Qadın voleybolçulardan ibarət Azərbaycan milli yığma komandası dünya çempionatının təsnifatının sonuncu mərhələsinə hazırlığını davam etdirir.
Qeyd edək ki, mundialın 3-cü mərhələsi 3-5 yanvar tarixlərində keçiriləcək. Faiq Qarayevin voleybolçularının yer aldığı J qrupunun mübarizəsi Bakıda olacaq. Komandamız Serbiya, İsrail və Estoniya yığmaları ilə üz-üzə gələcək. Qrup qalibi çempionata vəsiqə qazanacaq. Serbiya millisinin üzvləri yığmamız barəd açıqlamalar veriblər. Onlar qrupda komandamızı güclü rəqib hesab edirlər.
Suzana Sebiç (Serbiya millisinin voleybolçusu): "Bizim ən çətin rəqibimiz Azərbaycan millisidir. Lakin digər komandalara da ciddi yanaşmaq lazımdır. Bütün qarşılaşmalarda bacarığımızı tam ortaya qoymalıyıq. Əgər bunu etsək, rəqibin necə oynayacağı bizi narahat etməməlidir”.
Nataşa Krsmanoviç (Serbiya millisinin voleybolçusu ):
"Dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq çətin olacaq. Azərbaycan millisinin öz meydanında nə dərəcədə təhlükəli olduğunu çox yaxşı bilirəm. Bu komandanın heyətində bir neçə çox yaxşı voleybolçu var. Onlarla oyunda bir qədər arxayınlaşsaq, rəqib bizi təəccübləndirə də bilər. Buna baxmayaraq, hesab edirəm ki, biz daha güclüyük və ümumilikdə heç bir problemimiz olmamalıdır”.
Zoran Terziç (Serbiya millisinin baş məşqçisi):
"Bizim dünya çempionatının seçmə mərhələsinə hazırlaşmaq üçün cəmi 10 gün vaxtımız var. Bu hazırlıq dövrü çox qısadır. Lakin oyunçularımı yaxşı tanıdığımdan ümid edirəm ki, biz Bakıya lazımi formada gedə biləcəyik. Amma oyunlar heç də asan olmayacaq. Düzdür, yarışa nisbətən asan - Estoniya ilə matçla başlayacağıq. Lakin çempionata vəsiqə verən qrup qalibinin adı Azərbaycan millisi ilə oyunda müəyyənləşməlidir. Komandamız kağız üzərində fovaritdir. Amma biz bilirik ki, onları öz meydanlarında məğlub etmək çox çətindir. Buna baxmayaraq, oyun səviyyəsi də var. Hesab edirik ki, onlarla qarşılaşmada bunu ortaya qoya biləcəyik”.