Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda iştirak edən daha bir boksçumuz qitə çempionatının yarımfinalına vəsiqə qazanıb. Belə ki, komandamızın üzvü Malik Həsənov (63,5 kq) üçüncü görüşündə irlandiyalı Din Klensini məğlub edib.
Millimizin üzvü Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, yarımfinalda moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayacaq.
Bununla da yarımfinala yüksələn boksçularımızın sayı 2-yə çatıb. Özləri üçün ən azı bürünc medalı təmin edən təmsilçilərımız bu mərhələnin görüşlərinə aprelin 25-də çıxacaqlar.
Qeyd edək ki, bir gün öncə Alfonso Dominqes (92 kq) də yarımfinalda iştirak hüququ qazanıb.