Qadın güləşçimiz Mariya Stadnik Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.
50 kq çəki dərəcəsində mübarizə aparan titullu güləşçimiz həlledici görüşdə Şimali Koreya təmsilçisi Son Hyanq Kimlə üz-üzə gəlib. İdmançımız rəqibinə 3:10 hesabı ilə məğlub olub. Məğlubiyyətə baxmayaraq Mariya Stadnik lisenziya şansını saxlayıb. Belə ki, dördqat Olimpiya mükafatçımız güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya üçün sabah 3-cü yer uğrunda görüşdə qalib gəlməlidir.
Qeyd edək ki, bu gün xalça üzərinə çıxan digər qadın güləşçilərimizdən - Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) məğlub olaraq Olimpiya Oyunlarına lisenziya qazanmaq şanslarını itiriblər.
Xatırladaq ki, yarışın ilk günündə yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.