Qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Azərbaycan təmsilçisi "Lokomotiv” İsrailin "Hapoel” klubu ilə qarşılaşıb. Belə ki, qarşılaşma gözlənildiyi kimi "Lokomotiv”in üstünlüyü ilə başlayıb. Bunun nəticəsində komandamız ilk texniki fasiləyə 4, ikinci texniki fasiləyə 10 top irəlidə yollanıb. Bu üstünlüyü qoruyan voleybolçularımız qələbə qazanıblar - 25:16. Gözlənilənlərin əksinə olaraq, ikinci hissə rəqibin ciddi müqaviməti ilə başlayıb. Onlar hətta hissənin gedişində "Lokomotiv”i 2 xal qabaqlamağı da bacarıblar - 17:15. Buna baxmayaraq, komandamız yenidən öz oyununu göstərib. "Hapoel”ə çətin anlar yaşadan Kladio Kuellonun yetirmələri bu dəfə hissəni 6 top irəlidə bitiriblər. Üçüncü hissədə isə oyunun taleyinə aydınlıq gəlib. Qarşısıalınmaz hücumlar, keçilməz blok və inamlı müdafiə sayəsində "Lokomotiv” qalib gəlib. Bu qələbə sayəsində "dəmiryolçular” cavab görüşünə yüksək əhval-ruhiyyə ilə çıxacaqlar.
CEV kuboku
1/8 final mərhələsi, ilk oyun
5 dekabr
"Lokomotiv” (Azərbaycan) - "Hapoel” (İsrail, Kfar Saba) - 3:0 (25:16; 25:19; 25:14)
Hakimlər: Aleksandr Pavlov (Rusiya), Andrey Kovalçuk (Ukrayna)
Bakı, Voleybol Mərkəzi