Estoniyalı idmançı, ip üzərində gəzmək üzrə üçqat dünya çempionu Yaan Ruz Türkiyənin İstanbul şəhərində Bosfor boğazını iplə keçib.
"Hürriyet" nəşrində yer alan məlumata görə, bu, tarixi idman hadisəsi kimi hesab olunur. Belə ki, estoniyalı akrobat ip üzərində bir qitədən digərinə keçən ilk şəxs olub. İdmançı Asiya ilə Avropanı ayıran Bosfor boğazını uğurla qət edib.
Nəşrin məlumatına görə, keçidin uzunluğu 1000 metrdən çox, hündürlüyü isə 165 metr olub. İdmançı bu yolu qət etmək üçün təxminən 47 dəqiqə sərf edib. Sonda o, tarixə düşdüyü üçün xoşbəxt olduğunu bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Yaan Ruz Bakıda məşhur "Flame Towers" ("Alov Qüllələri") arasında da ip üzərində gəzib.