Ağalar Bayramovu dinlədikcə milli ruhumuzun pıçıltılarını eşidirik
Bu an çox məsuliyyətli bir işin öhdəsindən gəlməyə çalışıram. Ona görə də Allahın mənə yardım edəcəyini hiss edirəm. Bəlkə də həyatımda belə bir məsuliyyət hissini indiyə kimi yaşamamışam.
Bir söz sənətkarının (dəmirçi körüyünə bənzəyən sinəsi müdrikləşmiş və nəzmə çəkilmiş misralarla doludur axı) bədii təfəkkürünü incələmək məsuliyyətim var. Lakin indiyə qədər onun haqqında elə gözəl fikirlər söyləyiblər ki...
Bəlkə də buna görə çaşıb qalmışam. Dilimdə kəlmələrim, əlimdə qələmim susub. Kamil insanlar – xalqımızın sevimli söz dühaları, elm adamları, tanınmış ictimai-siyasi xadimlər, elm və incəsənət sahəsinin simalarının fikirlərinin yanında mənim düşüncələrimin sönük görünməsini də istəməzdim.
Haqqında sözün qüdrətinə güvənib beş-üç kəlmə də yazmaq istədiyim qəhrəmanım səhnə sənətinin canlı əfsanəsi kimi tanınan, həm də hər kəs tərəfindən sevilən bədii qiraət ustası, Mədəniyyət və İncəsənət Universitetinin professoru Ağalar Bayramovdur.
O Ağalar Bayramov ki, özü şair olmasa da, şeiri söz xiridarlarından yaxşı duyur, səsləndirir.
Ağalar Bayramov rəssam deyil, lakin sözün şəklini elə çəkir ki, onu heç bir rəssam bacarmaz!
Onun haqqında yazmaq sizə heç də asan gəlməsin. Axı özü bir yox, minlərlə, on minlərlə sözü incələyib poetikfikir taparaq ruhunun nitqiylə şeirsevərlərə çatdırır. Bununla da ruhumuzu saflaşdırır, könlümüzü oxşayır...
Ağalar Bayramov əzəmətli dağların vüqarını bizə şeir diliylə elə gözəl çatdırır, sanki özü də o zirvələr səltənətində dünyaya göz açıb. O, şeir deyəndə, elə bil lilpar bulağın zümzüməsini eşidirsən, onun əyilib kol dibindən dizlərini yerə qoyub nərgiz, bənövşə dərdiyini görürsən. Dumanda-çəndə yol azan Ağalar dastan qəhrəmanına çevrilir – Abbas Tufarqanlı olub Gülgəz Pərisini axtarır, gah da “Əsli və Kərəm”də Lələyə yalvaran, Əslinin dərdindən od tutub alışan Kərəmə dönür.
Yox, yox, o, şeir söyləyəndə kim olmur ki? Aşıq Ələsgər obrazında Göyçədən üz tutur ağır türk ellərinə. Sanki o, Aşıq Nəcəf kimi kürəyində qaynar samovar erməni daşnaklarının işgəncələrinə məruz qalır.
Ustad sevgi-məhəbbət libaslı şeirləri söyləyəndə, adama elə gəlir ki, özü həmin hissləri yaşayır, yaxud başına gələnləri xəyalından qoparıb dilinə gətirir.
Mil-Muğan torpağının (Ucarda doğulsa da, onu dağlar oğlu kimi tanıyırıq nədənsə) yetirməsi olsa da, kəlbəcərlilər onu öz doğması, qazax və tovuzlular öz balası, göyçəlilər Ələsgər ocağının yadigarlarından hesab edir. Çünki o, bütöv Azərbaycanımızın hər yerindən olmağı ilə fəxr edir. Yəni o, həm cənubludur, həm qərbli, həm də şimallı. O, həm qarabağlıdır, həm də Cənubi Azərbaycanın qaradağlısı...
Ağalar Bayramov kim olmağı bacarmır ki? Kaş imkanım olaydı, bu sualı ona ünvanlayaydım. Maraqlıdır, görəsən, Ağalar Bayramov aktyor kimi səhnədə müxtəlif xarakterli obrazlar yaratsaydı, o, indiki kimi tamaşaçı qəlbinə yol aça bilərdimi?
Xalq şairi Məmməd Arazın söz xiridarı olan Ağalar Bayramov haqqında vaxtilə söylədiklərindən bir-iki cümləyə nəzər salaq: “...Mən şeirlərimi onun dilindən eşitdikcə sözlərin rənglərini, çalarlarını yenidən görürəm, təzədən duyuram. Onun səsi çox ürəyəyatandır. Ağaların səsi, nəfəsi ilə şeirdəki ən incə hisslər, ən zərif duyğular dilə gəlir. Yerindən, məqamından asılı olaraq bu səs gah gülür, gah ağlayır. Ağalar Bayramov şeir deyəndə onun poeziya sənətinə vurğunluğunu hiss etməmək mümkün deyil...”
Yaxşı xatirimdədir, bir qələm dostum deyirdi ki, vallah, Ağalar Bayramov poeziya diliylə elə obrazlar yaradır ki, onu şeir yazan hər kəs bacarmaz. Sonralar Ağalar müəllim haqqında fikir yürüdən söz və qələm adamlarının yazılarında da bu, aydınca hiss olunur.
Xalq şairi Bəxtiyar Vahabzadə Ağalar Bayramovun sənətkarlığı barədə TV-lərin birində söz açarkən belə bir maraqlı fikir söyləmişdiki, Ağalar istər kiçik bir şeir parçasını, istərsə də bütöv poemanı sadəcə əzbərləyib yaddaşına yazmır, elə bil daxilən onu yaşayır: “...O, həm də həmin şeirlərin müəllifinə çevrilir. “Axı dünya fırlanır” poemamı o, hələ tələbəlik illərində, Mədəniyyət və İncəsənət Universitetinin Tədris Teatrında kurs tamaşası kimi göstərərkən elə ifa etdi ki, sanki başım fırlandı. Onu və Xalq artisti Laləzar Mustafayevanı da səhnədə təbrik eləmişəm. Ağalar belə sənət fədaisidir. Ağalar söylədiyi şeirlərin sanki müəllifidir. Heç kəs başqasının şeirini bu cür içdən gələn avazla söyləyə bilməz...”
Əməkdar İncəsənət Xadimi, şair-publisist Məmməd Aslan da Ağalar Bayramovun sənətini yüksək dəyərləndirənlərdəndir: “...Ağaların səsi əzaba düçar olmuşların ümumiləşmiş səsidir. Onun harayında, onun zümzüməsində, onun gumultusunda bütünlüklə fələkzadələrimizin intiqama çağıran ah-naləsi var. Hayqırışları, yalvarışları var. Bu müqtədir sənətkar, təəssüflər olsun ki, hələ də səhnədən “Əməkdar artist” adı ilə çağırılır...”
Maraqlıdır, Ağalar Bayramov söz sərraflarının nəzərində ilahiləşdirilir. Bəs incəsənət aləmində onun sənətkarlığı necə dəyərləndirilir? Buna görə də mənbələrə baxanda maraqlı fikir və düşüncələrlə qarşılaşırsan. Məsələn, Xalq artisti, kamançanı dünyaya sevdirən Habil Kaman deyir: “...Ağalar şeirlə yaşayır, onunla nəfəs alır. Biz şeiri oxuyuruq, o isə görür. Kaş hamı sənətində Ağalar kimi olaydı...”
Sözün qüdrətindən mayalanan, kinomuzun ən parlaq ulduzu, əlçatmazlığı ilə “kəşf edilməmiş qitə” kimi uzaqdan görünən, səhnə sənətinin korifeylərindən biri, canlı klassikimiz, “Nəsimi”də söz üstündə “dara çəkilən” Xalq artisti Rasim Balayevin təqdimatında Ağalar Bayramovu bir başqa obrazda görürük: “...Ağalar gözəl kino, səhnə aktyoru ola bilərdi: maraqlı rollar da yaradardı. Qiraətçi-aktyor yolunu tutmaqla özünü sənətdə tapdı və təsdiqlədi. Onun sevilən sənətkarların sırasında layiqli yer tutması, bədii qiraəti sənət zirvəsinə qaldırması dostlarını çox sevindirir. Ağaların həyatda arxa-dayağı istedadı və çalışqanlığı olub. Hər bir aktyor onun yaddaşına, zövqünə, vətənpərvərliyinə yaxşı mənada qibtə edə bilər”...
Xalqımızın istedadlı övladı, qələmi və qəlbi ilə könülləri fəth edən Qənirə xanım Paşayeva – nakam taleli qələm sahibi də sənətçi haqqında fikirlərini yerində və dəyərincə bildirib: “...Ağalar müəllim neçə illərdir öz əzəmətli səsi ilə Qarabağ dərdimizi, Xocalı yaramızı əks etdirən bədii nümunələri böyük yanğıyla təqdim edir. Səngərlərdəki oğullar onun səsindən güc alırlar...”
Yazımın qəhrəmanı haqqında elə şəxsiyyətlərin, söz və qələm adamlarının yazısına rast gəlirsən ki, bundan qürur duymamaq mümkün deyil. Belə ürəkdən gələn fikirlərin müəlliflərini saymaqla qurtarmaz. Onlardan birinin də qısa mülahizələrini yazıma əlavə edirəm. Şair-publisist Əli Rza Xələfli hələ 2006-cı ildə "Səsin üç rəngi" adlı essesində qiraət ustası haqqında yazırdı: “...Mən dostcanlı, qohumcanlı, millətsevər, yurdsevər Ağalar Bayramova təkcə Azərbaycan xalqının artisti deməzdim. Onu millətimizin cavan müdriki, elimizin söz əsgəri, böyük vətənsevəri hesab edirəm”.
Elə bilirəm ki, heç bir rəsmi ad və titulla əvəz oluna bilməzonaverilən bu dəyərlər. O dəyərlər ki, onlar Ağalar Bayramovun mənəviyyatında bütövləşir, birləşir.
Ağalar tək özü deyil, o, tarixin özündən gələn varlığımızı özündə ehtiva etmiş sənətkardır. Bayraq-Adam-Ağalar Soltan Nəcəfovun, Müxlis Cənizadənin, Kazım Ziyanın, Səməndər Rzayevin... Aşıq Ələsgərin, Məmməd Arazın, Söhrab Tahirin, Səməd Vurğunun... tarixi-xronoloji ardıcıllığı gözləyib-gözləmədən deyərdim ki, bizim sənət dünyamızın göylərə çəkilmiş ruhlarının bu gün yaşayan daşıyıcısıdır; kimisinin səs daşıyıcısı, kimisinin söz daşıyıcısı.
O, bizim üçün işıq olan ruhları mənəviyyatına çağırmış bir sənətkardır. Ağalar Bayramovun sevilməsinin, uca tutulmasının kökü, rişələri xalqın bağrının ümman dərinliyinəcən işləmişdir...”
Bu əzəmətli səsin sahibi sanki minillik bir yol gəlib, gəncliyindən müdrikləşib, ona görə nəfəsi müqəddəsləşib: Təbrizimdən Dərbəndiməcən, Borçalımdan Göyçəmizəcən... Bütöv Azərbaycan dərdimizdən boy verən səs heykəlidir – qaməti, boy-buxunu kimi, səsi də əlçatmazdır.
Hər zaman dərdlərə məlhəmdir, mülayimdir: gah vaxtsız itirdiyi, Qubadlıda qara torpağa tapşırdığı nakam taleli oğlu Şəhriyarın dilidir, gah Bəxtiyar Vahabzadənin “Gülüstan”ını sinədəftər edən, Xəlil Rza Ulutürkün hayqırtısı, gah iki sevən aşiqin pıçıltılarını bizə eşitdirən, mavi gözlü Xəzərimiz kimi dalğalı, ləpəli, gah da Tərtərimiztək zümzüməli, kəlmə-kəlmə damcılayan bulaq suyudur Ağalar müəllimin səsi-nəfəsi...
Bilmirəm, bəlkə məndə də Ağalar müəllimin bədii yaradıcılığı və kamil sənətkarlığı barədə fikirlərimi yazmaq marağı elə o vaxtlardan yaranmışdı...
Bədii qiraətlə aktyor sənəti arasında fərqlər olsa da, eyni incəsənət növünün ayrı-ayrı qolları hesab olunur. Bədii qiraətçinin tərəf-müqabili tamaşaçı, aktyorluqla məşğul olanınkı isə həmkarlarıdır. Ağalar müəllimin qiraətində istər hekayə parçası, yaxud şeir olsun, bir böyük səhnə əsərinə çevrilir. Bir aktyorun monoloqundan çıxıb kütləvi səhnədə oynanılan əsərə, tamaşaya çevrilir onun ifası. Bu isə ən böyük aktyorluqdur. Kefli İsgəndərin monoloqunu səhnədə aktyor da təqdim edir, bədii qiraətçi də. Hər ikisində də yaşama və göstərmə sənəti var ki, bu da məşhur Stanislavsiki məktəbinin verdiyi imkandır...
Əgər rejissorlar bu mahir sənətkara obrazlar tapşırsaydılar, o nələr yaratmazdı?! Buna misal olaraq bir xatirəni yada salmaq istərdim. Xalq şairi Sabir Rüstəmxanlının 58 yaşı ilə bağlı bir saatlıq “Tanrı işığı” filmi çəkilirdi. Ağalar müəllim o günləri belə xatırlayır: “...Orada üç obraz vardı. Çəkilişlər gecə Şəhidlər xiyabanında, Qobustanda, polis idarəsində və həbsxanada gedirdi. Filmin qayəsi ziyalının yaşadıqlarını canlandırmaq, həbsxanada nə günə düşməsini ekranlaşdırmaq idi. Filmi çəkən də rəhmətlik, tanınmış rejissor Rövşən Almuradlı idi. Çəkiliş isə 21 günə ərsəyə gəldi. “Moskva” hotelində filmin təqdimatı oldu. Xalq yazıçısı Anar müəllim başda olmaqla, 200 nəfərlik ziyalı qrupu filmi ayaq üstə seyr etdi. Anar müəllim burada çıxışında dedi: “...Biz Ağaları bədii qiraət sənətinin daşıyıcısı kimi tanıyırdıq, amma görün, o, necə gözəl obrazlar yaradırmış, heyran qaldım...”
Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra, 1994-1997-ci illərin Novruz bayramında Ağalar müəllim mərasimin əsas obrazını canlandıraraq faytonda, Dədə Qorqud obrazında Azdramadan İçərişəhərin Qoşa Qala qapısına qədər yürüş edənlərin başında durub. Daha sonralar da Novruz bayramında iki il Bakının Yasamal rayonunda, altı il isə Suraxanının “Atəşgah” məbədində xalqımızı salamlayıb. Bundan böyük uğur olarmı?!
Əlbəttə, yuxarıda qeyd etdiyim kimi, Ağalar Bayramovun sənəti və sənətkarlığı barədə xalqımızın tanınmış simaları vaxtında tutarlı fikirlər söyləyiblər. Buna görə də istəməzdim ki, deyilənləri, yazılanları təkrarlayım. Lakin bir həqiqəti deyim ki, onun çoxlarına nəsib olmayan, şəxsiyyətinin və sənətkarlığının bir-birini tamamlaması bir dinləyici və tamaşaçı kimi məni bəlkə də daha çox valeh edib. Buna görə də istəmişəm ki, bu barədə mənim də özümə məxsus fikirlərim olsun.
Bəli, Ağalar müəllimin sənəti – nəfəsi ulu qaynaqlardan gəldiyi üçün ədəbiyyat və incəsənət tariximizin yaşıdıdır. Onu yaşatmaq üçün bədii yaradıcılıq imkanlarından istifadə edən Ağalar Bayramov milyonların sevimlisinə çevrilib.
Elə tanınmış şairimiz Ramiz Qusarçaylının düşüncələrində də bunu hiss edirik: “...Oxucular tərəfindən hər şeiri maraqla oxunan, Vətənin müqəddəsliyini bənzərsiz və obrazlı şəkildə nəzmə çəkib rəngarəng poeziya nişanı yaradan, bu nişanı yurdumuzun insanlarından, onların adət-ənənələrindən, təbiətindən mayalandıran sevimli şairimiz Məmməd Arazın “Ayağa dur, Azərbaycan!” şeiri Ağalar Bayramovun ifasında daha da dolğunlaşır, böyüyür, təsir dairəsi genişlənir:
Mənəm, Ağalaram, şeir deyirəm!
“Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!”
Bu, Şəhriyar harayıdır!
Bu, Bəxtiyar harayıdır!
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir!..
Məzarından baş qaldıran baban deyir...
Haqqında söylənilənləri ümumiləşdirsək, belə qənaətə gələrik: Ağalar müəllim səhnə sənətini yaxşı duyur. Dinləyicisini, tamaşaçısını tez tanıyır, ona münasib şeir seçir. Hətta bəzən ilk çıxışları üçün ifa tərzini də tamaşaçıya uyğun qurur: dinləyicini ələ alır, özünə tabe edir. Sonra sənətin lazım bildiyi mərhələsini nümayiş etdirir, dinləyicisini arxasınca aparır.
Ağalar Bayramovu, yuxarıda qeyd etdiyimiz kimi, hər kəs Mil-Muğan torpağının yetirməsi bilir. Məni isə TV-lərin birində efirə gedən bir ağrılı kadr az qala çaşdıracaqdı. Buna Ağalar müəllim özü aydınlıq gətirdi. Bildirdi ki, onun səsinin yanğılı olması heç də təsadüfi deyil. Ömrünün gənclik dönəmlərində, ömür-gün yoldaşının dünyaya göz açdığı Qubadlı rayonunda Şəhriyar adlı oğlunu qəfil, 9 yaşında itirməsi və məzarının tapdaq altında qalması onu yandırıb-yaxan böyük dərd olub. Atalarımız yaxşı deyib: “Sağalsa da yağı dağı, sağalmaz bala dağı...”
Hələ Birinci Vətən müharibəsi başlanmazdan əvvəl, Müdafiə Nazirliyindən Ağalar Bayramova hərbi forma verilib. 2020-ci il avqustun 5-dən sonra isə könüllü olaraq hərbi hissələrdə döyüş ruhunu yüksəltmək, vətənpərvərlik hisslərini gücləndirmək üçün Vətənin bir yaradıcı əsgəri kimi səngərlərə yollanır. Onun səsi Beyləqandan, Milabatdan, Xocavənddən, bir sözlə, döyüşlərin qızışdığı hər yerdən, yaralıların yanından gəlirdi. Hələ Füzuli alınmamış Əhmədbəyli kəndində o da səsi ilə “döyüş”ə başlamışdı. Əslində son 30 ildə şəhid anaları hər zaman arzulayırdılar ki, görkəmli sənətkar təkcə Bakıda yox, rayonlardakı anım günlərində, dəfn mərasimlərində onların yanında olsun, o şaqraq, bəzən kədərli, bəzən döyüşə çağıran unikal səsi ilə qəhrəman ruhları Vətənin azadlığına səsləsin...
Zəfər ilində Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar İncəsənət Xadimi, professor Ceyran Mahmudovadan xahiş edib ki, bu nüfuzlu təhsil ocağının tanınmış pedaqoqu sayılan Ağalar Bayramova 3 ay dərs keçməkdə möhlət verilsin. O, universitet əvəzində hər gün bir neçə şəhid ailəsinin anım məclislərinə və onların xatirələrinin əbədiləşdirilməsi üçün təşkil edilən tədbirlərə gəlsin, o gözəl səsi ilə çıxış edərək məclisdəkiləri ovutsun, qəhrəmanlarımızın döyüş ruhunun zəifləməməsi üçün könülləri riqqətə gətirsin, bir sözlə, o məlahətli səsi ilə arxa cəbhədə “savaşsın”... Bu, balaca bir iş deyil, həm cəbhə bölgələrində, həm də qələbənin məntiqi davamı kimi Zəfər ilində Bakıda, Sumqayıtda, Xudatda, Xaçmazda saysız-hesabsız tədbirlərin ucalan “səsi” olsun.
Ağalar Bayramovdan öyrənirik ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra onun da övladının müqəddəs və darmadağın edilmiş məzarını ziyarət etməsi mümkün olub. Bu, onun ülvi diləklərindən biri idi. O, 2021-ci il yanvarın sonunda işğaldan azad edilmiş Qubadlıya səfərini məhz 9 yaşlı nakam Şəhriyar balasının məzarını 9 qazimizlə ziyarətdən başlayıb. Ağalar Bayramovun balasının məzarı üstündə keçirdiyi hisslər hər bir yurd və övlad itkililərin qəlbini dağladı, gözlərini doldurdu, boşaltdı...
Bu qeydləri qələmə alandan sonra Ağalar müəllim telefon açıb dedi ki, Cəmilə xanım, şəxsi tanışlığımız olmasa da, sizin haqqınızda dostum Əlövsət Ağalarovdan eşitmişdim. Bu gün isə facebook səhifənizdə (“Yaltaqları daldada pisləyib, üzdə onlara yaltaqcasına yaltaqlananları görəndə özümü günahkar hesab edirəm...”) bir status oxudum. Zəmanənin əxlaqi-mənəvi aşınmalarından xəbər verən o fikriniz məni çox silkələdi, onu öz facebook səhifəmdə də paylaşdım...
Bu da məni çox sevindirdi. Axı bu fikirlərin müəllifi də Ağalar Bayramov idi... Ağalar Bayramovun aktyor və bədii qiraətçi kimi səhnədəki “monoloq”ları tamaşaçını öz təsir dairəsinə salır, hər kəs onunla həmin hissləri sanki yaşayır, onlarda obrazlaşır.
Ağalar Bayramov heç də Dədə Qorqud yaşda deyil, amma onun müdrik kəlamlarla cilalanmış nəsihətamiz fikirləri tamaşaçı auditoriyasını nur selinə bələyir.
Sonda onu da vurğulayım ki, səsin sehrinə, sözün sirrinə bələnən görkəmli sənətkar Ağalar Bayramovu dinlədikcə minillikləri adlamış ruhumuzun pıçıltılarını eşidirik. Var olun, usta
Cəmilə ÇİÇƏK,
filologiya üzrə fəlsəfə doktoru,
AYB və AJB-nin üzvü