Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasinin təşkilatçılığı ilə keçirilən "Mingəçevir Reqatası-2024” beynəlxalq turnirində ikinci yarış gününə yekun vurulub.
Füzulidə yerləşən Aşağı Köndələnçay su anbarında təşkil olunan yarışın ikinci günündə Azərbaycan idmançıları daha iki medal qazanıblar.
Təmsilçilərimizdən Amil Ramazanov qızıl, Cavid Vəlizadə isə bürünc medala sahib çıxıb.
A.Ramazanov 2006-2007-ci illər təvəllüdlü idmançıların mübarizəsində 200 metr məsafəyə kayak qayığında bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
C.Vəlizadə isə 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə kanoe yarışında üçüncü yeri tutub.
Qaliblərin mükafatlandırma mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibi Azər Əliyev də iştirak edib.
Bununla da Azərbaycan idmançılarının beynəlxalq reqatada qazandığı medalların sayı 11-ə çatıb.
Xatırladaq ki, Mingəçevirdə təşkil olunan yarışın ilk günündə avarçəkənlərimiz 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanmışdılar.
Beynəlxalq reqataya oktyabrın 18-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi ilə yekun vurulacaq.