Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində fəaliyyət göstərən KWU-WFKF Birliyin Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə birgə kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirib.
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən federasiya prezidenti Ülvi Quliyev ölkədə bu cür yarışların keçirilməsinin vacibliyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin idmana göstərdiyi misilsiz xidmətlərdən söz açan qurum rəsmisi Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın idman ölkəsi olduğunu və bir çox yarışları uğurla təşkil etdiyini söyləyib.
AKF-nin vitse-prezidenti Füzuli Musayev də öz növbəsində keçirilən yarışların gənc nəslin təlim-tərbiyəsində vacib rolunun olduğunu qeyd edib. O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin idmanın bütün növlərinin, xüsusilə karatenin ölkəmizdə geniş yayılması və inkişaf etməsinə göstərdiyi diqqət və qayğısı qazanılan uğurların təməlidir.
Yarışın açılış mərasimində Bakı şəhər Gənclər və İdman İdarəsinin karate üzrə kuratoru Taleh Məqsədli də iştirak edib və iştirakçılara uğurlar arzulayıb.
Qeyd edək ki, Bakı birinciliyində müxtəlif klub və nümayəndəliklərdən 300-ə yaxın karateçi qüvvəsini sınayıb. Qaliblər Bakı şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom və medallarla mükafatlandırılıblar.