"Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımıza uğurlar arzulayıram".
Bu sözləri Azərbaycan İdman Akademiyasının idman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov bildirib.
O, hər zaman olduğu kimi, bu dəfə də ən böyük ümidlərin güləşçilərə olduğunu deyib.
"Amma bu, o demək deyil ki, başqa idman növlərində nəticə olmayacaq. İnanıram ki, bütün idman növlərində yaxşı nəticələr əldə olunacaq. Güləşçilərin hər zaman olduğu kimi, üzərinə böyük məsuliyyət düşür. İdmançılar da bu məsuliyyəti yaxşı dərk edirlər. Bu da idmançılara əlavə stimul verir. İdmançılarımız olimpiadaya hazırlıq üçün lazımı təlim-məşq toplanışları və yarışlarda iştirak ediblər. Statistikaya baxsaq deyə bilərik ki, güləşçilərimiz olimpiadadan qənaətbəxş nəticələrlə qayıdacaq. Təbii ki, hər kəsi qızıl medal maraqlandırır. Düzdür, Olimpiya Oyunlarının hər bir medalı dəyərlidir. Amma qızıl medal həm də ona görə dəyərlidir ki, həmin an ölkənin dövlət himni səsləndirilir. Paris-2024-də hər bir idmançımıza qızıl medal qazanaraq, bayrağımızı yüksəklərə qaldırmağı və himnimizi səsləndirməyi arzu edirəm".
Qeyd edək ki, Azərbaycan komandası Paris Olimpiadasının güləş yarışlarında 12 idmançı ilə təmsil olunacaq.