Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə, Aşağı Köndələnçay su anbarında avarçəkmə üzrə "Mingəçevir Reqatası-2024"ün rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəhbəri Vüqar Əhmədov, AKAF-ın baş katibi Fərhad Əliyev, xarici qonaqlar, federasiya rəhbərləri, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra iştirakçı ölkələrin təqdimatı olub.
Mərasimi giriş sözü ilə açan Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları işğaldan azad edilmiş torpaqlarda salamlayaraq turnirin əhəmiyyəti barədə danışıb.
"Bu gün işğaldan azad edilmiş Füzuli şəhərinin ikinci dəfə şəhər günü qeyd edilir. Bununla bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Füzuli şəhərində ilk dəfə olaraq beynəlxalq turnirin keçirilməsi şəhər günündə keçirilən tədbirlərə əlavə rəng qatır. Buna görə turnirin təşkilində əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Dörd il bundan əvvəl Füzuli şəhəri rəşadətli ordumuz tərəfindən 30 illik işğaldan azad edildi, xalqımız doğma torpaqlarına qovuşdu. Füzuli şəhəri bu gün artıq abadlıq işlərindən sonra mötəbər beynəlxalq yarışlara ev sahibliyi edir", - deyə Emin Hüseynov bildirib.
Gənclər və idman naziri Fərid Qayıbov bütün qonaqları nazirliyi adından salamlayıb. Nazir tarixi torpağımız Füzulidə təşkil olunan turnirin əhəmiyyəti barədə danışıb.
Çıxışının sonunda turnir iştirakçılarına uğurlar arzulayan Fərid Qayıbov yarışları açıq elan edib.
Rəsmi hissə başa çatdıqdan sonra iştirakçı ölkələrin nümunəvi çıxışları olub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasinin təşkilatçılığı ilə keçirilən “Mingəçevir Reqatası-2024”də Azərbaycanla yanaşı, daha 11 ölkə - Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparır.
Yarışa oktyabrın 18-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində yekun vurulacaq.
Məlumat üçün bildirək ki, “Mingəçevir Reqatası” 1970-ci ildən etibarən ümumittifaq status alıb. Bu turnirdə keçmiş SSRİ avarçəkənləri ilə yanaşı, Bolqarıstan, Çexoslovakiya və Kuba təmsilçiləri də iştirak ediblər. Reqata həmçinin müstəqillik illərində də təşkil olunub. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası koronavirus pandemiyasından sonra bu ənənəvi turniri yenidən bərpa edib.
Xatırladaq ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Suqovuşandan sonra ilk dəfə Füzulidə beynəlxalq yarış təşkil edir.
Ənənəvi "Mingəçevir Reqatası" və ümummilli lider Heydər Əliyevin anadan olmasının il dönümünə həsr edilən "Prezident Kuboku" reqatası daha əvvəl Suqovuşan və Mingəçevirdə təşkil edilmişdi.