Gələn il fevralın 6-dan 22-dək İtaliyada təşkil olunacaq Milano-Kortina 2026 Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb.
Olimpnews.az xəbər veriri ki, noyabrın 26-da keçirilən mərasim əlverişsiz hava şəraitinə görə Olimpiya stadionunda deyil, Olimpiya Arxeologiya Muzeyində təşkil olunub. Kahinlər tərəfindən Apollona edilən dualardan sonra alov xüsusi qorunmuş məşq məşəlindən götürülərək ilk məşəl daşıyıcısı Paris-2024-ün bürünc mükafatçısı, yunanıstanlı avarçəkən Petros Qaidatsisə təqdim olunub.
Məşəl daha sonra İtaliyanın ikiqat Olimpiya çempionu Stefania Belmondoya, ardınca xizək üzrə ikiqat Olimpiya Oyunlarının qalibi Armin Zöggelerə ötürülüb. Yunanıstanda doqquz günlük estafetdən sonra məşəl dekabrın 4-də Afinada “Panatinaikos” stadionunda İtaliyaya təhvil veriləcək.
Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri, Yunanıstan Respublikasının prezidenti Konstantinos Tassulas, eləcə də İtaliya nümayəndə heyəti iştirak edib. BOK prezidenti çıxışında Olimpiya Atəşkəsinin rəmzi rolunu vurğulayaraq, Oyunların “insanları sülh və hörmət ətrafında birləşdirən” əhəmiyyətindən danışıb.
Milano-Kortina 2026-nın prezidenti Covanni Malaqo bildirib ki, məşəlin səyahəti qədim Oyunların ahəng və birlik ideallarını xatırladır və bu dəyərlər bu gün də dünyanı birləşdirir.
İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Luçano Buonfiqlio çıxışında vurğulayıb ki, məşəl yandırma mərasimində iştirak etmək qürurvericidir və o, qarşıdakı Oyunlarda italyalı idmançılarının güclü dəstək alacağına inandığını bildirib.
Məlumt üçün bildirək ki, məşəlin İtaliya estafeti dekabrın 6-da Romada başlayacaq. Ümumilikdə 10 min 1 məşəlçi 63 gün ərzində 12 min kilometrlik marşrutu qət edəcək. Məşəlin yolu Sienna, Pomppeya, Venesiya və Kortina di Ampezzodan keçərək fevralın 6-da Milanın “San-Siro” stadionunda keçiriləcək açılış mərasiminə çatacaq. Qış Olimpiya Oyunları uzun fasilədən sonra yenidən Alp dağlarına dönüşü simvolizə edəcək.
Milano-Kortina 2026-nın məşəl estafeti qədim Olimpiyadan başladı


