Azərbaycan Deflimpiya Komitəsi və Atıcılıq Federasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
İmzalanma mərasimində komitədən baş katib Namiq Novruzov, İdarə Heyətinin üzvü Sahib Gülməmmədov və idman şöbəsinin əməkdaşı Asxab Kalayev, federasiyadan isə vitse-prezident Zemfira Meftahətdinova, vitse-prezident Tofiq Bəylərov, baş katib Emin Cəfərov və baş məşqçi İradə Aşumova iştirak ediblər.
N.Novruzov çıxışında beynəlxalq deflimpiya hərəkatı və Beynəlxalq Karlar İdman Komitəsi barədə ümumi məlumatı təqdim edib. Eyni zamanda, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb olunmasının kütləviliyinin təmin edilməsinin, onların idman vasitəsilə sosial həyata inteqrasiya etmələrinin dəstəklənməsi istiqamətində görülən işlər və planlar barədə məlumat verərək Atıcılıq Federasiyası ilə də qarşılıqlı əməkdaşlığın gələcəkdə yeni uğurların təməlini qoyacağına inandığını bildirib.
Z.Meftahətdinova bildirib ki, tərəflər arasında əməkdaşlıq inklüziv idmanın inkişafı istiqamətində mühüm addımdır. Həmçinin imzalanan memorandumun mövcud əməkdaşlığın genişləndirilməsinə, idman əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsinə əlavə imkanlar açacağını vurğulayıb. Daha sonra baş katib Emin Cəfərov federasiya tərəfindən eşitmə məhdudiyyətli şəxslərin atıcılığın hər iki növünə cəlb edilməsi, Bakı Atıcılıq Mərkəzində keçirilən təlim-məşqlərdə, bir çox aktiv fəaliyyətlərdə iştirak etməsi, peşəkar müəllimlər tərəfindən xüsusi dərslərin keçirilməsi və onların yarışlara hazırlığı zamanı lazım olan avadanlıqların, infrastrukturların təmin edilməsi üçün hər cür şəraitin yaradılacağını söyləyib. Federasiyanın vitse-prezidenti Tofiq Bəylərov isə birgə əməkdaşlıq çərçivəsində atıcılıq idman növünə marağı və bacarığı olan eşitmə məhdudiyyətli şəxslərin cəlb edilməsi məqsədilə müxtəlif məktəb və tədris mərkəzlərində infosessiyalar, məlumatlandırma kampaniyalarının təşkil ediləcəyini diqqətə çatdırıb.
Memoranduma əsasən, hər iki qurum ölkədə deflimpiya hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcək.