Şimali Makedoniya Avropa Gənclər Yay Olimpiya Festivalı üçün 2 fərqli şəhərdə yerləşən idman qurğularını ölkəyə gələcək idmançıların və azarkeşlərin ixtiyarına verəcək. Yalnız idman gimnastikası yarışları Xorvatiyada təşkil olunacaq. Təşkilat Komitəsinin yekdil qərarına əsasən Skopye, Kumanovo (hər ikisi Şimali Makedoniya) və Osiyekdə (Xorvatiya) yerləşən müxtəlif idman növləri üçün ən müasir arenalar EYOF-2025 üçün hazır vəziyyətə gətirilib.
Qeyd olunur ki, festivalın açılış və mərasimi paytaxt Skopyedəki Jane Sandanski Arenada keçiriləcək. Olimpnews.az festivalın keçiriləcəyi idman arenaları barədə ətraflı məlumatı çoxsaylı oxucularına təqdim edir.
Todor Proeski Milli Stadionu
Bu stadion (keçmiş Filip II Arena) paytaxt Skopyedə yerləşən Şimali Makedoniyanın ən böyük və ən görkəmli idman qurğusu hesab olunur. Ölkənin futbol üzrə yığma komandasının, “Vardar” və “Rabotniçki” klublarının əsas qarşılaşmaları burada keçirilir. Bundan əlavə beynəlxalq idman yarışları, xüsusilə atletika üzrə çempionatlar, eləcə də böyük konsertlər üçün ideal sayılır. 1947-ci ildə inşa olunan Todor Proeski Milli Stadionu 2008-2013-cü illərdə yenidən təmir olunmuş, arenadakı tribunalar və atletika zolağı yenilənmişdir. Məlumat üçün bildirək ki, 2017-ci ildə futbol üzrə UEFA Super Kubokunun qalibi məhz bu arenada müəyyənləşmişdi.
Nevena Georgieva - Dunja adına ibtiadi məktəb
Kisela Voda bələdiyyəsinin ərazisində yerləşən bu təhsil ocağı da festival günlərində idmançıların ixtiyarına veriləcək. Belə ki, məktəbin idman zalı EYOF-2025-də qitə badmintonçuları qüvvələrini sınayacaqlar. Skopyenin “Angeli” basketbol klubunun ev oyunlarına ev sahbliyi edən zal Festival üçün tam hazırlıq vəziyyətinə gətirilib.
“East Gate Mall”
Paytaxtın ən görkəmli məkanlarından biri olan “East Gate Mall” da idman imkanları da nəzərə alınıb. 2021-ci ildə inşa olunan bu müasir ticarət və əyləncə mərkəzi Şimali Makedoniyanın ən böyük ticarət mərkəzidir. Bundan əlavə “East Gate Mall” balkanlarda üçüncü yerdə qərarlaşıb. EYOF-2025-də basketbolun 3x3 növü üzrə mübarizə məhz bu məkan üçün nəzərdə tutulub.
Kumanovo idman zalı
Kumanovoda yerləşən 6500 nəfərlik idman zalı Şimali Makedoniyanın ən böyük qapalı idman arenası hesab olunur. 1980-ci ildə tikilmiş bu arenada illərdən bəri müntəzəm olaraq basketbol, futzal, həndbol, voleybol və boks yarışları təşkil olunur. Kumanovka çayı boyunca idman və istirahət zonasında yerləşən zalla yanaşı, açıq idman meydançaları da mövcuddur. EYOF-2025-də qitənin ən güclü oğlan basketbolçuları arasında qalib komanda məhz bu məkanda müəyyənləşəcək.
Pero Nakov adına orta məktəb
Bu arena EYOF-2025-də basketbolçu qızların mübarizəsi üçün yarışların keçiriləcəyi məkan sayılır. “Oktomvriska” bulvarından bir qədər kənarda yerləşən orta məktəbin ərazisində üzgüçülük hovuzu, tennis kortları və futbol meydançaları yerləşir. Təhsil ocağı üçün basketbol yad hesab olunmur. Belə ki, əvvəllər ölkənin böyüklərdən ibarət komandaları beynəlxalq yarışlar üçün bu zalın imkanlarından yararlanıblar.
Matka İdman Mərkəzi
Matka Kanyonu Skopye regionunun ən heyrətamiz təbiət məkanlarından biri hesab olunur. Festivalın Təşkilat Komitəsi EYOF 2025-də Treska çayını kanoe slalom yarışı üçün məqsədəuyğun hesab ediblər. Buna qədər həmin məkan 2023-cü ildə kanoe üzrə Avropa çempionatına uğurla ev sahibliyi edib.
Kumanovo
Avropa Gənclər Olimpiya Festivalının fəxri mükafatları uğrunda yarışan velosipedçilər Kumanovoda yarışacaqlar. Yarışların startı şəhərin mərkəzində - Nova Juqoslaviya meydanından başlayacaq. Marşrut şəhərin mərkəzindən keçib, Kumanovka çayından Pelince kəndinə doğru davam edəcək. Ümumilikdə velosipedçilər tamaşaçıların müşaiyəti ilə 60,8 kilometrlik məsafəni qət edəcəklər.
Kumanovo dağ velosipedi qurğusu
Kumanovo EYOF-2025-ə qədər UCI-nin (Dünya Velosipedçilər Birliyi) bayrağı altında keçirilən bir sıra yarışlara ev sahibliyi edib. Həmin məkanda Olimpiya kateqoriyalı dağ velosipedçiliyinin kross yarışı təşkil olunub. Şəhərin cənub kənarındakı müxtəlif relyefə məxsus ərazi indi EYOF-dakı dağ velosipedçilərinin sınaq meydanına çevriləcək.
“SRC Kale” arenası
Skopyenin tarixi qalasının yanında yerləşən “SRC Kale” arena makedon dilində “qala qalası” mənasını verir. 2250 nəfərlik oturacaq tutumu ilə bu qapalı arena şəhərin ən məşhur idman məkanlarından biri sayılır. Onu yerlilər “Makedoniyanın həndbol qalası” - deyə adlandırırlar. “SRC Kale” bu vaxta qədər müxtəlif beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Qeyd edək ki, bu komanda idman növündə Skopyeyə gələn avropalı gənclər “Makedoniyanın həndbol qalası”nda yarışacaqlar.
Jane Sandanski İdman Mərkəzi (Qızlar)
Bu İdman Mərkəzi basketbol və həndbol yarışlarında beynəlxalq standartlara cavab vermək üçün 2014-cü ildə yenidən qurulub. Müasir, çoxfunksiyalı kompleksdə EYOF 2025-də qızların həndbol matçları təşkil olunacaq. Kiçik idman zalında 1000-ə qədər tamaşaçı festival həyəcanını yaşayacaqlar.
***
Avropa Gənclər Olimpiya Festivalının əsas idman qurğularından sayılan Jane Sandanski İdman Mərkəzinin qapalı arenasının əsas zalı cüdoçuların ixtiyarına veriləcək. Əsas zalı 6500 azarkeş tutumuna malik olan idman mərkəzi 10 il əvvəl yenidən qurulub. Bir sözlə, festival ərzində bütün diqqətlər bu idman obyektinə yönələcək.
“Centar” Olimpiya üzgüçülük hovuzu
Şimali Makedoniyanın ən böyük üzgüçülük obyekti EYOF-2025-in oğlan və qız iştirakçılarının mübarizə məkanı seçilib. Hovuzda 24/7 fəaliyyət göstərir, texniki imkanları daim nəzarətdədir. Avropanın gələcək Olimpiya çempionlarının yolu məhz “Centar” Olimpiya üzgüçülük hovuzunda kəsişəcək.
Partizan İdman Zalı
Bu idman zalı EYOF-2025-də stolüstü tennis və atıcılıq yarışlarının keçiriləcəyi məkan kimi xidmət edəcək. Skopyenin Karpoş rayonunda yerləşən bu tarixi idman zalı 2023-cü ildə müasir bir obyektə çevrilib. Yenilənmiş infrastruktura və çoxşaxəli tərtibata malik olan zal indi ənənəvi müasirliklə vəhdət təşkil edir.
Skopye Bədən Tərbiyəsi Universiteti
Paytaxtın ali təhsil ocağına məxsus olan fakültənin idman zalı Avropa Gənclər Olimpiya Festivalı zamanı taekvondo yarışlarına ev sahibliyi edəcək. Ümumilikdə fakültənin 1500 kvadratmetr sahəni əhatə edən və 500 yerlik 4 idman zalı var. Onlar ən müasir idman avadanlıqları ilə təchiz olunub. Burada müxtəlif idman növləri üçün mövcud şərait formalaşdırılıb.
Boris Traykovski Arena
Skopyenin Karpoş bələdiyyəsində yerləşən Boris Traykovski İdman Mərkəzi Şimali Makedoniyanın əsas qapalı idman və tədbirlərin keçirildiyi məkandır. Arena 2008-ci ilin mayında öz qapılarını idmançılar və azarkeşlər üçün açıb. Həmin vaxtdan etibarən həm yerli, həm də beynəlxalq tədbirlər üçün mərkəzi arena statusunu qoruya bilib. Boris Traykovski İdman Mərkəzi EYOF-2025-də oğlan və qızladan ibarət voleybol komandalarının dəyişməz ünvanı olacaq.
“Gradski Vrt” yarış zalı
Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən yarışlarından yalnız idman gimnastikası üzrə iştirakçılar Şimali Makedoniyadan kənarda öz bacarıqlarını nümayiş etdirəcəklər. Yarışların Təşkilat Komitəsi bunun üçün Xorvatiyanı seçib. Belə ki, avropalı gimnastlar festivalın fəxri mükafatları uğrunda mübarizə üçün Xorvatiyanın Osiyek şəhərinə yollanacaqlar. Bildirilir ki, idman gimnastikası yarışlarını “Gradski Vrt” zalında 3500-dən artıq azarkeş izləyə biləcək. Xatırladaq ki, bu idman qurğusunda əvvələr əsasən həndbol və basketbol yarışları təşkil edilib. Belə ki, 2009-cu ildə kişilər arasında həndbol üzrə dünya çempionatı, 2017-ci ildə Xorvatiya ilə İspaniya arasında Devis Kuboku matçı keçirilib.
Anar Əhmədov