Azərbaycanda Olimpiya təhsilinə aid dərsliyi hazırlamaq məqsədilə “Olimpiya dünyası” qəzetinin bizə verdiyi imkandan istifadə edərək apardığımız araşdırma və tədqiqatları özündə əks etdirən məqalələrlə qəzetin oxucularını, idmançıları və bu sahə ilə məşğul olanları Olimpiya təhsilinin müxtəlif məsələləri ilə tanış etmək, fikrimizcə, əhəmiyyətli olacaqdır.
Pyer de Kuberten Olimpiya məktublarından birində “Olympic pedagogy” terminindən də istifadə etmişdir. “Bu Olimpiya pedaqogikası səy göstərmək kultu ilə evritmiya kultunun vəhdətdə tətbiqinə əsaslanır. İzafiliklə yetərliliyə olan istəyi birləşdirmək kifayət etmir. Bu hissi bütün dünya qarşısında dörd ildən bir Olimpiya Oyunları ilə nümayiş etdirmək vacibdir [Coubertin 2000, p.217].
Pyer de Kuberten Olimpiya pedaqogikasında mübarizliklə, səy göstərməklə evritmiyanın vəhdət təşkil etməsini qeyd etmişdir. R.Naul bu fikrə münasibətdə yazmışdır: “Burada təxəyyülün təhsildəki roluna əsaslanan, şagirdin intellektual, praktik və yaradıcı inkişafına çalışan pedaqogikadan söhbət gedir”[Naul 2021, p.21].
Musiqi və sənətkarlıq termini kimi XX əsrdə Avropada tətbiqini tapmış evritmiyada tərkib elementlərinin harmonikliyi, ahəngdarlığı, bir-birini qarşılıqlı tamamlaması əsasdır. Təhsildə idman bu rolu oynamalıdır. Şagirdin (tələbənin) fiziki və intellektual, mənəvi, yaradıcı keyfiyyətləri ahəngdar, harmonik şəkildə inkişaf etdirilməlidir.
Pyer de Kuberten İngiltərə və İrlandiyaya səfərləri zamanı məktəb və universitetləri gəzmiş, müəllim və tələbələrlə tədrisdə idmanın rolu barədə fikir mübadilələri aparmış, son nəticədə topladığı materiallar əsasında “İngiltərədə təhsil” (Education in Angleterry) adlı 326 səhifəlik kitab yazmışdır. Onun növbəti əsəri 1888-ci ildə tamamladığı və 1889-cu ildə nəşr edilmiş “Fransada ingilis təhsili” kitabı olmuşdur. Hər iki kitabın leytmotivini idmanın tədrisdə rolu və tədrisdə vacib vasitə olması təşkil etmişdir. Kuberten fiziki zəifliyin şagird və tələbələrin yaxşı oxumasına mane olduğunu bir daha ön plana çəkmişdir.
Le Playin 1856-cı ildə yaratdığı “Sosial iqtisadiyyat cəmiyyətinin baş katibi olan Pyer de Kuberten 1888-ci il avqustun 1-də komitə üzvlərinə məktubla müraciət edərək onları Fransadakı mövcud təhsil sisteminin dövrün tələblərinə cavab vermədiyinə görə, onda islahatlar aparmağa kömək göstərməyə çağırmışdır. Maraqlı burasıdır ki, bu çağırışın əsas məğzi onun daha əvvəl yazdığı “Fransada ingilis təhsili” kitabında da yer almışdır.
Pedaqoji sahədə mütərəqqi islahatçı olan P.Kuberten gələcək üçün yalnız savadlı vətəndaşların yetişdirilməsini deyil, onların həm də fiziki sağlam, hərtərəfli, kamil insan kimi formalaşmasını vacib hesab etmişdir. Onların Allahı, öz ölkələrini və azadlığı sevən vətəndaşlar kimi böyüməli [Coubertin 2000, p.68] olmasını arzulamışdır.
Pyer de Kubertenin pedaqoji fəaliyyətinin birinci dövründə onun bütün səy və axtarışları birbaşa Fransaya xidmət göstərmək, bu ölkənin maarif sistemində mütərəqqi, gələcəyə köklənmiş islahatlar aparmaq istiqamətindədir. Bu islahatların fransız əsgərlərinin gələcəkdə başqa ölkə (İngiltərə, Almaniya) əsgərləri ilə müqayisədə fiziki zəif deyil güclü olması istəyini də nəzərdə tutmasını da, təbii ki, xatırlatmaq lazımdır.
Pyer de Kubertenin 1890-cı ilə qədərki işlərində Olimpiya Oyunlarının bərpası, Olimpiya Hərəkatı ideyaları üzdə deyil və demək olar ki, səslənmir. O, Müasir Olimpiya Oyunlarının əsasını qoymazdan əvvəl Fransanın tanınmış, sayılıb seçilən şəxslərindən biri olmuşdur. Bu, təsadüfi deyildir. Əvvəla, o, zadəgan nəslindən idi, baron titulu daşıyırdı. İkincisi, hələ 1888-ci ildə yaradılmış, bədən tərbiyəsinin tədrisdə tətbiqini təbliğ edən komitənin baş katibi vəzifəsini yerinə yetirirdi. Üçüncüsü, Kuberten Fransanın təhsil sistemini başqa ölkərlə müqayisədə öyrənən, bu sistemdə idmanın tətbiqinin zəruriliyini ön plana çəkən aparıcı maarifçilərindən biri idi. Nəhayət, dördüncüsü, P.Kuberten pedaqoji fəaliyyət sahəsindəki işləri, eləcə də fəallığı ilə həm müxtəlif cəmiyyətlər, birliklər, həm də dövlət tərəfindən qəbul edilən, fikir və ideyalarına diqqətlə yanaşılan şəxs kimi tanınırdı. Təsadüfi deyil ki, Fransanın təhsil naziri (ministr of Public Instruction) Armand Faller onu ABŞ və Kanadaya ezamiyyətə göndərmişdi. P.Kubertenə bu səfəri dövründə ABŞ universitet və kolleclərinə getmək, onlarda yaradılmış Atletika Assosiasiyalarının fəaliyyətini öyrənmək tapşırılmışdı. 1889-cu ilin iyulunda bu səfərə çıxmış P.Kuberten oradakı fəaliyyətinin nəticələrinə aid hesabatını “Transatlantik universitetləri” adlı 379 səhifəlik kitabda ümumiləşdirmişdi.
Ümumiyyətlə, müasir Olimpiya Oyunlarının banisinin, hər şeydən əvvəl, böyük maarifçi olması, bilavasitə təhsil məsələləri ilə məşğul olması unudulmamalıdır. Pyer de Kubertenin qarşısında qoyduğu vəzifə və onun hədəfi Fransa təhsil sistemində tələb olunan islahatları, yaxud ən azı bu təhsil sisteminin yaxşılaşdırılması üçün vasitə kimi idmanın tədrisindən istifadə edilməsini əsaslandırmaq olmuşdur. O, bu istiqamətdə araşdırmalar aparmış, lazım gəldikdə bu məqsədlə səfərlər etmiş, bu istiqamətdə çalışanlarla, nüfuzlu həmfikirləri ilə fikir mübadiələri aparmış, islahat layihə və planları hazırlamış, idmanın təhsildə tətbiqinə dair məqalə və kitablar yazmışdır.
Ümumiyyətlə, müasir Olimpiya Oyunlarının banisinin, hər şeydən əvvəl, böyük maarifçi olması, bilavasitə təhsil məsələləri ilə məşğul olmasını heç bir vəchlə unutmaq olmaz.
İdmanın təhsildə tətbiqi və ya təhsil prosesində idmandan istifadə olunmasının zəruriliyindən bəhs edərkən Tomas Arnoldun və Pyer de Kubertenin bu sahədəki işləri həmişə diqqət mərkəzinə çəkilir. Bu cəhət onların hər birinin həyatı və işləri ilə bir qədər yaxından tanış olmağa ehtiyac hiss edilir.
Müasir Olimpiya Oyunlarının əsasını qoymuş baron Pyer Fredi de Kuberten 1863-cü il yanvarın 1-də Parisdə anadan olmuşdur. Atası baron Şarl-Lui Fredi de Kuberten mənşəcə dvoryan əsilli italiyalı idi. Şarl-Luinin əcdadları hələ XIV əsrdə Fransaya köçmüşdülər. Pyer de Kubertenin anası Aqata Mariya Marsela fransız aristokrat nəslindən olub Normandiyada Mervil qəsrinin sahibi olmuşdur. Beləliklə, Pyer de Kuberten zadəgan, aristokrat nəslindəndir.
Baron zadəgan tituludur. Mənşəcə latın dilindəki baro sözündən olub “azad insan”, “əsgər” mənasını ifadə edir. Qədim almanlarda “kişi” mənasında işlənmişdir. Latından qədim fransız dilinə keçmişdir. Orta əsrlər feodal Qərbi Avropasında böyük mülkiyyətə sahib olan zadəgan titulu olmuşdur. Fransada kralın (imperatorun) və ya böyük feodalın birbaşa vassalı, həmçinin özünün vassalı olan mülkiyyət sahibi bu titulu daşımışdır. Fransada az yayılmış titul sayılır. Böyük Britaniyada titul iyerarxiyasında 5-ci sayılır. Fransa və digər roman ölkələrində isə ali zadəgan iyerarxiyasında vikont titulundan sonra 6-cı yerdə durur. Baron baronluq adlanan imtiyazı, mülkiyyəti vikont və ya qrafdan almışdır. Baron tərkibinə nəsil malikanəsi və bir neçə kənd daxil olan feodal mülkiyyətini idarə etmişdir. Sonralar fəxri titula çevrilmişdir. Titul sahibinin böyük oğlu atasının birbaşa varisi hesab olunmuşdur. Baron titulu Pyer de Kubertenə atasından keçmişdir.
Pyer de Kubertenin atası tarixi və dini mövzularda tablolar çəkən rəssam, anası isə musiqi ilə maraqlanmış, fortepianoda mükəmməl ifaları ilə seçilmişdir. Ailədə mənəvi dəyərlərə xüsusi diqqət verilmiş, müxtəlif sahələrdə biliklər almaq ənənəsi, rəssamlığa musiqiyə və incəsənətin digər növlərinə böyük maraq hökm sürmüşdür. Belə bir ailədə böyümüş Pyer de Kuberten əsl aristokrat tərbiyəsi almışdır. Uşaqlığını, əsasən Normandiyadakı Mervil qəsrində keçirmiş Pyer de Kubertenin müxtəlif fiziki məşqlər üçün, tarix, fəlsəfə, incəsənətə aid müxtəlif kitablar oxumaq üçün hər cür şərait və imkanlara malik olmuş və bu imkanlardan yetərincə istifadə etmişdir. Parisin ən nüfuzlu litseylərindən birində təhsil aldığı dövrdə de Kuberten əvvəl atsürmə, avarçəkmə, qılıncoynatma, sonradan, boks, tapançadan güllə atıcılığı və reqbi ilə ardıcıl məşğul olmuşdur. Velosiped sürmək isə onun çox sevdiyi məşğələlərdən biri kimi onu həmişə özünə cəlb etmişdir. Təbii ki, bütün bunları təkcə Pyer de Kubertenin özü ilə deyil, həm də aristokrat tərbiyəsi alması ilə əlaqələndirmək lazımdır. Kubertenin həyatı haqqında yazılmış elmi və elmi-populyar məqalələrdə bəzi tədqiqatçılar idmanla çox məşğul olmasının hələ o dövrdə onun idman tərbiyəsinə marağının yaranması kimi qələmə verirlər. Fikrimizcə, tədqiqatlarda səslənən bu cür fikirlər uydurmadır. Məktəb yaşlarında Pyer de Kuberten yəqin ki, idmanın tərbiyədə əhəmiyyətli rol oynaması barədə düşünməmiş, sadəcə, bir çox idman növləri ilə məşğul olmuşdur. Aristokrat olaraq o, at sürməyi, avar çəkməyi, qılınc oynatmağı, güllə atmağı öyrənməli idi və istiqamətdə məşğuliyyətləri, yəqin ki, əsasən ailə nəzarətindən irəli gəlmişdir.
Pyer de Kubertenin çoxlu kitab oxuması və bu kitablardan oxuduqlarını kifayət qədər yaxşı mənimsəyib yadda saxlaması bacarıqlarını isə ailə tərbiyəsi ilə yeniyetmə, gənc Kubertenin bacarıqları kimi qələmə vermək mümkündür. Nəzərə almaq lazımdır ki, Şarl Lui və Aqata Mariya Marsela Kubertenlərin zəngin kitabxanası həm də Pyerin istifadəsində olmuşdur. Onun atası da, anası da mütaliəyə xüsusi maraq göstərmişdir. Tarixə, dinə, incəsənətə maraq Pyer de Kubertenin qanına ailə ənənəsi kimi hopmuşdur.
Pyer de Kubertenin hələ yeniyetmə gənclik dövründə oxuduğu kitablar onu antik Yunanıstan, onun möhtəşəm Olimpiya Oyunları, Olimpiya şəhəri ilə tanış etmiş, qəlbində Yunanıstana olan rəğbət və məhəbbətini artırmışdır. Qədim Yunanıstan haqqında biliklərinin artmasında atasının da rolu az olmamışdır.
Pyer de Kuberten xatirələrində Yunanıstana yeniyetmə dövründə olan məhəbbətindən də bəhs etmişdir. O yazmışdır: “Qədim tarixdə Olimpiya şəhəri kimi heç nə məni heyrətə salmamışdır. Qədim Olimpiya özünün nəhəng sütunları, gözəl arkaları ilə mənim yeniyetmə təsəvvürümə əbədi həkk olunmuş və heç zaman yaddaşımdan çıxmamışdır”.
Fransa aristokarat ailələrində oğlan uşaqlarının hərbi, siyasi və diplomatiya sahəsində yetişməsinə, tərbiyə və təhsil almasına böyük meyil olmuş və bu tendensiya az qala ənənə şəklini almışdır. Məhz bu səbəbdəndir ki, Pyer de Kuberten Parisdəki nüfuzlu liseyi əla qiymətlərlə bitirdikdən sonra o, Fransanın ən məşhur Sen-Sir hərbi akademiyasına daxil olmuşdur. Lakin o, bu akademiyanı bitirməmiş, oradan çıxaraq məşhur Sorbonna universitetinə girmişdir. Ədəbiyyatda belə fikir vardır ki, hərbi akademiyadan çıxmaq qərarını 17 yaşlı Pyer müstəqil qəbul etmişdir. Bu fikrin nə dərəcədə doğru olması haqqında hər hansı bir müddəa irəli sürmək, hansısa fakta istinad etmək çətindir.
Sorbonnada Pyer de Kuberten fəlsəfəni, tarixi, ədəbiyyatı, pedaqogikanı, sosiologiyanı, incəsənəti və digər humanitar fənləri dərindən öyrənmişdir. Onu da demək lazımdır ki, Pyer de Kuberten tapançadan güllə atıcılığında 7 dəfə Fransa çempionu olmuşdur. O, Fransa reqbi çempionatının final matçına hakimlik etmişdir.
1866-cı ildə Prussiyanın Avstriya üzərindəki qələbəsi Almaniya dövlətlərinin tam birləşməsini təmin etməmişdi. Bu yolda III Napoleonun imperatorluq etdiyi Fransa maneə rolunu oynayırdı. Çünki vahid Almaniya dövləti Fransanın Avropadakı hegemonluğunu əlindən ala bilərdi. Prussiyanın və Şimali-alman ittifaqını faktiki idarə edən kansler Otto fon Bismark Fransanı hər cür vasitə ilə müharibəyə təhrik edirdi və o buna nail oldu. Müharibə bir ildən az çəkdi (19.07.1870-10.05.1871) və Fransanın böyük məğlubiyyəti ilə nəticələndi. Fransa-Prussiya müharibəsi başlananda Pyer de Kubertenin 7 yaşında, müharibə bitəndə isə 8 yaşında idi. Müharibənin ağır nəticələri Fransada daim müzakirə olunur, ölkədə revanşizm təbliğatı gedirdi. Fransanın müharibədəki məğlubiyyətinin səbəbləri araşdırılır, mübahisə və müzakirə obyekti olurdu. Bu səbəblərdən biri də fransız əsgərlərinin fiziki hazırlıq səviyyəsinin zəifliyi sayılırdı. Məhz bu çatışmazlığın aradan qaldırılması məqsədilə fiziki tərbiyəni gücləndirmək yolları düşünülürdü. Bu problem ətrafında mübahisələr Pyer de Kuberten Sorbonnanı bitirəndə də davam edirdi. Təbii ki, Pyer de Kuberten də yaşıdları, məsləkdaşları ilə bu məsələ ətrafında müzakirə və fikir mübadilələri aparırdı. Belə mübahisələrdə Pyer Kubertenin hələ yeniyetmə və gənclik dövründə antik Yunanıstanda fiziki tərbiyəyə xüsusi əhəmiyyət verilməsi haqqında öyrəndikləri, Yunanıstanın gimnazium və Palestraları haqqındakı düşüncələri də yada düşürdü.
Pyer de Kuberten Sorbonna Universitetini bitirib incəsənət, elm və hüquq üzrə bakalavr dərəcəsini alır. Bundan sonra təhsilini Parisdə Ekolda - siyasi elmlər üzrə məktəbdə davam etdirir. 1883-cü ildə 20 yaşlı Pyer müasir idmanın vətəni İngiltərəyə səfər edir. Bu səfər zamanı o, İngiltərədə İton, Oksford, Harrou və Kembric kollec və universitetlərində idman və fiziki tərbiyə məsələləri ilə yaxından tanış olur. Ötən yazımızda Tomas Arnoldun həm özünün, həm də məktəbinin məşhurlaşmasında XIX əsr məşhur ingilis yazıçısı Tomas Hyuzun “Tom Braunun məktəb illəri” romanının da xüsusi rolu qeyd edilmişdi. Romanın personajlardan biri də məktəbin direktoru Tomas Arnold olmuşdur. Pyer de Kuberten məktəb illərində bu romanı oxumuş, Tomas Arnoldun pedaqoji konsepsiyası ilə ilk dəfə bu kitabla tanış olmuşdu. Rus alimi A.Sunikin məqalələrindən birində belə bir fikir irəli sürülür ki, Pyer de Kubertenin 1883-cü ildə İngiltərəyə səfərində Reqbi şəhərindəki məktəbə 14 il (1828-1842) rəhbərlik etmiş pastor Tomas Arnoldun idmanı təhsildə tətbiq etməsi təcrübəsini öyrənmişdir.
Maraqlıdır ki, A.Sunik de Kubertenin Reqbi kollecində olarkən Tomas Arnoldun oğlu Metyüz atasının təcrübəsi haqqında kitabı oxumasını, onun bu barədə yazdığı məqalənin 16 iyun 1894-cü ildə Parisdə Beynəlxalq Konqresin açılışı ərəfəsində “Revyu de Pari” jurnalında çap olunmasını qeyd etmişdir. Müəllif yazısında həmin məqalədən de Kubertenə aid belə bir sitat da vermişdir: “İngilis tərbiyəçilərindən birincisi olan dahi vətəndaş Tomas Arnold atletizmin pedaqogikadakı rolunu müəyyənləşdirmişdir. Bunun qəbul edilməsi və uğuru özünü çox gözlətməmişdir. Oyun meydançaları bütün İngiltərəni bürümüşdür. Atletika cəmiyyətlərinin sayı dəfələrlə çoxalmışdır. Onların miqdarını təsəvvür etmək çətindir. Böyük şəhərlərdə onlar yalnız zadəgan rayonlarında deyil, kasıb məhəllələrində yaradılmışdır. Hər kənddə bir və ya iki cəmiyyət vardır. ...Albion oğulları vətəni tərk edəndə idman ideyasını da özləri ilə aparırlar”. Doğrudan da, baron Pyer de Kuberten İngiltərəyə dəfələrlə səfər etmişdir. Lakin onun 20 yaşındakı, daha dəqiq desək, 1883-cü ildəki səfərinin məqsədinin bu ölkənin məktəblərində idmanın təhsildə tətbiqi məsələlərini öyrənmək olub-olmaması, fikrimizcə, müəyyən araşdırmalar tələb edir. Çünki ədəbiyyatda de Kubertenin deyilən məqsədlə səfərlərinin XIX əsrin 80-ci illərinin ikinci yarısına təsadüf etməsi ifadəsini tapmışdır. Burada diqqəti cəlb edən və elmi axtarışlar tələb edən ikinci bir məsələ də vardır. Pyer de Kubertenin XIX əsr məşhur ingilis yazıçısı Tomas Hyuzun “Tom Braunun məktəb illəri” romanına istinad etməsi və bu romanı oxuduqdan sonra Tomas Arnoldun idmanı məktəbdə tətbiq ideyasını təbliğ etməsi söylənilir. A.Sunik isə de Kubertenin Reqbi məktəbinin direktoru pastor Tomas Arnoldun oğlu Metyüz Arnoldun atasının təcrübəsi haqqındakı kitabından söhbət açır.
Nəhayət, A.Sunik məqaləsində Pyer de Kubertenin özünün yaradıcılıq fəaliyyətinin istiqamətini nə zaman təyin etməsinin aktuallığını ön plana çəkir və bunun Kubertenin tərcümeyi-halının öyrənilməsinin çox maraqlı aspektini özündə birləşdirdiyini yazır. Müəllif bu məqsədlə Kubertenin əsərlərini və digər mənbələri təhlil edərək gəldiyi qənaəti belə təqdim edir: “Bu tarix 80-ci illərin ikinci yarısı və 90-cı illərin başlanğıcıdır. Bu illərdə Pyer de Kubertenin yaradıcılıq fəaliyyətinin əsas istiqamətləri idman sahəsi (tarix, nəzəriyyə, təcrübə); pedaqogika; Olimpiya ideyasına dərin maraq olmuşdur”. Faktlara istinadla demək olar ki, təqdim olunmuş ardıcıllıq dəqiq deyil. Pyer de Kuberten yaradıcılıq fəaliyyətinin əsasında pedaqogikanın idmanın tədrisdə tətbiqi məsələsi durmuşdur. Onun Olimpiya ideyası da həmin fəaliyyətinin davamı kimi meydana çıxmışdır. Kubertenin həyatı, məşğul olduğu məsələlər, ona tapşırılan işlər, tanışları, həmfikirləri və şərait onu Olimpiya Oyunlarının bərpası ideyasına gətirib çıxarmışdır. Pyer de Kubertenin aristokrat tərbiyəsi, maddi imkanları, zəhmətsevərliyi, işində məqsədyönlü və ardıcıl olması onu adını pedaqogika, idman və Olimpiya tarixinin ən yüksək zirvəsinə həkk etməyinə zəmin yaratmışdır.
Pyer de Kubertenin Yunanıstana münasibəti məsələsi ədəbiyyatda kifayət qədər aydın şəkildə ifadəsini tapmışdır. Kubertenin filhellinizmi onun tarixi bilməsindən irəli gəlmişdir. Qədim yunanların bədəni və ruhu, ağlı inkişaf etdirməklə bağlı dualizmi onun təhsilə və təhsil ideyalarına ciddi təsir göstərmişdir.
Pyer de Kuberten yunan tarixi, mədəniyyətini, antik Olimpiya Oyunları təcrübəsini yaxşı bilən, yunan tarixi və mədəniyyətinə xüsusi rəğbəti olan şəxs idi.
Filhellinizm - yunanlara məhəbbət anlamını verir. Bu məhəbbət və rəğbət yunanların antik mədəniyyəti, fəlsəfəsi, xüsusən mədəni ənənələri zəminində formalaşmış və kökləri eramızdan əvvələ gedib çıxır. Parfiya çarları eramızdan əvvəl II əsrdə Romada Publiy Kornellinin ətrafında formalaşmış Ssipion dərnəyinin üzvləri, imperator Neron və başqaları filhelliniklər olmuşlar. XIX əsrin əvvəllərində filhellinizm başqa məna almış, yunan-türk müharibəsində Avropa dövlətlərinin əksəriyyətinin Yunanıstana hər cür koməyini reallaşdırmışdır. Bu köməyin də ideya əsasında antik Yunanıstanı ideallaşdırmaq durmuşdur. Şübhəsiz ki, belə ideologiyada din birliyi də özünəməxsus rol oynamışdır.
Əslində, qədim yunan dualizmini Sokrat və Platonun fəlsəfi təlimləri süzgəcindən keçirsək, eləcə də bədən və ruh haqqında ayrı-ayrı dini münasibətləri sərf-nəzər etsək, bir qədər fərqli mənzərə aşkara çıxacaqdır. Yunan dualizmi də, müxtəlif dini baxışlar da bədən və ruhun harmonik inkişafından çox, ruhun kamilləşdiriməsi üzərində diqqəti cəmləyir.
Bu dünya, o dünya, yaxud axirət dünyası müxtəlif dini təlimlərin əsasında durur. Qədim Azərbaycanda təşəkkül tapmış atəşpərəstlikdə də bu dünya fanidir. İnsan bu dünyada yalnız öhdəsinə düşən işləri görməlidir: ağac əkməlidir, övlad böyütməlidir və s. Bundan sonra insan bu dünyadan getməlidir. Ona görə getməlidir ki, o, sonrakı həyatı ilə yalnız dörd ünsürü - su, hava, torpaq və odu korlayır, onlara ziyan vurur. Bu dünyadakı işlərini başa vurduqlarını düşünən atəşpərəstlərin asketizmində qalan ömrü oda sitayiş etməklə tez ölmək ideyası aparıcıdır. Çünki onlar yaşadıqca öz nəfəsləri ilə müqəddəs odu, havanı, torpağı və suyu çirkləndirir, korlayırlar. Müasir ekoloji nəzəriyyə insandan ətraf mühiti qorumağı tələb edirsə, Zərdüştün dinində ölməklə ekologiyanı qorumaq ideyası aşkardır. Zorastrizmə görə, insanın cəsədi də xeyir verməlidir. Quşlar cəsədin ətini yeməli, günəş sümükləri qurudub, onların pak şəkildə torpağa qarışmasını təmin etməlidir.
İslama görə insan öləndə ruh bədəndən ayrılır, cisim çürüyüb torpağa qarışır, ruh yaşayır. Qeyd edilənlərin idmanın təhsil və tərbiyədə tətbiqi ideyası ilə dolayısı ilə bağlılığı vardır. Bu bağlılıq da “sağlam bədəndə sağlam ruh olur” ideyası zəminindədir. İdman sağlamlıq, bədənin fiziki cəhətdən inkişaf etdirilməsi vasitəsidir və sağlamlıq sağlam düşüncə tərbiyə edir.
Yunan dualist fəlsəfəsində bədən və ruh bir-birindən ayrıdır və hətta onlar konfiliktdədir. Bədən ruhun inkişafına mane olur, onu aldadır. Sokrata görə ölüm ruhun bədəndən ayrılmasıdır. İslamda da ölüm ruhun bədəni tərk etməsi ilə nəticələnir. Sokrat ruhun hələ insan doğulmamışdan kamil olmasını qəbul edir. Yunan dualizmində ideya maddi olan hər şeydən vacibdir. Düşünmək hər cür işləməkdən daha zəruridir. Allah haqqında düşünmək isə Allaha xidmət etməkdən əhəmiyyətlidir. Fəlsəfə fizikadan vacibdir və s.
Pyer de Kuberten yunanlarda bədən və ruh məsələsinin qoyuluşuna da münasibət bildirmişdir. Onun “Transatlantic Universities” əsərinin “From North to South” bölməsində bu barədə deyilir: “Yunanlar şəxsiyyətin kamilləşməsini onun müxtəlif bacarıqlarının harmoniyasında görmüşlər. Orta əsrlərdə asketizm ruhun özünün əzəli rəqibi bədəni özünə tabe etməsinin vacibliyini təbliğ edir. Bundan sonra hərbi ideal, ondan sonra fəallıq ön plana keçmişdir. O yerdə ki, sənin əşyalarla, insanlarla, hadisələrlə və ya öz-özünlə mübarizə etməyindən asılı olmayaraq hər şey son nəticədə mübarizəyə gedib çıxır və bu mübarizə xoşməramlıdır”. Bu düşüncələri ilə Pyer de Kuberten sanki mübarizənin və insana mübarizə aparmağı öyrədən idmanın insan həyatındakı əhəmiyyətini ön plana çəkmiş olur. Deməli, Pyer de Kuberten idmanın insanda mübarizlik və fəaliyyət tərbiyə etməsi xüsusiyyətlərinin rolunu dəyərləndirmişdir. Onun təhsildə idmandan istifadə etmək ideyasının əsasında bu cür keyfiyyətlərin tərbiyəsi aparıcı yerdə durur.
De Kubertenin Fransanın zadəgan təbəqəsindən olması onun dostluq etdiyi, idmanla birgə məşğul olduğu şəxslərin və ümumiyyətlə yaxın ətrafının da bu qəbildən olmasını müəyyən səviyyədə təsdiq edir. Bu cür gənclər dövrün, zamanın yeniliklərinə tez reaksiya verməklə yanaşı, zadəgan cəmiyyəti üçün ənənəvi olan klub və cəmiyyətlərin yaradılmasına da meyilli olmuşlar. XIX əsrin birinci yarısında atletikanın bir sıra növləri müxtəlif ölkələrdə tələbələr arasında populyarlıq qazanmışdı. 1837-ci ildə İngiltərənin İton kollecində ilk böyük beynəlxalq turnir keçirilmişdi. 1864-cü ildən başlayaraq Oksford və Kembric universitetlərinin tələbələri arasında ənənəvi yarışlar təşkil olunurdu. 1865-ci ildə London atletika klubu yaradılmışdı. 1876-cı ildə Nyu-York atletika klubu təsis edilmişdi. 1880-ci ildən İngiltərədə Həvəskar Atletika Assosiasiyası fəaliyyət göstərirdi.
(ardı var)
Mehman Kərimov,
Ceyhun Rəhmanov