Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” yarışında uğurla çıxış edib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, 2011-2012-ci il təvəllüdlü 128 idmançı arasında yarışan tennisçi təsnifat mərhələlərini inamla adlayaraq mükafatlar uğrunda mübarizə aparıb.
1/16 finalda fransalı, 1/8 finalda bolqarıstanlı, 1/4 finalda digər fransalı rəqibinə qalib gələn idmançı yarımfinalda rumıniyalı rəqibinə uduzsa da, 3-cü yer uğrunda görüşdə Çexiya təmsilçisini üstələyərək yarışın bürünc medalına layiq görülüb.
Kiçik Avropa çempionatı da adlandırılan yarışdakı digər təmsilçimiz Yağmur Məmmədli isə 96 iştirakçı arasında 12-ci yeri tutub.