Ali futbol qurumu 2014-cü ildə beynəlxalq oyunları idarə edəcək hakimlərin siyahısını təsdiqləyib. FİFA 19 azərbaycanlı hakimə də etimad göstərib. Onlardan üçü baş hakimdir. Əliyar Ağayev, Rəhim Həsənov və Anar Salmanovdan ibarət "üçlük”də dəyişiklik olmayıb. Təsdiqləndiyi rəsmən açıqlanan FİFA hakimlərimizin siyahısında artım qeydə alınıb. 2013-cü ildə 18 azərbaycanlı hakim beynəlxalq oyunlara təyinat alırdısa, 2014-cü ildə bu rəqəm 19-a çatacaq.
Bu atım qadın referilərinin sayındakı dəyişikliklə bağlıdır. Belə ki, artıq 1 deyil, 2 xanım beynəlxalq görüşləri idarə edəcək. Siyahıdakı yeni ad isə Fəridə Lütfəliyevadır.
19 nəfərlik siyahıda daha 3 yeni ad var. Lakin onlar öz mövqelərində başqasını əvəzləyiblər. Artıq neçə illərdir yan xətt hakimi kimi Avropa meydanlarında ədalətin qoruyan Mehman Mahmudov bundan sonra yalnız daxili arenada iş başında olacaq. 2006-cı ildən FİFA dərəcəsi olan təcrübəli laynsmanı bu siyahıda Rza Məmmədov əvəzləyib.
Hakimlikdən qovulan Elçin Məmmədov isə futzal hakimləri siyahısını tərk edib. Onun kənarda qalmasından sonra boşalan yerə Xəlil Hüseynli sahib çıxıb.
Qadın laynsmanların siyahısında da dəyişiklik nəzərə çarpır. Burada Yuliya Larionova siyahını tərk edib. Onun əvəzinə beynəlxalq oyunlarda Xəyalə Əzizzadə ədaləti qorumalıdır.
2014-cü il üçün
FIFA referilərinin siyahısı
FİFA referiləri: Əliyar Ağayev, Rəhim Həsənov, Anar Salmanov;
FİFA referi köməkçiləri: Yaşar Abbasov, Zeynal Zeynalov, Vaqif Musayev, Mübariz Haşımov, Namiq Hüseynov, Rza Məmmədov;
Futzal üzrə FİFA referiləri: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov, Xəlil Hüseynli;
Çimərlik futbolu üzrə FİFA referiləri: Əfqan Həmzəyev, İnqilab Məmmədov;
Qadın FİFA referiləri: Səbayel Qurbanova, Fəridə Lütfəliyeva;
Qadın FİFA referi köməkçiləri: Gülyana Güvəndiyeva, Xəyalə Əzizzadə.