Azərbaycanda Olimpiya təhsilinə aid dərsliyi hazırlamaq məqsədilə “Olimpiya dünyası” qəzetinin bizə verdiyi imkandan istifadə edərək apardığımız araşdırma və tədqiqatları özündə əks etdirən məqalələrlə qəzetin oxucularını, idmançıları və bu sahə ilə məşğul olanları Olimpiya təhsilinin müxtəlif məsələləri ilə tanış etmək, fikrimizcə, əhəmiyyətli olacaqdır.
Olimpiadadan olimpiadaya bu anlayış müəyyən elementlər qəbul edərək, yeni məzmun qazanmışdır. Baron Pyer de Kuberten “Olimpizm” sözünü və ya terminini ilk dəfə haçan və hansı çıxışında, yaxud əsərində istifadə etməsi haqqında ədəbiyyatda ya dəqiq məlumat yoxdur, ya da biz bu məlumatla rastlaşmamışıq. Bu sualın cavabı Pyer de Kubertenin əsərlərini, məktublarını, çıxışlarını, bir sözlə, onun irsini xronoloji ardıcıllıqla sərf-nəzər etməyi tələb edir. Eyni zamanda, anlayışı ifadə edən terminin fransız dilindəki mətnlərdə axtarılması vacibdir. Onun irsindən Olimpizmlə bağlı seçilmiş əsərlərinin ingilis dilinə tərcümələrindən ibarət olan kitabın redaktoru N.Müller, təəssüf ki, kitabın indeks göstəriciləri siyahısına “Olimpizm” terminini daxil etməmişdir Bunun səbəbini həmin kitabda olimpizm sözünün kifayət qədər çox işlənməsi ilə əsaslandıra bilərik. Əslində, maraq doğuran məhz Kubertenin yazılarında işlənən Olimpizm terminidir. Onu da qeyd edək ki, adı çəkilən kitabın I hissəsində Pyer de Kubertenin “Between two battles. From Olympism to the Popular University” - İki döyüş arasında. Olimpizmdən ümumxalq universalizminə doğru [Coubertin 2000, p.203-210 və “Olympism at school: İt must be Encouraged!”- Məktəbdə Olimpizm! Bu təbliğ olunmalıdır! həmin kitabın “Olympic Dimensions” -Olimpiya hədəfləri adlanan ikinci hissəsinin birinci, kitabın 4-cü bölməsi olan “Historical Perspectives on Olympism” -Olimpizmin tarixi perspektivləri bölməsində “The victory of Olympism”-Olimpizmin qələbəsi [Coubertin 2000, p.484-486], “The Apotheosis of Olympism” - Olimpizm apofezi [Coubertin 2000, p.516-517], kitabın “Olimpizmin fəlsəfi və təhsil hədəfləri” adlanan 5-ci bölməsində isə “Olimpizm mənəvi amil kimi” -paraqrafında “Neoolimpizm! Afina sakinlərinə müraciət” [Coubertin 2000, p.533-542], “III Olimpiya məktubu: Olimpizm və təhsil” [Coubertin 2000, p.547-548], “IV Olimpiya məktubu: Olimpizm ruhun qidasıdır”[ Coubertin 2000, p.548-549], “Müasir Olimpizmin fəlsəfi bazası” [Coubertin 2000, p.580-584], “Olimpizm və siyasət”[Coubertin 2000, p.584-585], altıncı bölmədə “I Olimpiya məktubu: Olimpizm Lozannada” [Coubertin 2000, p.722-723], “Olimpizmin 40 illiyi, 1894-1934” [Coubertin 2000, p.742-747] yazılarında başlıqda “Olimpizm” terminindən istifadə edilmişdir. Pyer de Kubertenin 11 yazısının başlığında “Olimpizm” termininin işlənməsi onun bu anlayışa xüsusi önəm verməsini təsdiq edir və onun daha əvvəlki işlərinin mətnində terminin işlənmə ehtimalının yüksək olduğunu təsdiq edir. Pyer de Kubertenin başlığında “olimpizm” termini olan məqalələrinin çap olunma tarixinə görə düzülüşü göstərir ki, onun yazılarında “Olimpizm” sözü ilk dəfə 1894-cü ildə Afinadakı mühazirəsində başlıqda “Neo-olimpism” termini kimi getmişdir. Başlıqda “Neo-olimpizm” termininin istifadə edilməsi Pyer de Kubertenin əsərlərində “Olimpizm” sözünü daha əvvəl işlətməsi qənaətinə gəlməyə əsas verir və bu, ən azı bir faktla təsdiqini tapır.
1894-cü il Sorbona konqresinin bağlanış mərasimində Pyer de Kuberten çıxışında əsrlər sonra yunan Olimpizminin dünyaya qayıtmasını dilə gətirmişdir: “At the close of the Congress, electricity spread the news everywhere that Greek Olympism had come back into the world after an absence of several centuries” [Coubertin 2000, p.531]. O, tərəfdaşlarından gələcəyə baxmağı, bu hadisəyə dərin fəlsəfi mövqedən yanaşmağı xahiş edir. P.Kuberten insan kamilliyinin yalnız bədən və şüurla deyil, bədən, şüur və xarakterlə bağlayır, xarakterin isə yalnız şüurla deyil, bədən və şüurla formalaşdığını qeyd edir. Burada o, “body” deyəndə, fiziki sağlam, güclü bədəni nəzərdə tutur. Kubertenin çıxışından bu qənaətə gəlmək olur ki, məhz yunan Olimpizmi bədənin, şüurun və xarakterin vəhdətdə formalaşmasını gerçəkləşdirən fəlsəfədir, həyat tərzidir. Antik yunan heykəlləri də bu cür insanları təqdim edir. Xarakter və şüur heykəllərdəki dinamizmdə, onların sifət cizgilərində ifadəsini tapır.
Pyer de Kubertenin “Olimpism” kitabına toplanmış seçilmiş yazıları ilə tanışlıq da göstərir ki, “Olimpizm” termini Kubertenin 1894-cü ilə qədərki yaradıcılıq dövründə işlək deyildir. N.Müller qeyd edir ki, Pyer de Kubertenin yaradıcılığında Olimpizm mövzusu 1911-ci ildən sonrakı dövrə təsadüf edir.
S.Vassong göstərir ki, Pyer de Kuberten Olimpiya Oyunlarını sadəcə daha bir beynəlxalq proqram, idman festivalı kimi nəzərdə tutmamışdı. Onun üçün Olimpiya Oyunları, əslində, idmanın tədris dəyərinə fokuslanmış institusional kompleks missiya olmuşdur. O, bunu 1910-cü ilə kimi Olimpiya ideyası adlandırmışdır. Bundan sonra isə o, Olimpizm konseptindən danışmışdır.
Bu cəhət onu göstərir ki, Kuberteni 1911-ci ilə qədər Olimpiya Oyunları ideyası daha çox maraqlandırmışdır. P.de Kuberten Olimpiya ideyasından Olimpizmə gəlib çıxmışdır.
BOK-un ilk Xartiyasında Olympizm terminindən istifadə edilməsinin və bu sənədin bilavasitə Pyer de Kubertenə aid olmasının qeyd edirlməsi ehtimal edilir. Ancaq reqlament mahiyyəti daşıyan birinci Xartiyada bu termin yoxdur. “Pyer de Kuberten müasir Oyunların əsasında duran Olimpiya fəlsəfəsini yalnız 1912-ci ildə Olimpizm adlandırmışdır” [Radichenko, Stolbov 2019, p.21].
BOK-un hazırladığı “Dəyərləri öyrənək” Olimpiya təhsili kitabının 20-ci səhifəsində göy fonda baş hərflərlə “Olimpiya Hərəkatının məqsədləri (1894)” başlığı verilmiş və bu başlıq altında dörd məqsəd sadalanmışdır.
“ - idmanın əsaslarını təşkil edən fiziki və mənəvi keyfiyyətlərin inkişafını təbliğ etmək;
- gəncləri idman vasitəsilə bir-birini daha yaxşı anlamaq, dostluq ruhunda yetişdirmək və bununla daha sülhsevər və yaxşı dünya qurmağa kömək etmək;
- Olimpiya prinsiplərini dünyanın hər yerində yaymaq;
- dörd ildən bir dünyanın hər yerindən olan idmançıları Olimpiya Oyunları kimi böyük idman bayramında bir yerə toplamaq” Göründüyü kimi, sadalanmış dörd məqsəddə “Olimpizm” termini işlədilməmişdir.
Baron Pyer de Kuberten idmanın təhsildə tətbiqi məsələləri ilə məşğul olanda tarixçi kimi qədim Yunanıstana, antik Olimpiya Oyunlarına böyük rəğbət bəsləmiş, bu Oyunların bərpası fikrini daim qəlbində gəzdirmişdir.
Pyer de Kubertenin Olimpiya Hərəkatına, eləcə də tədris və tərbiyə sisteminə daxil etdiyi “Olimpizm” anlayışını onun öz yaradıcılığı (çıxışları, məqalələri, kitabları və s.) əsasında xronoloji qaydada izləmək və təhlil etmək N.Müllerin bu istiqamətdəki fundamental işi əldə olduqda belə, çox çətin və mürəkkəb tədqiqat tələb edir. N.Müllerin redaktorluğu ilə çapdan çıxmış “Pierre de Coubertin. Olympism” [Coubertin 2000] kitabında müasir Olimpiya Oyunlarının banisinin bilavasitə Olimpizmlə bağlı bütün yaradıclığı seçilib müxtəlif mövzular üzrə nizama salınmış, müəyyən ardıcıllıqla düzülmüşdür. Bununla yanaşı, qeyd edilən kitabda N.Müllerin “Kubertenin Olympizmi” adlanan dərin elmi təhlili, həmçinin müxtəlif bölmə və hissələrin əvvəlində qara kursivlə verilmiş qısa şərhləri də yer almışdır. Redaktor bu kitabda Pyer de Kuberten yaradıcılığını xronologiya üzrə deyil, seçdiyi mövzulara aidlik əsasında təqdim etmişdir. Qeyd olunduğu kimi, Pyer de Kuberten yaradıcılığının birinci dövründə (bu dövr şərti olaraq onun 1890, bir qədər də dəqiqləşdirsək, Sorbonna Konqresinə qədər, yəni 1894-cü ilin 16 iyununadək olan yaradıcılığını əhatə etmişdir) tədrisdə idman problemi ön plandadır. İkinci dövrdə (1894-1937) isə o, özünün elmi dövriyyəyə daxil etdiyi “Olimpizm” və “Olimpiya Hərəkatı” anlayışlarını, problemlərini aydınlaşdırmağa, şərh və təhlil etməyə çalışmışdır. Bir daha vurğulamaq lazımdır ki, “Coubertin`s Olympism” anlayışı zaman-zaman formalaşmışdır.
Olimpizm ideologiyasının zaman keçdikcə inkişaf edib dəyişməsi, onun statik olmadığını tədqiqatçılar da qeyd etmişlər. Onlar bu ideologiyanın dəyərlərinin cəmiyyətin müvafiq tarixi, siyasi, sosial və mədəni dəyşmələrinə uyğunlaşmasını göstərirlər. Çattziefstazio olimpizmin təşəkkül tapdığı zamandan, yəni hələ XIX əsrin sonlarından yalnız idmanla deyil, mədəniyyət və təhsillə bağlı olduğunu da söyləmişdir .
Pyer de Kuberten özü Olimpizmi yalnı
z 1935-ci ildəki radio çıxışında bir sistem kimi təqdim etmişdir. Bu çıxışda o, olimpizmi dörd əsas dayağa əsaslanan anlayış şəklində izah etmişdir.
Pyer de Kubertenə görə, antik və müasir Olimpizmin birinci “mühüm meyarı, əsası onun din (“Olimpizm is a religion”) olmasıdır. Kubertenin bu tezisini onun Olimpizmi din olaraq təqdim etməsi kimi qəbul edənlər vardır. Əslində, “Olimpism is a religion” cümləsi elə bu mənanı da verir. M.Krüqer yazır: “Kuberten antik dövrdə Olimpizmin din olması fikrini irəli sürməkdə yanılır” [Krüger 2016, p.166]. Fikrimizcə, Pyer de Kuberten nə antik, nə də müasir olimpizmi dünyəvi dinlərlə - xristianlıq, İslam və başqa dinlərlə bir səviyyəyə qaldırmamışdır. Onun ifadəsindəki “religion” sözü özünün başqa mənalarından birisini daşıyır və bu məna “kult” ola bilər.
Olimpizm sözünü olimp+ izm (Olymp+ ism) kimi parçalamaq olar. Müstəqil söz kimi ism “fərqli doktorina, nəzəriyyə və ya təcrübə” mənasındadır. Bu sözdən əmələ gəlmiş “ism” suffiksi artırıldığı sözün mənasına uyğun nəzəriyyə, yaxud təcrübə anlamını verən yeni söz əmələ gətirir. Olimpizm sözündəki “Olimp” Yunanıstandakı dağ mənasında deyil, Olimpiada və ya Olimpiya Oyunları mənasında başa düşülməlidir. Buradan da belə nəticə çıxır ki, “Olimpizm” sözü Olimpiya Oyunlarına aid doktorina, nəzəriyyə və təcrübəni ifadə edir.
Olimpiya Oyunlarına aid təcrübə müasir Oyunların bərpasına qədər yalnız antik Olimpiadalardan əxz oluna bilərdi. Sonradan isə müasir Olimpiya Oyunları keçirildikcə onlardan irəli gələn nəticələr əvvəllki ilə inteqrasiya olunurdu. Şübhəsiz ki, antik Olimpiya Oyunları yunan mədəniyyətindən, yunanların həyata, daha dəqiq desək, mövcud iqtisadi-siyasi, sosial-ictimai, siyasi həyata baxışlarından bəhrələnərək meydana gəlmişdi. Ona görə də, Olimpiya Oyunlarını bərpa etmək, müasir Olimpiya Oyunlarının əsasını qoymaq yunan tarixini, mədəniyyətini, antik Olimpiya Oyunları təcrübəsini dərindən bilməyi tələb edirdi. Pyer de Kuberten yunan tarixi, mədəniyyətini, antik Olimpiya Oyunları təcrübəsini yaxşı bilən, yunan tarixi və mədəniyyətinə xüsusi rəğbəti olan şəxs idi.
Filhellinizm - yunanlara məhəbbət anlamını verir. Bu məhəbbət və rəğbət yunanların antik mədəniyyəti, fəlsəfəsi, xüsusən mədəni ənənələri zəminində formalaşmış və kökləri eramızdan əvvələ gedib çıxır. Parfiya çarları eramızdan əvvəl II əsrdə Romada Pabliy Kornellinin ətrafında formalaşmış Ssipion dərnəyinin üzvləri, imperator Neron və başqaları filhelliniklər olmuşalar. XIX əsrin əvvəllərində filhellinizm başqa məna almış, yunan-türk müharibəsində Avropa dövlətlərinin əksəriyyətinin Yunanıstana hər cür koməyini reallaşdırmışdır. Bu köməyin də ideya əsasında antik Yunanıstanı ideallaşdırmaq durmuşdur. Şübhəsiz ki, belə ideologiyada din birliyi də özünəməxsus rol oynamışdır.
(ardı var)
Mehman Kərimov,
Ceyhun Rəhmanov