Qadın voleybolçular arasında Çempionlar Liqasında V turun növbəti oyunları keçirilib. "Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunan görüşdə "Rabitə” Fransanın "Beziers” klubunu qəbul edib.
Son ölkə çempionu bu oyunda da qalib gəlib. Vaxtından əvvəl pley-off mərhələsinə vəsiqə qazanmasına baxmayaraq, "rabitəçilər” rəqiblərinə heç bir imkan verməyərək aktivinə 3 xal yazdırıb.
Görüş voleybolçularımızın üstünlüyü ilə başlayıb. Komandamız blokda və hücumda effektli oynayıb. İnamlı mübarizə aparan voleybolçularımız birinci hissədə 5 top fərqi ilə qalib gəliblər. İkinci hissədə isə rəqib təşəbbüsə yiyələnib. Hər 2 texniki fasiləyə öndə çıxan (8:7, 16:14) "Beziers” fərqi 4 topa kimi artırıb - 18:14. Bundan sonra "Rabitə” qələbə qazanmaq üçün əlindən gələni etsə də, Fransa təmsilçisi qələbəni əldən verməyib - 23:25. Üçüncü hissədə Eldar Yusubovun yetirmələri yenidən üstünlüyə yiyələniblər. Hissəyə ardıcıl 5 xalla başlayan komandamız ilk texniki fasiləyə 6, ikinci fasiləyə 8 top irəlidə yollanıb. Sonda isə onlar nə az, nə çox 15 xal fərqi ilə qalib gəliblər. Ardınca qonaqlar oyunda dönüş yaratmaq istəyib. Amma "Rabitə” "Beziers”in Bakıda ilk xalını qazanmasına imkan verməyib. Fransalılar dördüncü hissədə ilk texniki fasiləyə 4 top üstün yollandıqdan sonra Bakı təmsilçisi əvvəlcə oyunda bərabərlik yaradıb (10:10), ardınca hesabda önə keçib - 13:12. Lakin rəqib yenidən fəallaşıb. "Beziers” ikinci texniki fasiləyə 16:15 hesabı ilə irəlidə çıxdıqdan sonra fərqi 4 topa yüksəldib - 22:18. Amma V tura kimi xal itirməyən ölkə çempionu bu dəfə də əzmkar oyunu ilə azarkeşlərin rəğbətini qazanıb. Hesabda bərabərlik yaradan komandamız yekunda qələbə qazanıb.
Bu qələbə sayəsində "rabitəçilər” həmçinin "Dresdner” (Almaniya) - "Omikça” (Rusiya) görüşün nəticəsindən asılı olmayaraq, qrupda liderliyini qoruyacaq.
Qarşılaşmadan sonra "Rabitə”nin baş məşqçisi Eldar Yusubov oyunla bağlı fikirlərini bildirib: "Biz növbəti dəfə gördük ki, Çempionlar Liqasında çıxış edən hər bir komandanı ciddi qəbul etmək lazımdır. Düşünürəm ki, bu, bizim üçün yaxşı bir dərs oldu. Nəhayət, yetirmələrim final fitinə kimi oyuna davam etməyi başa düşdülər. Əks halda, qarşılaşma başqa hesabla da yekunlaşa bilərdi”.