Azərbaycanda Olimpiya təhsilinə aid dərsliyi hazırlamaq məqsədilə "Olimpiya dünyası” qəzetinin bizə verdiyi imkandan istifadə edərək apardığımız araşdırma və tədqiqatları özündə əks etdirən məqalələlərlə qəzetin oxucularını, idmançıları və bu sahə ilə məşğul olanları Olimpiya təhsilinin müxtəlif məsələləri ilə tanış etmək, fikrimizcə, əhəmiyyətli olacaqdır.
Pyer de Kubertenin İngiltərə və İrlandiyaya səfərləri ingilis təhsil sistemi ilə yaxından tanış olmaq məqsədi daşımışdır. O, bu səfər zamanı topladığı materiallar əsasında 326 səhifəlik “İngitərədə təhsil” (Education in Angelterry) kitabını yazır. Bundan sonra 1888-ci ildə “Fransada ingilis təhsili” kitabını qələmə alır və onu 1889-cu ildə nəşr etdirir. Hər iki kitabın leytmotivini təhsildə idmanın vacib vasitə olması təşkil edir. Pyer de Kuberten kitablarda fiziki zəifliyin şagird və tələbələrin yaxşı təhsil və beləliklə də yaxşı tərbiyə almasına mane olduğunu xüsusi qeyd etmişdir. P.Kuberten Fransanın o dövrdəki təhsil sisteminə də bu mövqedən yanaşaraq yazırdı: “Mən əvvəllər də demişəm, mövcud təhsil sistemi fiziki zəiflik və intellektual kütlük və beləliklə, mənəvi iflas, böhran doğurur” [Coubertin 2000, p. 63].
La Play-in 1856-cı ildə yaratdığı Sosial İqtisadiyyat Cəmiyyəti Komitəsinin baş katibi olan Pyer de Kuberten 1888-ci ildə komitə üzvlərinə məktubla müraciət edir. Məktubda o, Fransanın mövcud təhsil sisteminin dövrün tələblərinə cavab vermədiyini əsaslandırır, komitə üzvlərini bu təhsil sistemində islahatlar aparmaqda kömək etməyə çağırır. Maraqlı orasıdır ki, bu çağırışın məğzi onun əvvəl yazdığı “Fransada ingilis təhsili” əsərində yer almışdır [Coubertin 2000, p.68].
Pyer de Kuberten idmanı məqsədə çatmağın əsas vasitəsi hesab etmiş, onun təhsildə tətbiqindən üç şey gözlədiyini vurğulamışdır. Birincisi, idman bədənlə ağıl arasında balans yaradacaqdır. İkincisi, idman təşəbbüskarlıq və yaradıcılıq üçün meydan açacaq, pis fikir və vərdişlərdən uzaqlaşdıracaqdır. Üçüncüsü, idman yeniyetmələrə ən yaxşı keyfiyyətləri aşılayacaqdır. “Onlar Allahı, Vətəni və azadlığı sevən vətəndaşlar” kimi yetişəcəklər [Coubertin 2000, p. 68]. Aydın olur ki, Pyer de Kubertenin təhsildə islahat aparmaq planları yalnız savadlı deyil, fiziki cəhətdən sağlam, müsbət etik və əxlaqi keyfiyyətlərə sahib vətəndaşlar yetişdirməyi nəzərdə tutmuşdur.
Pyer de Kuberten pedaqoji fəaliyyətinin birinci dövründəki səy və axtarışları bilavasitə Fransa təhsil sistemində mütərəqqi, novator islahatlar aparmağa həsr olunmuşdur. Onun 1890-cı ilə qədər olan işlərində Olimpiya Oyunlarını bərpa etmək, müasir Olimpiya hərəkatı yaratmaq ideyaları implisitdir, üzdə deyil və demək olar ki, yazılarında səslənmir. Lakin bu, o demək deyil ki, P.Kuberten həmin dövrdə Olimpiya Oyunlarının bərpası, ümumiyyətlə, bu oyunların əhəmiyyəti haqqında düşünməmişdir. N. Müller “Kubertenin Olimpiya baxışları” paraqrafında Olimpiya Oyunlarının bərpası və idmanın beynəlmiləlləşdirilməsi ideyasının P.Kuberteni nə zamandan narahat etməsinin dəqiq tarixinin məlum olmadığını vurğulamış, onun Olimpiya Oyunlarına marağının yezuit məktəbində oxuduğu dövrdə yaranmasını və bu marağı onda müəllimi keşiş Karronun oyatmasını da qeyd etmişdir. Nəhayət, N.Müller elə bu məqaləsində P.Kubertenin 1894-cü il konqresindəki yekun çıxışına istinad edərək göstərmişdir ki, Pyer de Kuberten Olimpiya Oyunlarının bərpasına olan ümidini ürəyində bir arzu kimi gəzdirmişdir. N.Müllerin verdiyi daha bir məlumatı xatırlatmaq lazım gəlir. O yazmışdır: “Prinston Universitetinə səfəri zamanı Kuberten professor Vilyam Slounla görüşmüşdür. Dostluq şəraitində keçən və uzun müddət davam edən bu görüşdə Kubertenin ürəyində gəzdirdiyi bir ideyanı S.Vilyam dilə gətirmiş və Olimpiya Oyunlarının bərpasının vacibliyindən danışmışdır” [Müller 2000b, p.79].
Qeyd olunanlara və elmi ədəbiyyatlardakı digər oxşar fikirlərə istinadla demək olar ki, Pyer de Kubertenin Olimpiya Oyunlarına, tarixə, xüsusən yunan tarixinə böyük ehtiramla yanaşması baxımından Olimpiya Oyunlarını bərpa etmək ideyası onun qəlbində daha əvvəllər olmuşdur. Lakin onun bu ideyanı həyata keçirmək istiqamətində fəaliyyəti 1890-cı ildən sonra başlanmışdır. Pyer de Kubertenin ilkin pedaqoji fəaliyyətində gələcək Olimpiya idealları və dəyərləri özünü implisit şəkildə onun idmana münasibətində göstərmişdir. Bu müddəanı söyləməyə aşağıdakılar əsas verir: 1) antik olimpiadalarda həqiqi atletizm fiziki və mənəvi keyfiyyətlərin vəhdətinə əsaslanırdı; P.Kuberten də idman vasitəsilə tədris prosesində fiziki və mənəvi kamilliyin əldə olunacağı fikrini irəli sürürdü; 2) antik dövrdə fiziki kamillik ardıcıl məşqlərlə əldə olunurdu; P.Kuberten də idmanla ardıcıl və məqsədəuyğun məşğul olmağı əsas götürürdü; 3) antik olimpiadalar sülh, barışıq və qarşılıqlı anlaşmanı vacib sayırdı; P.Kuberten tədrisdə idmanın istifadə olunması ilə dostluq, kollektivçilik, qarşılıqlı anlaşma, hümanizm kimi keyfiyyətlərin əldə olunacağına inanırdı. P.Kubertenin 1890-cı ilə qədərki pedaqoji fəaliyyətində qırmızı xətt kimi keçən idmanın tədrisdə tətbiqinin təşkili və onun verəcəyi nəticələrin antik olimpiadalarla başqa paralellərini də sadalamaq mümkündür. Pyer de Kuberten antik olimpiadaların müsbət və mütərəqqi keyfiyyətlərini (ekxeriya, sülh, atletizm, qələbə sevinci, qələbənin gətirdiyi şöhrət və s.) müasir Olimpiya Oyunlarına transfer etməklə yanaşı, oyunları yeni mütərəqqi keyfiyyətlərlə (Olimpiya devizi, simvolu, həvəskarlıq, açılış mərasimi və s.) zənginləşdirməyə daim səy göstərmişdir.
XIX əsrdə Olimpiya təhsili deyil, gələcəkdə Olimpiya təhsilinin bazasını təşkil edəcək idmanın təhsil, təlim və tərbiyədə istifadəsi ideyası aparıcı olmuşdur.
Beləliklə, aydın olur ki, Olimpiya təhsili ideyası təhsildə idmanın istifadə olunması təşəbbüsləri zəminində yaranmışdır. İdmanın təhsildə tətbiqi ideyası daha əvvəllər yaransa da, onun əsasının İngiltərədə Tomas Arnoldun qoyması aparıcı fikirdir [Coubertin 2000, p. 100; Naul 2008, p.38-39]. İdmanın təhsildə tətbiqində alman J.F.C. GutsMutsun və başqalarının əməyi də az olmamışdır [Naul 2008, pp.35-42].
XIX əsrin ikinci yarısında idmanın, daha dəqiq desək, bədən tərbiyəsinin insan həyatındakı roluna xüsusi önəm verənlər “sağlam bədəndə sağlam ruh olur” ideyasına əsaslanmışlar. Onlar idmanın insana verə biləcəyi əxlaqi-etik keyfiyyəti kollektivçilikdə, vahid məqsəd uğrunda birgə mübarizə aparmaqda, mübarizlikdə, fəallıqda görmüşlər. Komanda idman növlərinin təhsildə istifadə olunması, təhsildə idmanın rolunun ingilis T.Arnold modeli də buna istinad edir, bu dayağa əsaslanır. Nəhayət, idmanla əldə edilən üçüncü keyfiyyət xarakterin formalaşmasıdır. Bu xarakter mübarizə aparmaq, qalib gəlmək, əzmkar olmaq, qələbə sevincini dadmaq, qələbə sevinci ilə yaxşı nümunənin vəhdətinə nail olmaq kimi keyfiyyətləri əhatə edir. Məsələ burasındadır ki, qələbə, yaxşı nümunə yalnız idmanda deyil, yaxşı oxumaq, bilikləri mənimsəmək, mədəni olmaq, başqaları tərəfindən qəbul olunmaq, sayılmaqda da vardır. Burada bir məsələni də aydınlaşdırmaq lazım gəlir. İnsanın əxlaqi-etik dəyərlərinə görə qiymətləndirilməsi nəticəsi bəlli olan hadisədən dərhal sonra baş vermir, bu hadisəyə görə qiymətləndirmədən çox geri qalır. Deyək ki, təhsil alan bir şagirdin, tələbənin heyətinə daxil olduğu reqbi komandasının qələbəsi qələbə sevincini, bu qələbədə komanda üzvlərinin hər birinin yaxşı nümunəsini dərhal ortaya qoyursa, yaxşı oxumaq, mədəni olmaq, başqalarına münasibətdə yaxşı keyfiyyətlərə malik olmaq bu dərəcədə sürətlə üzə çıxmır. Müsbət əxlaqi-etik keyfiyyətlərə malik olmaq, savadlılıq, yaxşı dünyagörüşü və s. insana qələbə, başqaları ilə müqaayisədə yaxşı olmaq sevincini dərhal bəxş etmir. İdman isə bunu hər qələbə ilə eyni zamanda gerçəkləşdirir. Komanda oyununda kimin daha yaxşı şagird və ya tələbə olması əsas deyil, kimin komandanın qələbəsində daha çox əməyi olması ön plandadır. Kollektivçilik, dostluq, qarşılıqlı yardım, öz mənafeyini deyil, kollektivin mənafeyini düşünmək kimi yaxşı nümunə və yaxşı keyfiyyətlər idmanda tez üzə çıxır və idmanla məşğul olan şəxsdə daha tez formalaşır. İdman ümumi mənafeyi əsas mövqeyə çıxarır, qələbə sevinci bu mənafeyə xidmət edənləri dərhal dəyərləndirməyə zəmin yaradır. Nəticədə ilk baxışdan adi görünən idman mübarizəsi xarakterin formalaşmasında, müsbət əxlaqi-etik keyfiyyətlərin qazanılmasında daha əhəmiyyətli və vacib rol oynayır. İdmanın tədrisdə tətbiqini təbliğ edənlər, R.Naulun təbirincə desək, Olimpiya təhsilinin babaları, ataları, oğulları, həmçinin onların arasında özünəməxsus yer tutan, müasir Olimpiya Oyunlarının banisi Pyer de Kuberten də belə ideyaya istinad etmişdir.
Bu məsələnin tam aydınlaşması üçün daha bir neçə anlayışı necə qəbul etməyin doğru olması barədə bəzi mülahizələri dilə gətirmək lazım gəlir. Orta təhsil, ali təhsil, idman təhsili, hümanitar təhsil, texniki təhsil, tibbi təhsil kimi termin-söz birləşmələrinin hər birində “təhsil” komponenti vardır və bu komponent eyni bir mənanı daşıyır, terminoloji birləşmədə cinsi bildirən komponenti ifadə edir. Sadalanan terminlər təhsilin müxtəlif növlərini əhatə edir. Təhsil cinsin adını bildirir. Orta təhsil, idman təhsili, kinomotoqrafiya təhsili və s. növlərdir. Termin-söz birləşmələrinin hər birinin izahında aparıcı fərqləndirici komponentin mənası əsasdır. Tibbi təhsil deyəndə, biz tibb sahəsində təhsil almağı düşünür, assosiativ olaraq həkim yadımıza düşür. Hərbi təhsil deyəndə hərbiçini, idman təhsili deyəndə isə daha çox idmançını, məşqçini, idman müəllimini yada salırıq. Məsləyə bu aspektdən yanaşsaq, “İdman təhsili” və “Olimpiya təhsili” anlayışlarının da fərqli olduğunu bir daha görürük.
İdman təhsili müəyyən idman növündə hazırlığı və yarışlarda iştirakı, yaxud konkret növdə ixtisaslaşma şərti ilə bədən tərbiyəsinin tədrisi üçün mütəxəssis hazırlığını əhatə edir. İdman təhsili pedoqoji-idman və bioloji təşkiledicilərə bölünür, mədəni, əxlaqi, sosial aspektləri kənarda qoyur. Olimpiya təhsilinin əsasında isə olimpizm fəlsəfəsinin ümumbəşəri əxlaqi və mədəni ənənələri və normaları, idealları və dəyərləri durur.
Pyer de Kubertenin işlətdiyi “idman təhsili” yuxarıdakı mənada olan növü nəzərdə tutmur. Bu termin idman mütəxəssisi hazırlamaq təhsilini özündə birləşdirmir. Termin hər hansı təhsildə (Pyer de Kuberten bu mənada orta təhsili, ümumtəhsil məktəblərini nəzərdə tutmuşdur) idmanın proqrama daxil edilməsi, idman məşğələlərindən, oyunlarından istifadə olunmasını və bu yolla harmonik inkişafı təmin etməyi özündə birləşdirir.
Pyer de Kuberten idman məşğələlərini Fransa məktəblərində tədris edilən gimnastika dərslərinin proqramına daxil etmək istəyirdi. O, 1880-ci illərdə Fransa orta məktəblərində keçirilən ənənəvi hərbi gimnasika fənninin proqramını yeniləmək, bura dövlət məktəblərində təhsilin ingilis modelinə uyğun atletizm tədrisini daxil etməyə səy göstərirdi [Naul 2021, p.20].
R.Naulun işlətdiyi “hərbi gimnastika” (military gymnastics) termini müasir dövrdə bəzi ölkələrdə tədris olunan “İlkin hərbi hazırlıq” fənninin anoloqu kimi qəbul oluna bilər. Şagird əsgər üçün vacib olan bacarıq və biliklərə bilavasitə orta ümumtəhsil məktəbində oxuyarkən yiyələnir. Məsələn, o, silahı söküb-yığa bilir, atəş açmağı öyrənir, müdafiə xəttindəki maneələri keçməklə bağlı müəyyən təlimlər alır və s. Terminin tərkibindəki “gimnastik” komponenti müasir idman gimnastikası mənasında deyil, bu söz ümumi bədən tərbiyəsini ifadə edir. Antik dövrdə isə bu atletizm təlimi idi və onun tərkibinə əzələləri inkişaf etdirmək, müasir gimnastikaya aid tapşırıqlar, qaçış, güləş, yumruq döyüşü, döyüş arabaları sürmək və s. ilə bağlı hərəkətlər, fiziki tapşırıqlar daxil olmuşdur. Pyer de Kuberten “military gymnastics” fənnini ləğv edib onun əvəzinə idman dərslərini təhsil proqramına daxil etmək məsələsini qoymur, islahat aparmaq və mütləq atletizm təhsilini proqrama salmağı nəzərdə tutur. Onun fikrinə görə, “hərbi gimnastika” bir fənn kimi, idman təhsilinin yerini verə bilmir. Pyer de Kubertenin idmanın tədrisdə tətbiqinin ingilis sisteminə üstünlük verməsi də ondan irəli gəlirdi. Pyer de Kuberten Tomas Arnoldun (1795-1842) tədris ideyalarına qəlbən valeh olmuşdu. O, hesab edirdi ki, T.Arnold idmanın tədrisdə tətbiqinə nail olmaqla İngiltərə təhsil sistemini köklü şəkildə dəyişdirmişdir [Naul 2021, p.20].
(ardı var)
Mehman Kərimov
Ceyhun Rəhmanov