İdman sağlamlıq və gözəllikdir. Bəlkə, buna görə, “Sağlam bədəndə sağlam ruh olar” deyiminin işlənməsi, heç də təsadüfi deyil. Bədən tərbiyəsi və idman ümumi tərbiyənin bir hissəsi, cəmiyyətin ümumi mədəniyyətinin tərkib hissəsi, insanların sağlamlığını möhkəmlətməyə, fiziki bacarığını inkişaf etdirməyə yönəldilmiş ictimai fəaliyyət sahəsidir. İdman təkcə idmançılar arasında deyil, həm də xalqlar arasında dostluq münasibətlərinin yaranması və möhkəmlənməsində də mühüm rol oynayır. Sovetlər dönəmində Azərbaycanın müttəfiq respublikalar ilə idman əlaqələri xeyli genişlənmiş, idmanın bütün sahələrində ustalığın nümayişi və təcrübənin bölüşdürülməsi üçün əlverişli imkanlar, isti, doğma, qardaşlıq münasibətləri olmuşdur.
İdman tariximizdən
İnsanları birləşdirən, xalqlar arasındakı sülh və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edən bədən tərbiyəsi və idmanın tarixi çox qədimdir. Cəmiyyətin ümumi inkişafına mühüm təsir göstərən bir sıra kəşflər, o cümlədən ox və kamanın ixtirası uzaq daş dövrünə aiddir. Hələ Azərbaycanda eramızdan əvvəl IV-II minillikləri əhatə edən tunc dövründə insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazılara, rəqslərə rast gəlirik. Qədim Qobustanın qayaüstü yazıları bu baxımdan olduqca maraqlıdır. Oradakı sərt qayalar üstündə həkk olunmuş çoxlu rəsmlər, cizgilər ov səhnələrini, heyvan fiqurlarını, insanların rəqs və digər fiziki hərəkətlərini təsvir etməsi baxımından diqqəti cəlb edir.
Zərdüştlüyün vətəni olan Azərbaycan ən qədim dövrlərdən bəri həm də milli oyunların vətənidir. “Tərkib hissələri, əsasən e.ə. 1-ci minilliyin birinci yarısında formalaşmağa başlamış” ”Avesta”ya görə cəngavərlik, igidlik, pəhləvanlıq, yeniyetmələrin sağlam, gümrah böyüməsi, onların at çapma, güləş, ox atma yarışlarında iştirakının tarixi çox qədim dövrlərə gedib çıxır.
İdman oyunlarının müqəddəs tutulması da zərdüştiliklə bağlanırdı. “Avesta”da pəhləvanlardan düşmən üzərində qələbə çalmaq üçün dözümlü, iradəli, sağlam, güclü olmaq tələb edilirdi. Eyni zamanda gözəl, yorğa gedən, bərk qaçan atlara malik olmaq vacib şərtlərdən sayılırdı. Bundan əlavə, gələcək sağlam nəsil yetişdirmək üçün qəhrəmanların hündürboy, gözəl, qədd-qamətli olmaları zəruriyyətindən də bəhs edilirdi.
Böyük və müdrik şəxsiyyətlər zaman boyu insan üçün həmişə sağlamlığı, fiziki kamilliyi mənəvi zənginliyin əsas və başlıca şərti hesab etmişlər. Qüdrətli xalqımızın əvəzsiz tarixi abidələri olan dastanlarında (“Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Şah İsmayıl”,”Qaçaq Nəbi”), mühüm tərbiyə məktəbi olan folklor nümunələrində, unudulmaz Novruz adətlərində yaşlı nəslə gənclərin sağlam və gümrah böyüməsinə daim diqqət və qayğı göstərmələri tövsiyə olunmuşdur. Peyğəmbərimiz Məhəmmədin hədislərində, “Kəlilə və Dimnə”, “Qabusnamə”, “Əxlaqi-Nasir” və digər möhtəşəm ədəbi abidələrdə də bu baxımdan olduqca dəyərli fikirlər mövcuddur.
Doqquz əsrdir ki, neçə-neçə sərhədləri, sədləri aşan, günbatandan günçıxana qədər bütün dünyaya sevgi dastanı oxuyan böyük şairimiz Nizami Gəncəvinin (1141-1209) əzəmətli “Xəmsə”sində bədən tərbiyəsi və idmana yüksək dəyər verilmiş və onların sayəsində insanlarda fiziki kamillik, sağlamlıq, dözümlülük, iradəlilik kimi mühüm amillərin formalaşdığı xüsusi qeyd edilmişdir. “Nizami gənc nəslin sağlam böyüməsini zəruri saymış, gəncliyi alova, köhlən ata, nurlu səhərə bənzətmişdir. Nizaminin fikrincə, xeyirxah əməllər insan orqanizminin saflaşmasına, durulaşmasına səbəb olur. Nizami yaradıcılığına bələd olduqca ölməz “Xəmsə”sində bədən tərbiyəsinin bütün ünsürlərinə rast gəlindiyi” aydın görünür.
XIV əsrdə yaşamış görkəmli Azərbaycan şairi, alim, astronom və riyaziyyatçı Əssar Təbrizinin (1325-1390) 1376-cı ildə yazdığı “Mehr və Müştəri” poemasında bədən tərbiyəsi və idmanla bağlı fikirlər geniş yer almışdır. Farscadan dilimizə M.Sultanovun tərcümə etdiyi 5120 beytdən ibarət olan bu əsərdə bu gün üçün böyük əhəmiyyət daşıyan elm, təhsil, tərbiyə, yaş dövrləri, sağlamlıq haqqında maraqlı fikirlərlə yanaşı, Şərqdə şah saraylarında ən çox yayılmış nərd, şahmat və çovkan oyunlarından da ətraflı bəhs olunur.
XX əsrin əvvəllərində Bakıda idmanın üzgüçülük, futbol, gimnastika, atletika, ağırlıqqadırma idman növləri inkişaf etməyə başlamışdı. Bakı gimnaziyasının müəllimi V.Qriçbovski 1910-cu ildə üzgüçülük məktəbi yaratmışdı. 1917-ci ildə bu məktəbdə üzgüçülüklə məşğul olanların sayı 200-dən çox idi. 1920-ci ildə Azərbaycanda fəaliyyət göstərən “Unita”, “Sokol”, “Avtomotor”, “Vodnik”, “Reçnik” və digər cəmiyyətlər sovet işğalından sonra bədən tərbiyəsi birliklərinə çevrilmişdi. Respublikamızda 1921-ci ildən etibarən ayrı-ayrı idman sahələri üzrə şəhərlərarası yarışlar başlamış, 1922-ci ildə Azərbaycan Həmkarlar İttifaqlarına bədən tərbiyəsi və idman işlərinə xüsusi qayğı ilə yanaşması tapşırılmışdı. 1923-cü ildə Bakıda ilk dəfə olaraq bədən tərbiyəsi müəllimləri hazırlayan məktəbin yaradılması Azərbaycan idmanının gələcəkdə inkişafı üçün yeni səhifənin açılması idi. Artıq 20-ci illərdə Azərbaycanda Respublika çempionatları başlamışdı. Azərbaycanda 1920-ci ildə boks, 1921-ci ildə futbol, 1924-cü ildə yunan-Roma, 1925-ci ildə ağırlıqqaldırma və 1928-ci ildə sərbəst güləş üzrə Respublika çempionatları təşkil edilmişdi.
Basketbol idmanı geniş yayılmışdı. Onlara təkan verən cəmiyyətlər və kollektivlərin sayı da artmaqda idi. 1920-ci ildə Azərbaycanda 2 basketbol cəmiyyəti var idi. Basketbol kollektivlərinin sayı 1924-cü ildə 52-dən 1926-cı ildə 300-ə çatmışdı. Güləşçi Rza Baxşəliyev 1924-cü ildə “Kustrud” adlı güləş klubu yaradaraq, burada fransız güləşi-müasir sərbəst güləşin sirlərini, incəliklərini öyrədirdi. Yeni yaradılmış “Dinamo”, “Temp”, “Lokomotiv” və Mərkəzi Bədən Tərbiyəsi Evi kimi idman cəmiyyətləri də idmanın inkişafına öz müsbət təsirini göstərirdi. 1923-cü ildə Azərbaycanda “Qırmızı idmançı” adlı ilk idman qəzetinin nəşri idmanın təbliğini gücləndirir və onun kütləviliyinə təkan verirdi.
XX əsrin 20-ci illərinin ortalarından başlayaraq Azərbaycanda ayrı-ayrı idman növləri üzrə yarışlar keçirilməklə yanaşı, kompleks idman turnirləri də təşkil olunmağa başlamışdı. 1925-ci ildə Bakıda “Olimpiya Oyunları” adlı idman yarışları təşkil edilmişdi. Bu olimpiadanın gündəliyinə əsas etibarı ilə yüngül atletikanın müxtəlif növləri üzrə yarışlar salınmışdı.
İndiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 1930-cu il noyabrın 8-də yaradılması Azərbaycan idmanı tarixində mütərəqqi bir hadisə idi. Bu münasibətlə həmin gün M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının indiki binasında Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutunun təntənəli açılışı olmuşdur. Bu institutun başlıca məqsədi bədən tərbiyəsi müəllimləri, məşqçilər, kütləvi bədən tərbiyəsi və idman işçiləri üzrə təşkilatçılar, müalicə bədən tərbiyəsi metodistləri hazırlamaq idi. Bu institut Zaqafqaziya xalqları üçün bədən tərbiyəsi müəllimləri və idman mütəxəssisləri hazırlanması istiqamətində də çox iş görmüşdü. Bu institutun 1933-cü ildə 39 nəfərdən (6 qız, 33 oğlan) ibarət ilk buraxılışı olmuşdur.
1932-ci ildə “Azərbaycan bədən tərbiyəçisi” (“Fizkulturnik Azerbayjana”) adı ilə “İdman” qəzetinin nəşrə başlanması Azərbaycan idmanı tarixində çox mühüm hadisələrdən birinə çevrildi. Bu, idmanın təbliğinə, inkişafına, hər bir yüksəliş anının yazılıb tarixləşməsinə səbəb oldu. Qəzetin ilk baş redaktorlarından biri tanınmış yazıçı Aleksandr Kiknadze olmuşdur. Fəaliyyətinin ilk illərində bu qəzet həm Azərbaycan, həm də rus dillərində nəşr edilirdi. 1941-ci ildə “Azərbaycan bədən tərbiyəçisi”, yəni “İdman” qəzeti müharibə ilə əlaqədar fəaliyyətini dayandırmış və qəzetin əməkdaşları silaha sarılaraq, cəbhəyə yollanmışlar. İkinci dünya müharibəsindən sonra həmin qəzet ancaq1950-ci ildə yenidən öz fəaliyyətini bərpa etmişdir. 1968-ci il yanvarın 1-dən qəzetin adı (“Azərbaycan bədən tərbiyəçisi”) dəyişdirilərək, “İdman” qoyulmuşdur. “İdman” qəzeti 120.000 nüsxə ilə (90 min azərbaycanca, 30 min rusca) çap edilirdi.
İdmanın inkişafı istiqamətində təşkilatlanma və strukturlaşma işləri genişləndikcə, müsbət nəticələr də artmaqda davam edirdi. Belə ki, SSRİ Xalq Komissarları Soveti 1936-cı ilin mayında könüllü idman cəmiyyətlərinin yaradılması haqqında qərar qəbul etdi. 1936-cı ildə Azərbaycan LKGİ MK-nın qərarı ilə ayrı-ayrı idman cəmiyyətləri yanında uşaq idman məktəblərinin yaradılmasına başlanıldı. Artıq 1941-ci ildə Azərbaycan SSR-də 8 uşaq idman məktəbi və 1958-ci ildə 15 könüllü idman cəmiyyəti fəaliyyət göstərirdi. 1952-ci ildən Azərbaycan idmançıları SSRİ yığma komandası tərkibində Olimpiya Oyunlarında iştirak etməyə başlamışdı. Azərbaycan idmançıları SSRİ Olimpiya komandasının tərkibində Olimpiya Oyunlarının 9-da (1952- 1988) 46 idmançı ilə çıxış edərək, 10 qızıl, 11 gümüş və 7 bürünc medal qazanmışdılar. Sərbəst güləş üzrə 1952-ci ildə Rəşid Məmmədbəyovun Helsinki Olimpiadasında qazandığı gümüş medal Azərbaycan idmançılarının Olimpiya Oyunlarında ilk uğurlu addımlarından biri idi. Sonrakı olimpiadalarda atletika üzrə Y.Konovalov, A.Kornelyuk, voleybol üzrə İ.Rıskal, V.Lantratova, müasir beşnövçülük üzrə V.Mineyev, sərbəst güləş üzrə A.İbrahimov, həndbol üzrə R.Şabanova, L.Şubina, L.Savkina, qılıncoynatma üzrə İ.Məmmədov, B.Koretski, futbol üzrə İ.Ponomaryov və digərlərinin uğurlu çıxışları Azərbaycan idmançılarının nüfuzunu xeyli artırmışdı.
(ardı var)
Əzizağa Ələkbərli
Azərbaycan MEA,
A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent