Türkiyənin İstanbul şəhərində güləş üzrə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Olimpiya Təsnifat turnirinə start verilib. İlk yarış günündə 4 yunan-Roma güləşçimiz xalça üzərinə çıxıb. Mübarizəyə təsnifat mərhələsindən başlayan təmsilçilərimizdən Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) uğurla çıxış edərək yarımfinala vəsiqə əldə ediblər.
Klassiklərimizdən Murad Məmmədov (60 kq) ilk görüşdə latviyalı Aleksandrs Yurkyansa, 1/8 finalda isə almaniyalı Kristofer Kramerə tam üstünlüklə (10:1) qalib gəlib. O, 1/4 finalda isə polşalı Mixal Trakza 5:1 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb. Pəhləvanımız bu mərhələdə rumıniyalı Razvan Arnautla qarşılaşcaq.
Üçqat Avropa çempionumuz Rafiq Hüseynov (87 kq) isə təsnifat mərhələsində yunanıstanlı İlyas Paqkalidisə 3:1 hesabı ilə qalib gəlib. 1/8 finalda hindistanlı Kumar Sunili 4:3 hesabı ilə üstələyən Olimpiya mükafatçımız 1/4 finalda isveçli Aleksis Kessidisdən güclü olub (2:1). Güləşçimizin yarımfinaldakı rəqibi Laşa Qobadze (Gürcüstan) olacaq.
Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Sabah Şəriəti (130 kq) isə ilk mərhələdə yunanıstanlı Nikolaos Ntunyasa (8:3), 1/8 finalda isə qırğızıstanlı Roman Kimə tam üstünlüklə (10:0) qalib gəlib. Güləşçimiz 1/4 finalda litvalı Mantas Knistautasa sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. İdmançımızın bu mərhələdəki rəqibi Pavel Qlinçuk (AİN) olacaq.
Digər idmançımız Murad Əhmədiyev (97 kq) isə 1/4 final mərhələsində mübarizəni dayandırıb.
Yarımfinal görüşlərinə Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.
Qeyd edək ki, hər çəkidə üç idmançı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcək.