Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Bakının Biləcəri qəsəbəsində yerləşən “Lokomotiv” İdman Cəmiyyətinin güləş bölməsi zəruri inventarla təmin edilib və maddi-texniki dəstək verilib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qurum nümayəndələri zəngin güləş ənənələri olan bölmədə yaradılmış şəraitlə tanış olublar.
AGF İcraiyyə Komitəsinin üzvü, Olimpiya və 3 qat Avropa çempionu Namiq Abdullayev, sərbəst güləş üzrə U-20 millisinin böyük məşqçisi, müstəqillik tariximizin ilk dünya çempionu Arif Abdullayev, yunan-Roma güləşi üzrə U-20 yığmasının məşqçisi, olimpiya mükafatçısı Emin Əhmədov və AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov çıxış ediblər. Onlar “Lokomotiv”in güləş ənənələrini xatırladıb və federasiyanın dəstəyindən sonra yenidən bu məktəbdə nüfuzlu yarışların qalib və mükafatçılarının yetişəcəyinə inandıqlarını bildiriblər.
Hazırda məşqçilər Fuad Aydınlı, Amil Məmmədov, İbrahim Hadıyev və Həbib Nurulunun rəhbərliyi altında yunan-Roma və sərbəst güləş üzrə bütün yaş qrupları üzrə 150-dən artıq idmançı “Lokomotiv”in güləş bölməsində fəaliyyət göstərir.
Qeyd edək ki, bu məktəbin yetirmələri Zaur Əliyev, Tural Əhmədov, Əsmər Cankurtaran, Fatimə Bayramova, Xudayar Kərimov, Elşad Abbasov, Nihat Məhərrəmov və Gülnar Ağadadaşova nüfuzlu yarışların qalib və mükafatçısı olublar.