Şimali Makedoniyanın və Xorvatiyanın birgə ev sahibliyi etdiyi Skopye-2025 XVIII Avropa Gənclər Olimpiya Festivalının bağlanış mərasimi keçirilib.
Olimpnews.az xəbər verir ki, Skopyedəki Yan Sandanski İdman Mərkəzində, açıq havada təşkil olunan mərasimdə Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos, Festivalın Təşkilat Komitəsinin prezidenti Daniel Dimevski və digər Olimpiya komitələrinin rəhbər şəxsləri iştirak ediblər.
Mərasim Şimali Makedoniyanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Oyunların rəmzi olan “Şayni” adlı maskotun qonaqları coşqu ilə salamlamasından sonra festivalın könüllüləri səhnəyə dəvət olunub. Onlara yarışların uğurla təşkili və yüksək əhval-ruhiyyənin qorunmasında göstərdikləri əvəzsiz xidmətlərə görə təşkilatçılar adından səmimi təşəkkür bildirilib. Sonra iştirakçı ölkələr bayraqla səhnədən keçiblər. Mərasimdə Azərbaycan komandasının bayraqdarları atletika üzrə 110 metr məsafəyə sədlərlə qaçış üzrə U-18 Azərbaycan rekordçusu Əmir İsmayılov və cüdo üzrə -44 kq çəki dərəcəsində Skopye-2025-in qızıl medalçısı Gülşən Hüseynova olub.
Festivalın Təşkilat Komitəsinin rəhbəri, Şimali Makedoniya Milli Olimpiya Komitəsinin prezidenti Daniel Dimevski çıxış edərək, tədbirin uğurla başa çatmasından məmnunluğunu ifadə edib: “Bu festival sadəcə idman yarışı deyildi - bu, gəncliyin, dostluğun və birlik ruhunun təntənəsiydi. Şimali Makedoniya bu cür genişmiqyaslı tədbiri həm peşəkarlıqla, həm də qürurla həyata keçirdiyini sübut etdi”.
Festivalın bağlanış mərasimində çıxış edən Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos Skopye-2025-in yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Bu, həqiqətən də qeyri-adi bir həftə oldu. Biz Avropanın hər guşəsindən gələn gənc atletlərin zəhmətini, enerjisini və idmana olan sevgisini izlədik. Onlar təkcə idman sahəsində deyil, həm də qarşılıqlı hörmət və həmrəyliyə dair ən gözəl nümunələri nümayiş etdirdilər”.
Tədbirin sonunda Avropa Olimpiya Komitəsinin bayrağı yarışlara 2027-ci ildə ev sahibliyi edəcək Linyano-Sabbiadoro (İtaliya) Avropa Gənclər Olimpiya Festivalının təşkilatçılarına təhvil verilib.
Beləliklə, Skopye-2025 gənclərin dostluq, birlik və idman uğrunda yarışdığı unudulmaz festival olaraq tarixə düşüb.
Qeyd edək ki, iyulun 20-dən 26-dək təşkil olunan budəfəki festival əvvəlkilərdən fərqli olaraq iki ölkədə - Şimali Makedoniyanın paytaxtı Skopye və Kumanovo şəhərlərində, həmçinin Xorvatiyanın Osiek şəhərində keçirilib. Avropanın 50 ölkəsindən 4 mindən çox idmançının iştirak etsiyi Skopye-2025-də 14-18 yaş arası idmançılar 15 idman növü üzrə mübarizə aparıblar. Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunub. İdmançılarımızın 12-si (6 oğlan, 6 qız) cüdo, 9-u (6 oğlan, 3 qız) atletika, 8-i (5 oğlan, 3 qız) taekvondo, 6-sı (3 oğlan, 3 qız) şose velosipedi, 2-si (1 oğlan, 1 qız) dağ velosipedi, 5-i (3 oğlan, 2 qız) üzgüçülük, 4-ü (1 oğlan, 3 qız) idman gimnastikası, 2-si (1 oğlan, 1 qız) badminton, 2-si (1 oğlan, 1 qız) atıcılıq, 2-si (1 oğlan, 1 qız) isə stolüstü tennis yarışlarında iştirak edib.
Azərbaycan idmançıları yarışları 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medalla başa vurublar.
Komandamıza qızıl medalları cüdoçular Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) qazandırıblar. Cüdo üzrə Nuranə Hacızadə (-48 kq), Zeyd Ələsgərov (-60 kq) və güllə atıcılığı üzrə Leyli Əliyeva – Oleq Kerjankin dueti (10 metr pnevmatik tapança) gümüş medal əldə ediblər. Bürünc medalları isə cüdoçular Aysun Məmmədova (-52 kq), Məhəmməd Ağakişiyev (-73 kq), Sübhan Axundov (+90 kq) və taekvondoçu Yunis Hüseynov (73 kq) qazanıblar.
Festivalı 10 medalla başa vuran Azərbaycan komandası ümumi medal sıralamasında 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki festivalda badminton üzrə fərdi yarışlarda və atıcılıq növündə birinci yeri tutan idmançılar 2027-ci ildə keçiriləcək IV Avropa Oyunlarına birbaşa lisenziya qazanıblar.
XVIII Avropa Gənclər Olimpiya Festivalının bağlanış mərasimi keçirildi

