cəmiyyətləri ittifaqı yaradılması faktdır. 2 ildən sonra məhz bu cəmiyyətin adı və şübhəsiz ki strukturu dəyişdirilmişdir. Yəni həmin cəmiyyət Fransa İdman cəmiyyətləri İttifaqına çevrilmişdir. Başqa bir faktı da qeyd etmək lazım gəlir. Rus tədqiqatçısı A.Sunik yazdığına görə, XIX əsrin 80-ci illərinin ikinci yarısında Pyer de Kuberten “Fransa Atletika Cəmiyyətləri İttifaqı”na rəhbərlik etmişdir. Müəllif eyni məqaləsində Pyer de Kubertenin “Fransa Atletika Cəmiyyətləri İttifaqı”nın baş katibi seçilməsini də yazmışdır. Deməli, Pyer de Kuberten ittifaqa rəhbərlik etməmiş, onun baş katibi olmuşdur. Təbii ki, baş katib ittifaqın idarə edilməsində aparıcı şəxslərdən biri olmuşdur.
Pyer de Kubertenin məsləkdaşlarından biri olan A.D.Butkovskinin 1893-cü ildə çap etdirdiyi “Fransada fiziki tərbiyə məşğələləri” məqaləsində göstərilir ki, “Fransa Atletika Cəmiyyətləri İttifaqı”nın sədri Jül Simon, “Fiziki tərbiyə liqası”nın (Ligue de education physique) sədri isə Paskal Qrusse olmuşdur. Məqalədə de Kubertenin və Paskal Qrussenin İngiltərədə tərbiyə sisteminin bilicisi və bu sistemə rəğbət bəsləyən onu təbliğ edən şəxslər olmasını da qeyd etmişdir. Onu da qeyd edək ki, Paskal Qrussenin yaratdığı liqa və ya cəmiyyət bilavasitə fiziki tərbiyə məsələləri ilə məşğul olmuşdur. Bu liqanın işində sədr Paskal Qrusse ilə yanaşı, Fransa Elmlər Akademiyasının iki doktoru Mareya və Bertollo yaxından iştirak etmişdir. A.Sunik məqaləsində A.D.Butovskiyə istinadla belə bir məlumat vermişdir: “İttifaq 1887-ci ildə iki kiçik atletika klubunun - “Racing-Club” və “Stade Francais” klublarının Pyer de Kubertenin təşəbbüsü ilə birləşdirilməsi nəticəsində yaradılmışdı ki, sonradan bütün atletika dərnəklərini federasiya kimi özündə cəmləsin. Burada Pyer de Kubertenin məqsədinin “məktəblilər arasında idman xarakterli məşələləri inkişaf etdirmək olması” da qeyd olunmuşdur.
Paskal Qrusse Paris Kommunasının və Fransa Sosialist Partiyasının fəal xadimlərindən biri olmuşdur. Onun fiziki tərbiyə probleminə münasibətinin Prussiya-Fransa müharibəsi ilə əlaqəsinin olması ehtimalını irəli sürmək olar.
Pyer de Kuberten də Fransada uşaqların fiziki cəhətdən sağlam böyüməsi və güclü olması istəyində də bu müharibənin müəyyən rolu vardır. Doğrudur, Pyer de Kubertenin yaradıcılığında revanşizmlə bağlı fikirlər yoxdur. O, insanların arasında qarşılıqlı anlaşma olan yaxşı dünya haqqında düşünür. Bununla yanaşı, ədalətli oyunlar çərçivəsində qələbəni, bu qələbə sevincini təbliğ edir. Ancaq Fransa-Almaniya qarşılaşdırılmasında fransızların irəlidə getməsini istəyir. Olimpiya şəhərinin xarabalıqlarında arxeoloji qazıntıların aparılması ideyasının fransızlara məxsus olması, almanların isə bu işi həyata keçirməsi ilə daxilən razılaşmır. Bu hiss onu Olimpiya Oyunlarının bərpası məsələsinə münasibətdə də narahat etmişdir.
Pyer de Kuberteni alman əsgərlərinin fiziki cəhətdən daha hazırlıqlı, fransızların isə zəif olması səbəblərinin axtarışı onun pedaqoji fəaliyyətinin əsasında durmuş bir məsələ sayıla bilər. Ədəbiyyatda Pyer de Kubertenə bu məsələni öyrənmək tapşırığının verilməsi haqqında da fikir səslənir. Qeyd ediləni təsdiq edən bir məqam da vardır. Pyer de Kubertenin baş katib olduğu ittifaqın sədri Jül Simon o dövrdə Fransanın təhsil naziri olmuşdur və onun tapşırığı ilə Kuberten İngiltərəyə, İrlandiyaya və ABŞ-a səfər etmiş, bu ölkələrdə məktəblərdə fiziki tərbiyənin təşkilini öyrənmiş bu barədə xüsusi hesabat hazırlamış və həmin hesabatla çıxış etmişdir. O, Franasa təhsil sistemində islahatın zəruriliyini qeyd edib və belə islahatın planını da hazırlamışdır. Kuberten idmanı, xüsusən komanda idmanını təhsil sisteminə daxil etmək istəmişdir. Belə bir imkanı şagirdlərin o dövrdə məktəbdə qalması ilə aydınlaşdırmaq olar. Yəni söhbət dərs saatlarında deyil, dərsdənkənar vaxtda komanda oyunları ilə ardıcıl məşğul olmağı lazım bilirdi. Həftədə bir və ya iki dəfə bir saatlıq idman dərsi keçmək fiziki tərbiyə baxımından şagirdlərə heç bir şey vermir.
Pyer de Kubertenin yaradıcılığının ilk dövründə məşğul olduğu təlim-tərbiyə, fiziki tərbiyə, idman vasitəsilə tərbiyə məsələləri geniş plana malikdir. Bütün bu məsələləri bir məqalədə şərh etmək çətindir. Olimpiya təhsili əvvəldən başlayaraq bu günə olan vəziyyəti ilə Kuberten ideyaları ilə qaynayıb qarışmışdır. Bu cəhətdən onun həyatı və yaradıcılığının birinci dövrü haqqında yazını hələlik burada tamamlamaq olar. Gələcək yazılarda da Pyer Fredi de Kubertenin fikirləri, ideyaları, onun həyatından fraqmentlər yeri gəldikcə şərhini tapacaqdır.
Olimpiya Oyunlarının bərpası və BOK-un
yaradılması
Pyer de Kubertenin 1890-cı ilə qədərki işlərində Olimpiya Oyunlarının bərpası ideyası, açıq şəkildə səslənmir. Onun antik Olimpiya Oyunlarına böyük rəğbət və məhəbbətinin olması isə hiss olunur. Olimpiya Oyunlarının bərbası ideyasını Pyer de Kubertenin nə zaman dilə gətirməsi barədə müxtəlif fikirlər vardır. Tanınmış Olimpiya tarixçisi Stefan Vassonqa görə Kuberten bu ideyanı ilk dəfə 1892-ci ildə elan etmişdir. 28 noyabr 1893-cü ildə Fransa Atletika Cəmiyyətləri İttifaqının idmanın təhsildə tətbiqinin roluna həsr olunmuş toplantısında o, Olimpiya Oyunlarının bərpası ideyasını çıxışında bir daha ortaya atır. Qeyd olunduğu kimi, Kuberten bu təşkilatın baş katibi olmuşdur. Toplantıda son çıxış üçün söz Pyer de Kubertenə verilir. O, çıxışında Almaniya və İsveçdə tədrisdə idmandan istifadə olunmasından və idmanın daha qlobal tətbiqindən danışmış, axırda Olimpiya Oyunlarının bərpasını təklif etmişdir. O demişdir: “ Biz xaricə avarçənlərimizi, atletlərimizi, qılıncoynadanlarımızı göndərmək istəyirik. Bu, ölkələrin yaxınlaşmasının yeni azad sistemi olacaqdır. Bizim təcrübəmiz Avropada ümumi nailiyyətə çevriləndən sonra dünyada sülh üçün güclü zəmin yaradacaqdır. Mən bu şərəfli yolda sizin böyük köməyinizə və birgə işimizə arxalanıram. Qoy Olimpiya Oyunları yenidən doğulsun!”
İclas iştirakçıları Kubertenin bu çağırışına onda o qədər də qızğın reaksiya verməmiş, onu baş katibin təsadüfi, qeyri-real və baş tutmayacaq ideyası kimi qəbul etmişdilər. Buna baxmayaraq bu çağırış onun gələcək məsləkdaşlarının və dostlarının ürəyinə xal salmış, Kubertenin özünü isə bu ideyanı həyata keçirmək üçün sanki bir daha səfərbər etmişdi. Pyer de Kuberten öz məqsəd və ideyalarının arxasınca ardıcıl gedən şəxsiyyətlərdən biri olmuşdur. 1893-cü ildə o, bu ideya ilə bağlı müxtəlif ölkələrdən olan dost və tanışları fikir mübadilələri aparmış, onları ideyanın reallığına inandırmağa çalışmış və çox zaman istəyinə nail olmuşdu. ABŞ və İngiltərədən olan dostları Olimpiya Oyunlarının bərpasının vacibliyini qəbul etmişdilər. Nəhayət, 1894-cü ildə Pyer de Kuberten ideyasını reallaşdırmaq üçün yeni bir imkan əldə edir və Parisdə Olimpiya Oyunlarının bərpası konqresini təşkil edir.
Beynəlxalq Atletika konqresi 1894-cü ildə Parisin Sorbonna Universitetində keçirildiyinə görə onu çox vaxt təhsil ocağının adı ilə adlandırırlar. Ədəbiyyatda konqresin adının müxtəlif formaları qeydə alınır: “Sorbonna konqresi”, “Beynəlxalq Atletika konqresi”, “Beynəlxalq Paris Konqresi” və s. Bu məsələ ilə bağlı şərh verməzdən əvvəl konqresin proqramının hazırlanmasından danışmaq daha məqəsədəuyğundur.
Konqresin konsepsiyasını, əsas materiallarını və proqramını Baron Pyer de Kuberten hazırlamış, buna bir ilə qədər vaxt sərf etmişdi. 1893-cü ilin avqustunda onun təqdim etdiyi proqram Fransa Atletika Cəmiyyətləri İttifaqının İcraiyyə Komitəsində müzakirə olunmuşdu. Müzakirə və onun nəticələri müasir Olimpiya tarixi üçün 1894-cü ildə keçirilmiş konqresdən az əhəmiyyətli olmamışdır. Lakin bu barədə təsadüfi mənbələrdə məlumat verilir. “Həvəskar idmanın prinsiplərinin öyrənilməsi və təbliği məsələləri” mövzusunda beynəlxalq konqresin proqramına Olimpiya Oyunlarının bərpası haqqında ayrıca bəndin daxil edilməsini komitə üzvlərindən çoxu gözləmirdi. Proqramda 8-ci yerdə duran “Olimpiya Oyunlarının bərpası imkanları haqqında. Onlar hansı şəraitdə bərpa oluna bilər?” bəndini Kuberten əlavə etmişdi. Müzakirə zamanı ən qızğın mübahisələrə də bu bənd səbəb olmuşdur. Çıxış edənlər həmin bəndi çıxarmaq deyil, onu genişləndirmək, konqresin adını dəyişib Olimpiya Oyunları ilə əlaqələndirmək haqqında təkliflər irəli sürmüşdülər. Bu barədə də mənbələrdə, o cümlədən Sovet İttifaqında çap olunmuş ədəbiyyatlarda məlumata, demək olar ki, az rast gəlinir. Rus tədqiqatçısı A.Sunik 2001-ci ildə çap olunmuş kitabında bu barədə yazmış və konqresin adının son variantının “Olimpiya Oyunlarının bərpası üzrə beynəlxalq Paris konqresi” olmasını qeyd etmişdir. Rus tədqiqatçısı bu adı Pyer de Kubertenin “Olimpiya memuarları” əsərinə istinadla verir. Hətta baronun layihənin bu adının çox təmtəraqlı olmasından ehtiyatlanaraq onun əleyhinə çıxmasını da yazmışdır. Tədqiqatçı Beynəlxalq Olimpiya Komitəsinin Muzeyində saxlanılan proqramda konqresin adının “Beynəlxalq atletika konqresi. Paris 16-24 iyun 1894-cü il” kimi göstərildiyini də yazır. Mübahisə yenə açıq qalır. Hər halda sənədin üzərindəki yazıya üstünlük vermək daha düzgündür. Ola bilər ki, baron xatirə yazarkən ada bir qədər düzəliş vermiş, Konqresin Olimpiya Oyunlarının bərpası məqsədi ilə çağırılmasını qabartmaq istəmişdir.
Konqresin proqramının son variantı iki hissədən ibarət olmuşdur. 7 bənddən ibarət birinci hissə “Həvəskar və peşəkar idmanı”, 3 bənddən ibarət ikinci hissə isə “Olimpiya Oyunları” adlandırılmışdır.
Hər iki hissədə olduqca maraqlı və əhəmiyyətli məsələlər qoyulmuşdur. Həvəskar idmançının statusu, idmandan müvəqqəti kənarlaşdırma, tam kənarlaşdırma, idmanın bir növündə peşəkar, digərində həvəskar olmanın mümkünlüyü, qaliblərə verilən mükafatların miqdarı və dəyəri, mükafatını satan idmançıya münasibət, totalizator və çəkişmələr kimi mərc oyunları ilə bağlı məsələlər birinci yeddi bənddə ifadəsini tapmışdır. XIX əsrin sonlarında müzakirəyə çıxarılmış bu məsələlərin bəziləri bu gün də tam həllini tapmamış, idman üçün əhəmiyyətini itirməmişdir.
Olimpiya Oyunları bölməsində üç məsələnin müzakirəsi nəzərdə tutulmuşdu: 1) Olimpiya Oyunlarının bərpası imkanları; idman və əxlaq, eləcə də beynəlxalq əlaqələr baxımından oyunların əhəmiyyəti; 2) iştirakçılar, şərait; idman növləri; maddi təminat, dövrülük və s.; 3) Olimpiya Oyunlarının bərpası üçün beynəlxalq komitənin yaradılması.
(ardı var)
Mehman Kərimov,
Ceyhun Rəhmanov