Mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat turniri keçiriləcək.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan son yarışda Azərbaycanı 9 güləşçi təmsil edəcək.
Yunan-Roma güləşçiləri turnirin ilk günlərində mübarizə aparacaqlar. Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya lisenziyası qazanmağa çalışacaqlar.
Qadın güləşçilərin yarışında isə Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) ölkəmizi təmsil edəcəklər.
I-S kateqoriyalı hakim Asif Şirəliyev turnirdə ədaləti qoruyacaq.
Hər çəkidə ilk 3 yeri tutan (yarımfinalda və bürünc medalçılar arasında keçirilən görüşdə qalib gələnlər) güləşçilər Olimpiadaya vəsiqə qazanacaqlar.
Xatırladaq ki, Azərbaycan güləşçiləri indiyədək 8 lisenziyanın sahibidir. Sərbəst güləşdə bütün çəkilərdə (57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq və 125 kq), yunan-Roma güləşində isə 67 kq və 77 kq-da Paris-2024-ə lisenziya qazanılıb.