Qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi Estoniya yığması yekun heyətini açıqlayıb. Baş məşqçi Peeter Vatra ilk təlim-məşq toplanışından sonra Bakıya gətirəcəyi 12 nəfəri müəyyənləşdirib. Belə ki, o, bu gün start götürəcək hazırlığın sonuncu mərhələsində Elise Hollas, Maarja Kerner, Triin Kuusk, Keyu Pölluveer, Anna-Liisa Sutt və Krista Vahteri düşərgədən kənarlaşdırıb. O, yanvarın 3-5-də Bakıda keçiriləcək qrup oyunlarında Natalya Bratuhhina, Polina Bratuhhina, Anu Ennok, Mari-Liis Qraumann, Liis Kullerkann, Yuliya Mönnakmae, Kristel Mur, Elisa Peyt, Nette Peyt, Merilin Salben, Kadri Siro və Pille Vatraya şans verəcəyini açıqlayıb. Rəqib komanda ölkəmizə gəlinədək Tallinndə məşq edəcəklər. Rəqibimiz hətta Belarus millisini də təlim-məşq toplanışına dəvət edib və onlarla 3 yoxlama görüşü keçirəcək. Qeyd edək ki, qrupumuzda Estoniya komandası ilə yanaşı, Serbiya və İsrail yığmaları da yer alıblar.