ABŞ səfirliyinin təşəbbüsüylə bu ölkədən qadın güləşi üzrə 14 mütəxəssis ölkəmizdə səfərdədir.
Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən verilən məlumata görə, mayın 14-dən 25-dək davam edəcək səfər çərçivəsində qonaqlar “Qız kimi güləş” şüarı altında ölkəmizin müxtəlif idman zallarında olacaq, idmançılara master-klass keçməklə yanaşı, yerli məşqçilərlə fikir mübadiləsi aparılacaq.
Dünən bu məqsədlə nümayəndə heyəti Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında olub. Qadın güləşi üzrə millinin məşqçilər heyəti və güləşçilərlə görüşən qonaqlar komandanın məşq prosesində yaxından iştirak edib. Sonda xatirə şəkli çəkdirilib və federasiya tərəfindən amerikalı məşqçilərə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, nümayəndə heyəti səfər çərçivəsində Göygöl, Lənkəran və Masallıda yerləşən olimpiya idman komplekslərində də analoji tədbirdə iştirak edəcək. Səfərin məqsədi ölkəmizdə qadın güləşinin inkişafına və təbliğatına dəstək verməkdir.