Olimpiya təhsili

Olimpiya təhsili

Azərbaycanda Olimpiya təhsilinə aid dərsliyi hazırlamaq məqsədilə “Olimpiya dünyası” qəzetinin bizə verdiyi imkandan istifadə edərək apardığımız araşdırma və tədqiqatları özündə əks etdirən məqalələlərlə qəzetin oxucularını, idmançıları və bu sahə ilə məşğul olanları Olimpiya təhsilinin müxtəlif məsələləri ilə tanış etmək, fikrimizcə, əhəmiyyətli olacaqdır.

 

1. İdman, Olimpiya Oyunları, Olimpiya Hərəkatı və təhsil

Yeni yüzilliyin əvvəllərində XXI əsrin Olimpiya əsri olacağı ideyası müəyyən dairələrdə çox olmasa da, diqqəti cəlb edəcək dərəcədə səsləndirilən bir fikir idi. Müəyyən dairələrdə deyəndə, biz, ilk növbədə, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tədbirlərində, eləcə də BOK ilə Birləşmiş Millətlər Təşkilatının birgə toplantılarında adıçəkilən ideyanın dilə gətirilməsini nəzərdə tuturuq. Olimpiya əsrinə can atmaq, Olimpiya ideallarının bərqərar olmasına çalışmaq, hər şeydən əvvəl, Olimpiya Oyunlarının sülhün carçısı hesab edilməsindən irəli gələn bir hadisədir. Bəşəriyyət yeni, qarşılıqlı anlaşma və sülhün hökm sürdüyü, müharibə, münaqişə və rəqabətin idman meydanlarında, yarış zallarındakı ədalətli oyunlarla əvəz olunduğu dünya arzusundadır. Lakin arzularla onların reallığa çevrilməsi arasında olan zaman, məkan və münasibət kimi amillərlə bağlı sədləri ortadan götürmək, şübhəsiz ki, o qədər də asan deyildir.

XX əsrin 70-ci illərindən başlayaraq Olimpiya Oyunlarını, Olimpiya Hərəkatını öyrənən tədqiqatçılar və dünyanın qabaqcıl maarifçiləri Olimpiya təhsili adlandırılan bir anlayışın, yeni bir tədris üsulunun ətrafında geniş müzakirələr aparırlar. Olimpiya təhsilinin məktəb proqramlarına daxil edilməsi cəhdləri, təklifləri olsa da, hələ ki belə bir təhsil forması BOK və Beynəlxalq Olimpiya Akademiyasının səlahiyyəti və fəaliyyəti çərçivəsindən kənarda reallaşa bilmir. Eyni zamanda bu iki qurumun dünyanın, demək olar ki, bütün ölkələrində Milli Olimpiya komitələri (MOK) və Milli Olimpiya Akademiyaları (MOA) olduğu üçün Olimpiya təhsilinin yayılma arealı geniş və çoxəhatəlidir. Elə bu səbəbdəndir ki, Olimpiya təhsilinə münasibətdə, onun dərkində, lokal səviyyədə tətbiqində oxşarlıq, fərqlilik və yayğınlıq da kəmiyyət və keyfiyyətcə böyükdür. Hər bir MOK və MOA öz ölkəsində Olimpiya təhsilini həyata keçirmək istiqamətində ciddi işlər görməlidir. Bu tələb hazırda Olimpiya Xartiyasında da təsbit olunmuşdur. Əksər MOK-lar qeyd olunan istiqamətdə fəaliyyət göstərir, hər il müxtəlif sayda irili-xırdalı tədbirlər həyata keçirirlər. Bunu nəzərə alaraq, BOK Olimpiya təhsilinin vahid sistemini yaratmaq, bu təhsil üçün müvafiq dərslik və vəsaitlərin hazırlamaq, Olimpiya təhsilinin davamlı mexanizmini tapmaqla bağlı işləri və tədbirləri dəstəkləyir.

Azərbaycan Milli Olimpiya Komitəsinin Olimpiya təhsili ilə bağlı 2018-ci ildə başlayaraq həyatda keçirdiyi OCEP layihəsi hazırda BOK-un, eləcə də Avropa Olimpiya Komitəsinin qəbul etdiyi proqramlardan biridir.

Olimpiya təhsili ideyasının təşəkkülü, inkişafı və Olimpiya təhsili anlayışının formalaşması, bu anlayışın təyini, tərifi haqqında müxtəlif fikirlər mövcuddur. Ümumiyyətlə, bu məsələ barədə kifayət qədər çox yazılsa da, onun bir sıra aspektlərinin açılmasına, şərh edilməsinə ehtiyac hiss olunur. Olimpiya təhsilinə aid elmi, tədris və tövsiyə xarakterli ədəbiyyatlardakı fikirləri nəzərdən keçirmək, onlara münasibət bildirmək lazım gəlir. Eyni zamanda Azərbaycanda Olimpiya təhsilinin həmin elmi-nəzəri, həm də praktik məsələlərini öyrənmək, onları şərh etməyə də ehtiyac vardır.

Azərbaycan Milli Olimpiya Komitəsi hazırda beynəlxalq Olimpiya Komitəsinin nüfuzlu üzvlərindən biridir. Azərbaycan MOK-u yalnız ölkənin Olimpiya Oyunlarında uğurlarına deyil, həmçinin Olimpiya Hərəkatının müxtəlif sahələrinə verdiyi töhfələri ilə də xeyli irəli getmişdir. Hesab edirik Olimpiya təhsili sahəsində tədqiqatlarda da ölkəmizdə görülmüş işləri də diqqət mərkəzinə çəkməyin vaxtı çatmışdır.

Olimpiya təhsili, şübhəsiz ki, Olimpiya Oyunları və Olimpiya Hərəkatı ilə bağlıdır. Ancaq onun meydana gəlməsi müəyyən tarixi dövrə təsadüf edir. Olimpiya Oyunlarının bərpasından daha əvvəl XIX əsrdə idmanın təhsildə tətbiqi məsələsi aktual olmuşdur. İdmanın təhsildə tətbiqi sahəsində tədqiqat aparmış tanınmış şəxsiyyətlərdən biri də baron Pyer de Kuberten olmuşdur. Məhz onun apardığı araşdırmalar, topladığı materiallar göstərir ki, idmanın təhsildə tətbiqi məsələsi daha əvvəllər qoyulmuş və bu sahədə bəzi ölkələrdə ardıcıl işlər aparılmışdır.

 

Yeni təhsil yolunun axtarışında və ya XIX əsrdə təhsildə islahat məsələsinin qoyuluşu

 

1.2. Olimpiya təhsili məsələsinin təşəkkülü

“Olimpiya təhsili” (OE) termininin birinci komponenti Olimpiya Oyunları ilə bağlıdır və Olimpiya Hərəkatı sahəsində tədris, yaxud təhsil mənasını verir. Antik olimpiadalar dövründə belə bir təhsil forması olmamışdır. Həmin olimpiadalarda iştirak etmək istəyənlərin məşq və təlimlər keçməsi OE adlandırılmamışdır. Belə təlimlər atletlərin öz ustalıqlarını təkmilləşdirməsini, fiziki və texniki hazırlığını əhatə etmişdir. “Olimpiya təhsili 1890-cı illərdən başlanmış müasir Olimpiya Hərəkatının uşağıdır. Onu da demək lazımdır ki, bu təhsil konseptinin ideyası və ideallarının kökləri yalnız Britaniya orta məktəblərində 50 il əvvəl aparılmış islahatlarla bağlı deyildir. Onun kökləri daha əvvəllərə - XVIII əsrin sonlarında Avropada insan amilini önə çəkən məktəblərdə müntəzəm fiziki tərbiyəni ümumi təhsilin tərkib hissəsi hesab edən filantropik islahatlara gedib çıxır” [Naul 2008, p.35]. Bu fikirlə razılaşmaq, Olimpiya təhsilinin öz kökləri ilə XVIII əsrin sonlarında Avropada fiziki tərbiyənin ümumi təhsil sisteminə inteqrasiyası ilə bağlılığını qəbul etmək lazım gəlir. Ona görə də, təhsildə “müntəzəm fiziki tərbiyə”dən Olimpiya təhsilinə doğru inkişafın səbəblərini müəyyənləşdirmək vacibdir. Onu da nəzərə almaq lazımdır ki, müasir dünyada təhsil sistemində hələ ki, fiziki tərbiyə öz yerini Olimpiya təhsilinə verməmişdir. Fiziki tərbiyəni Olimpiya təhsili ilə eyniləşdirmək olmaz.

Tədqiqatlarda Olimpiya təhsili məsələsi həmişə Pyer de Kubertenə istinadla ortaya atılsa da, onun “olimpiya təhsili” (Olympic Education) söz birləşməsindən istifadə etmədiyi də qeyd olunur [Müller 2010, p.1;Naul 2008, p.102; Naul, Binder 2017, p. 20 və s.]. Pyer de Kubertenin çıxış və yazılarının ingilis dilinə tərcümələri əsasında tərtib olunmuş “Olimpizm” kitabında “education” təkrarlanan sözlərdən biridir. “İndex of topiks” əlavəsinə istinadla demək olar ki, kitabda “təhsil islahatı” (educational reform) 12, “təhsil verən/müəllim” 25, “Olimpiya təhsili” 10, “fiziki tərbiyə/təhsil” (physical education) 48, “idman təhsili” (sporting education) 3 səhifədə işlədilmişdir. Əsərin index siyahısında “təhsil fəlsəfəsi” (educational philosophy) termini də qeyd edilmişdir [Bax: Coubertin 2000, pp. 843, 849, 850, 853]. İndex göstəriciləri terminoloji mahiyyət kəsb edən açar sözlərə istinadları əhatə edir. “Təhsil” sözünün ümumişlək mənada kitabda daha çox işlənməsi isə heç bir şübhə doğurmur.

“Kuberten özü uzun illər bu konsepsiya üçün “Olimpiya təhsili” terminindən fərqli bir termindən istifadə etmişdir.O, kitablarının adında “atletlərin təhsili/təlimi” (I`education atletique) və ya “ingilis təhsili” (I`educatin Anglaise), yaxud “idman təhsili” (I`education sportive), eləcə də “idman pedaqogikası” (la pedegogie sportive) kimi terminlərini işlətmişdir. Kuberten “Olimpiya” (Olympique) terminini yalnız I Dünya Müharibəsindən, dəqiq desək, 1925-ci ildən sonra özünün təhsillə bağlı yeniliklərini “Olimpiya”(Olympic) termini ilə birləşdirmişdir” [Naul, Binder 2017, p.21].

Buradan belə nəticə çıxır ki, Pyer de Kubertenin bilavasitə Olimpiada ilə bu və ya digər şəkildə bağlı olan təhsil məsələlərinə münasibətini 1925-ci ildən başlayaraq yazdığı işlərdə axtarmalıyıq. R.Naulun fikrinə görə, P.Kubertenin “Olimpiya təhsili” (Olympic education) terminini işlətməməsinin səbəbi ondadır ki, “Olimpiya təhsili konsepti onun ənənvi idman təhsili konsepti ilə effektiv şəkildə əlaqəlidir”[Naul 2008, p. 37]. P.Kubertenin “idman təhsili” termini ilə “Olimpiya təhsili” anlayışları yaxın məzmuna malikdir. Ancaq bu cəhət “idman təhsili” və ya “ingilis təhsili” terminlərinin “Olimpiya təhsili” anlayışı ilə eyni məna kəsb etməsini də iddia etmək olmaz. Ən azı ona görə iddia etmək olmaz ki, “Olimpic education” tarixən xeyli sonra elmi dövriyyəyə daxil olmuşdur və onun elmi anlayış kimi qəbul olunması üçün, hər şeydən əvvəl, Olimpiya Oyunları bərpa olunmalı, bu oyunların idealları, eləcə də dəyərləri təyin edilməli, Olimpiya Hərəkatı beynəlxalq miqyasda yayılmalı idi.

R.Naul kitabının 4 və 5-ci paraqraflarını “Olimpiya təhsilinin ataları və babaları: XIX əsr” və “Olimpiya təhsilinin ataları və oğulları: XX əsr” adlandırmaqla olimpiya təhsilinin tarixini, əslində, iki dövrə ayırmışdır [Naul 2008, p. 35-56]. Buradan belə bir məntiqi nəticə çıxır ki, təhsildə idmanın rolu ideyası XIX əsrdə təşəkkül tapmış və bu əsrin sonlarında isə Olimpiya təhsili adlandırılmasa da,yeni bir anlayışın formalaşması üçün zəmin yaranmağa başlamışdır.

Əgər müəllifin “Olimpiya təhsilinin ataları və babaları” və “Olimpiya təhsilinin ataları və oğulları” obrazlı ifadələrini paraqrafların adlarından çıxarsaq, onun Olimpiya təhsili məsələsinə XIX və XX əsr çərçivəsində baxışının şahidi oluruq. Buradan belə bir məntiqi nəticə çıxır ki, təhsildə idmanın rolu ideyası XIX əsrdə təşəkkül tapmış və bu əsrin sonlarında isə bilavasitə “Olimpiya təhsili” adlanmasa da, belə bir anlayışın formalaşması üçün zəmin yaranmağa başlamışdır.

Təhsildə idmanın, xüsusən də kriket və futbolun vacib tədris vasitəsi olması fikri, yaxud ideyası Tomas Arnolda məxsusdur. R.Naul tədqiqatında T.Arnoldun bu vasitəni Rugby School-da tətbiq etməsini göstərmişdir. Aydın olur ki, T.Arnoldun məktəbində kriket və futbol deyil, reqbi komanda idman növü təhsil sisteminə daxil edilmişdir. Komanda idman növünün fərqlənməsi ümumi mənzərəni dəyişmir. Burada niyə məhz komanda idman növünə üstünlük verilməsini aydınlaşdırmaq lazım gəlir. Şübhə yoxdur ki, qarşılıqlı anlaşma, dostluq, kollektivçilik kimi etik və əxlaqi keyfiyyətlər, ilk növbədə, komanda idman növlərində üzə çıxır, komanda idman mübarizəsini fərdi deyil, vahid komanda şəklində aparmağın düzgünlüyünü təsdiq edir. Təhsildə idmanın rolu ideyasının məğzində, özəyində idmanın onunla məşğul olana iki şeyi verməsi durur. Bunlardan birincisi fiziki sağlamlıq, ikincisi isə etik-əxlaqi keyfiyyətlərdir. Fiziki sağlamlıq insan üçün ən vacib amildir. Fiziki cəhətdən zəiflik insan fəaliyyətinin bütün sahələrinə, o cümlədən də təhsil almağa da mənfi təsir göstərir.Təsadüfi deyil ki, əksər xalqların, o cümlədən də Azərbaycan xalqının belə bir atalar sözü vardır: “Sağlam bədəndə, sağlam ruh olar”. Sağlam ruh etik-əxlaqi keyfiyyətlərin geniş dairəsini özündə birləşdirir. Bura dostluq, qarşılıqlı yardım, qarşılıqlı anlaşma, kollektivçilik, yalnız özünün deyil, kollektivin mənafeyinə xidmət etmək, komandanın uğuruna sevinmək və başqa etik-əxlaqi keyfiyyətlər daxildir.

Pyer de Kuberten ömrü boyü çoxşaxəli və çoxistiqamətli fəaliyyətlə məşğul olmuş və bu fəaliyyət sahələrindən üçü onun bütün həyatının ayrılmaz tərkib hissəsi olmuşdur. Bu üç sahədən biri pedaqogika (təhsil, təlim, tərbiyə), digəri idman, nəhayət, sonuncusu Olimpiya Hərəkatıdır. Önəmli odur ki, sonuncuda, yəni Olimpiya Hərəkatında idman, təhsil və bir çox digər məsələlər birləşib vəhdət əmələ gətirir. Bununla belə, müasir Olimpiya Oyunlarının banisi, hər şeydən əvvəl, maarifçi olmuş və fəaliyyətinin ilk dövründə onun hədəfi Fransa təhsil sistemində tələb olunan islahatların aparılmasının vacibliyini əsaslandırmaq, bu təhsil sistemini yaxşılaşdırmaq üçün mühüm vasitə kimi idmandan istifadə etməyin zəruriliyini sübut etmək olmuşdur. O, bu məsələlər ətrafında araşdırma və təhlillər aparmış, yeri gəldikcə başqa ölkələrin bu sahədəki təcrübəsini öyrənmək üçün səfərlər etmiş, səfərləri zamanı qeyd olunan sahənin mütəxəssisləri ilə görüşmüş, öz müşahidələri zəminində material və faktlar toplamış, tədqiqat və tövsiyələrində həmin materiallardan kifayət qədər geniş şəkildə istifadə etmişdir.

 

(ardı var)

Mehman Kərimov

Ceyhun Rəhmanov