Yunan-Roma güləşçimiz Sabah Şəriəti Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə lisenziya xarakterli Dünya Olimpiya Təsnifat turnirində uğurla çıxış edərək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
130 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı təsnifat mərhələsində yunanıstanlı Nikolaos Ntunyası (8:3), 1/8 finalda isə qırğızıstanlı Roman Kimi tam üstünlüklə (10:0) məğlub edib. Güləşçimiz 1/4 finalda litvalı Mantas Knistautasa sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. İdmançımızın bu mərhələdə Pavel Qlinçuku (AİN) sonuncu xal prinsipinə əsasən (1:1) məğlub edərək Paris-2024-ə lisenziya qazanıb.
Bu, güləş millimizin Paris Olimpiadasına 11-ci, yunan-Roma güləşçilərimizin isə 5-ci lisenziyasıdır.
Beləliklə, Azərbaycan Olimpiya komandasının Paris-2024 Yay Olimpiya Oyunlarına əldə etdiyi lisenziyaların sayı 21-ə çatıb.
Xatırladaq ki, daha əvvəl digər yunan-Roma güləşçilərimiz Murad Məmmədov (60 kq) və Rafiq Hüseynov (87 kq) da yarışda uğurla çıxış edərək Paris-2024-ə lisenziya qazanmışdı.