Voleybol üzrə ölkə kuboku və Yüksək Liqa yarışlarının püşkatma mərasimi keçirilib

Voleybol üzrə ölkə kuboku və Yüksək Liqa yarışlarının püşkatma mərasimi keçirilib

Oktyabrın 9-da voleybol üzrə qadınlar və kişilər arasında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil edilən ölkə kuboku və Yüksək Liqa yarışlarının püşkatma mərasimi keçirilib.

"Hyatt Regency" hotelində təşkil edilən tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev, baş katib Faiq Orucov, federasiyanın idarə heyyətinin üzvləri, federasiyanın əməkdaşları, klub rəhbərləri, nümayəndələri və jurnalistlər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan federasiyanın prezidenti Şahin Bağırov iştirakçıları salamlayaraq AVF-nin fəaliyyətinə dair təqdimatla çıxış edib. O, ölkə çempionatının ötən mövsümünün yekunları, eləcə də regionlarda voleybola marağın artırılması, uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirilən layihələr və il ərzində görülən digər işlər barədə ətraflı məlumat verib.

Tədbirdə voleybolla bağlı, həmçinin ötən mövsümün yekunlarına və keçirilən tədbirlərə həsr olunmuş videoçarxlar nümayiş edilib.

Sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçiriləcək qadınlar və kişilər arasında ölkə kuboku və Yüksək Liqa yarışları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ölkə kuboku qrup (iki qrup) və pley-off mərhələlərindən ibarət olacaq. Çempionatda isə komandalar dairəvi sistem üzrə dörd dövrədə və pley-off mərhələsində mübarizə aparacaqlar.

Yarışların keçirilmə qaydaları ilə bağlı təqdimatdan sonra püşkatma mərasiminə start verilib. Kişi və qadın voleybolçular arasında Azərbaycan Kubokunda iştirakçılar hərəsində 3 komanda olmaqla A və B qruplarına bölünüblər. Həm qadınlar, həm də kişilərin yarışında 6 komanda mübarizə aparacaq.

Qadınlar

A qrupu: "Azərreyl, UNEC, "Gəncə"

B qrupu: "Abşeron", "Murov Az Terminal", "Milli Aviasiya Akademiyası".

Kişilər

A qrupu: "Gənclər" (Sumqayıt), "Azərreyl", "Neftçi"

B qrupu: "Xilasedici", MOİK, "Murov Az Terminal".

 

Sonra qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

Qadınlar

I tur

"Gəncə" - "Abşeron"

“Milli Aviasiya Akademiyası” - “Azərreyl"

"Murov Az Terminal" - UNEC

Kişilər

I tur

"Murov Az Terminal" - MOİK -

"Neftçi" - "Azərreyl"

"Gənclər" - "Xilasedici"

Qeyd edək ki, oyunlar (ev-səfər prinsipi ilə) 2 dövrədən ibarət olmaqla dairəvi sistemdə keçiriləcək. Birinci dövrənin yekununa əsasən, ilk 4 yeri tutan komandalar pley-offa vəsiqə qazanacaqlar. Bu mərhələnin matçları bir görüşdən ibarət olacaq.

Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.

Voleybol üzrə ölkə kuboku və Yüksək Liqa yarışlarının püşkatma mərasimi keçirilib Voleybol üzrə ölkə kuboku və Yüksək Liqa yarışlarının püşkatma mərasimi keçirilib Voleybol üzrə ölkə kuboku və Yüksək Liqa yarışlarının püşkatma mərasimi keçirilib